Məhkəmə qərarları › İş №3(020)-437/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-437/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-437/2024 05.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: xx xxxx 1992-ci ildə Beyləqan rayonun Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də usta köməkçisi vəzifəsində işləyən, Beyləqan rayonun Bünyadlı kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 05 iyun 2024-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli MN № ******* saylı Protokol daxil olmuşdur. Həmin Protokolda qeyd edilir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra sənədində göstərilən tələbləri tam təmin etmir və icra məmurunun tələblərini tam şəkildə icra etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalı, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 3(üç) yaşa çatanadək hər ay 50 manat məbləğində aliment tutulmalıdır. Borclu tərəfindən ödəniş edilsə də, lakin tam məbləğdə ödəniş edilmir. Bununla əlaqədar borcluya xəbərdarlıqlar edilmişdir. Şəxs həmin icra sənədi üzrə bu günədək 1290 manat ödəniş etmiş və 3982 manat aliment borcu yaranmışdır. Ona görə də, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, ondan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 3(üç) yaşa çatanadək hər ay 50 manat məbləğində aliment X3 xeyrinə tutulmalıdır. İlk növbədə onu qeyd edir ki, o, həmin qətnamədən uşaqların onun himayəsinə verilməsi və tutulan alimentin miqdarının azaldılması ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət etmiş və hal-hazırda onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Eyni zamanda o, rəsmi olaraq işləyir və əmək haqqısı 350 manat təşkil etdiyindən, ondan tutulmalı olan 436 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur və əmək haqqına uyğun olaraq icra vərəqəsi üzrə mütəmadi ödənişlər edir. Ona görə də, təqsiri olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalı, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 3(üç) yaşa çatanadək hər ay 50 manat məbləğində aliment tutulmalıdır. İcraata başlamaq haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 03 oktyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 13 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı alır. Ona görə də, Şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay aylıq əmək haqqından 70 % faiz həcmində, borc bitdikdən sonra isə icra vərəqəsi üzrə hər ay 386 manat və xx.xx.2021-ci il təvəllüdlü Rəsul adlı uşağın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulmasına, tutulmuş məbləğin isə tələbkarın hesabına köçürülməsi barədə Beyləqan rayon icra və probasiya şöbəsinə rəsmi məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(103)-1602/2024 saylı qərardadından görünür ki, Şəxs, eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin uşaqların ananın yanında qalması və aliment tələbi hissəsində ləğv edilməsi ilə bağlı qətnamə qəbul edilməsini, iddiaçının iddiasının uşaqların ananın yanında qalması və aliment tələbi hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini və işə baxan məhkəmə tərəfindən ərazi aidiyyətinin pozulmasına hüquqi qiymət verilməsini xahiş etmiş və həmin qərardadla iş üzrə məhkəmə psixoloji ekspertizası təyin edilmiş, eyni zamanda mülki iş üzrə xx.xx.2015ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 valideynlərdən kimin yanında qalmasının uşaqların mınafeyinə uyğunluğu ilə əlaqədar rəy verilməsi üçün sənədlərin surətləri Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Beləliklə də, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu tərəfindən müvafiq ödənişlər edilmiş və borclunun rəsmi iş yeri var,bununla əlaqədar İcra Şöbəsi tərəfindən rəsmi iş yerinə müraciət edilmiş və eyni zamanda borclu Şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnamədən apellyasya şikayəti verilmiş və iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Bakı şəhər Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü tarixli MN № ******* saylı Protokol və ona əlavə edilmiş sənədlərlə borclunun həmin icra sənədi üzrə yaranmış aliment borcunun üzürsüz səbəbdən ödənilmədiyi təsdiq olunmur. Belə ki, həmin protokoldan da müəyyən edilir ki, borclu icra vərəqəsi üzrə ödənilməli olan alimentdən ödənişlər etsə də, tam olaraq icra edilmir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olduğunu, tələbin yönəldilməsi mümkün olan əmlakını və pul vəsaitini gizlətməsini, habelə borcu tam ödəmək imkanı olduğu halda kiçik məbləğdə ödəniş etməsini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Bunun əksinə olaraq borclu Şəxs əmək haqqının 350 manat olduğunu, icra vərəqəsində qeyd edilən 436 manat məbləğdə alimenti tam olaraq ödəyə bilmədiyini və əmək haqqına uyğun olaraq ödənişlər etdiyini və eyni zamanda alimentin azaldılması ilə bağlı apellyasiya məhkəməsinə müraciət etdiyini bildirmişdir. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 05 iyun 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1036/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 05 iyun 2024cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar