Məhkəmə qərarları › İş №3(020)-492/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-492/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-492/2025 23.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1952-ci il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 23 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 22 iyul 2025-ci il tarixdə saat 07:20 radələrində Beyləqan şəhərinin Magistral küçəsində polis əməkdaşlarının ünvanına uca səslə nalayiq sözlər deməsi, həmin hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etməsi nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Beyləqan RPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan RPŞ-nin polis sahə rəisi X3 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs 22 iyul 2025-ci il tarixdə saat 07:20 radələrində Beyləqan şəhərinin, Magistral küçəsində özünəməxsus “Nissan” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydalarını pozduğuna görə həmin ərazidə xidmətdə olan Beyləqan rayon polis şöbəsinin Yol polisi bölməsinin əməkdaşları X5 və X4 qanuni tələblərinə tabe olmayaraq, onların ünvanına nalayiq ifadə işlədib, avtomobili idarə edərək getmişdir. Lakin, sonradan qeyd olunan polis əməkdaşları tərəfindən görülmüş qanunauyğun tədbirlər nəticəsində şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilib və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin X12 bölməsinin inspektoru X5 izahat verərək göstərmişdir ki, 22 iyul 2025-ci il tarixdə saat 07:20 radələrində Beyləqan şəhərinin, Magistral küçəsində xidmətdə olduqları zaman Şəxs özünəməxsus “Nissan” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydalarını pozduğuna görə onunla post yoldaşı X4 qanuni tələblərinə tabe olmayaraq, kənar şəxslərin olduğu ictimai yerdə onların ünvanına nalayiq ifadə işlədib, avtomobili idarə edərək getmişdir. Lakin, sonradan tərəfimizdən görülmüş qanunauyğun tədbirlər nəticəsində şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilib və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin X12 bölməsinin inspektoru X7 T.E.İbrahimli ilə eyni məzmunlu izahat verərək onun qeyd etdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü müdafiə xarakterli izahat verərək göstərmişdir ki, o, 22 iyul 2025-ci il tarixdə saat 07:20 radələrində Beyləqan şəhərinin, Magistral küçəsində özünəməxsus “Nissan” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, yol polisinə məxsus avtomobilin yolda olduğunu görüb onun kənarından manevr edib keçmişdir. Bundan sonra yol polisinin əməkdaşları ona yaxınlaşaraq, elektron sistem vasitəsilə avtomobilə məxsus sənədlərin düzgünlüyünü yoxlayaraq, spirtli içki içib-içməməsini yoxlamaq istədiklərini dedikləri zaman o, içmədiyini deyib, avtomobili sürüb getmişdir. Lakin, bir neçə metr getdikdən sonra işıqforun qırmızı işığında məcburi dayandığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. O, qeyd olunanları nəzərə alaraq barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarına əsasən xuliqanlıq niyyəti şəxsin özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərməkdə ifadə olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına görə ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Hazırki, hadisə zamanı V.Q.X9 Polisi əməkdaşlarının ünvanına ictimai yerdə nalayiq ifadələr işlədərək həmin yeri tərk edib getməsi məhz, onun kənarda olan şəxslərə münasibətdə öz eqoizmini nümayiş etdirmək, onlara qarşı hörmətsizlik etməkdə ifadə edilmişdir. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəmə iclasında tərəflərin verdikləri izahatlardan məlum olur ki, Şəxs 22 iyul 2025-ci il tarixdə saat 07:20 radələrində X12 əməkdaşları tərəfindən verilmiş “Saxla” tələbinə riayət edərək avtomobilini saxlamış, lakin sonradan öz əməlində heç bir qanun pozuntusunun olmadığını və polis əməkdaşları tərəfindən səbəbsiz saxlanıldığını düşünüb, ictimai yerdə onların ünvanına nalayiq ifadələr işlətmişdir. İXM-in 535.1-ci maddəsinin təbiətindən görünür ki, hər hansı bir şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini icra etiyi anda onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş üzrə aparılmış araşdırmadan isə görünür ki, Şəxs hadisə zamanı polis əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icrası zamanı verilmiş tələblərə tabe olmuşdur. Lakin, yuxarıda qeyd olunduğu kimi sonradan onların ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə də, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə aid hissədə xitam verilməlidir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: İXM-in 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. İXM-in 30.2-ci maddəsinə görə altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə aid hissədə xitam verilsin. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar