Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-471/2024 13.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1954-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, təqaüdçü, İmişli rayonu Buludlu kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 07:30 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, özünə məxsus “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi rayonu, Mehrablı kəndindən Beyləqan rayonu Yuxarı Kəbirli kəndi avtomobil yolunun Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisindən keçən hissəsi istiqamətində hərəkətdə olarkən Örənqala qəsəbəsi ərazisində yerləşən yol ayrıcından, baş yolla Örənqala qəsəbəsindən Yuxarı Kəbirli kəndi istiqamətində hərəkətdə olaraq yol ayrıcına yaxınlaşan X1 hüququ olmaqla 80 km/saat sürətlə idarə etdiyi özünə məxsus “Vaz 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol vermədən baş yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin sol ön hissəsi ilə X7 idarə etdiyi avtomobilin sol ön hissəsindən vurmuş, nəticədə “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almasına və yol-nəqliyyat hadisəsi iştirakçısı olmuş hər iki avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən 06 iyun 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələrinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Bundan sonra Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin YNH üzrə inspektoru polis kapitanı X5 tərəfindən tərtib edilmiş 12 iyun 2024-cü il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdirmişdir. Belə ki, Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsinin araşdırmasından sonra icraatına daxil olmuş iş materiallarına əsasən onu “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ikinci dərəcəli yoldan baş yola çıxmış, “Vaz 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sürət həddini aşdığına görə yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı “Lada-21214” markalı, **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Avtotexniki ekspertizanın rəyinə əsasən avtomobillərdən biri baş yola çıxdığına görə, digər avtomobil isə sürət həddini aşdığına görə hər iki avtomobilin sürücüsü təqsirli bilinmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:30 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Mehrablı kəndində yaşayan qohumlarının evindən həyat yoldaşı X3 ilə birlikdə İmişli rayonu Buludlu kəndində yerləşən yaşadığı evə gedən zaman Beyləqan rayonu Örənqala kəndi yolundan Yuxarı Kəbirli yoluna çıxan yol ayrıcına çatdıqda baş yola çıxmamışdan qabaq sağa-sola baxmış və həmin vaxt Örənqala kəndi istiqamətindən “Vaz 21063” markalı avtomobilin gəldiyini görmüşdür. Lakin həmin avtomobilin yol ayrıcına çatmağına xeyli məsafə olduğundan öz yolundan həmin baş yola, yəni Örənqala-Yuxarı Kəbirli yoluna çıxaraq Örənqala kəndi istiqamətində dönməyə başlamışdır. O, Örənqala kəndinə dönərkən “Vaz 21063” markalı avtomobilin ona sürətlə yaxınlaşdığını görmüşdür. İdarə etdiyi avtomobili yolun boş hissəsinə çıxarmasına baxmayaraq “Vaz 21063” markalı avtomobil onun yoluna çıxmış və onun idarə etdiyi “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsindən vurmuşdur. Həmin vaxt yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün boş yola çıxsa da “Vaz 21063” markalı avtomobil onun yoluna çıxaraq onu vurmuşdur. Qəza nəticəsində idarə etdiyi avtomobildə olan həyat yoldaşı Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Hadisədən sonra dərhal hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:30 radələrində həyat yoldaşı Şəxs ilə həyat yoldaşının idarə etdiyi “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi rayonu, Mehrablı kəndindən Beyləqan rayonu Yuxarı Kəbirli kəndi avtomobil yolunun Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisindən keçən hissəsi istiqamətində hərəkətdə olarkən “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gələrək həyat yoldaşının idarə etdiyi avtomobili vurmuşdur. Qəza zamanı xəsarət almışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən xx.xx.2024cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisə ilə bağlı araşdırma aparılmış, aparılmış araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.8-ci maddələrinin əlamətləri olduğundan barəsində həmin maddələr ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA X12 şəxs Beyləqan rayon şöbəsinin rəisi ekspert X6 tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 23 mart 2024-cü il tarixli, 221/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs alın nahiyəsində əzilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamğlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Lada-21214” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını aımağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 77-ci maddəsinin İ hissəsinə əsasən Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-471/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-471/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver