Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-495/2024 01.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X9 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(020)-799/2026 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2016-cı ildən başlayaraq Şəxs hər ay qazancının yarısı miqdarında aliment tutularaq xx.xx.2011-ci ildə anadan olmuş X5, xx.xx.2013-cü ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X2 üçün uşaqların anası Qurbanova (Kərimli) Afaq Adil qızına ödənilməlidir. İş üzrə icra sənədi icraata daxil olduqdan sonra 30 avqust 2016-cı ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin könüllü icrası üçün Şəxs vaxt verilmişdir. Şəxs həmin vaxt MN-nin N saylı hərbi hissəsində xidmət etdiyindən alimentin ödənilməsi Şəxs əmək haqqısına yönəldilmiş və aliment vaxtlı-vaxtında ödənilmişdir. 44 günlük ikinci qarabağ müharibəsindən sonra Şəxs ordu sıralarından tərxis olduğundan sonra, yəni 2022-ci ilin aprel ayından bugünədək icra sənədi üzrə alimentdən heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə alimenti ödəmədiyinə görə Şəxs barəsində İXM-nin 528-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq Beyləqan Rayon Məhkəməsinə verilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)-808/2023 nömrəli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati qaydada cərimə olunduqdan sonra Şəxs ünvanına müxtəlif vaxtlarda icra sənədinin icrası ilə əlaqədar bildirişlər göndərilmiş, icra şöbəsinə dəvət olunmuşdur. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq Şəxs barəsində 09 aprel 2024-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş və icrası üçün Beyləqan rayon Polis şöbəsinə göndərilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Beyləqan rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İcra şöbəsində Şəxs hüquq və vəzifələri izah olunaraq izahat alınmış və icra sənədi üzrə aliment borcunu ödəməsi tələb olunmuşdur. Şəxs icra şöbəsində izahat verərək icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirdiyindənvə aliment borcu olduğundan Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra sənədindən xəbərdardır və həmin icra sənədi üzrə aliment 2022-ci ilin aprel ayına qədər vaxtlı-vaxtında onun əmək haqqından tutularaq tələbkara verilmişdir. Lakin 44 günlük vətən müharibəsindən sonra səhhətində yaranmış xəstəliklər səbəbindən ordu sıralarından tərxis olunmuş və bundan sonra icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanı olmamışdır. O, başqa iş üçün bir neçə yerə müraciət etmişdir, lakin səhhətində olan xəstəliklə əlaqədar olaraq sağlamlıq haqqında arayış ala bilmədiyinə görə işə düzələ bilməmişdir. Əlilliklə əlaqədar müraciətinə isə dövlət orqanından hələ də müsbət cavab ala bilməmişdir. Aliment öhdəliyini tam şəkildə icra etmək üçün maddi imkanı çatmır. Müharibə iştirakçısı olduğuna görə aylıq 80 manat müavinat alır. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(020)-799/2026 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı ildən başlayaraq Şəxs hər ay qazancının yarısı miqdarında aliment tutularaq xx.xx.2011-ci ildə anadan olmuş X5, xx.xx.2013-cü ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün uşaqların anası Qurbanova (Kərimli) Afaq Adil qızına ödənilməlidir. xx.xx.2016-ci il tarixli "İcraata başlamaq haqqında” qərardan görünür ki, Beyləqan rayon məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(020)-799/2026 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)-808/2023 nömrəli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Qurbanov X4 Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(020)-799/2026 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş üzrə materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Odur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, məlum icra vərəqəsi üzrə aparılan icra işi üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)- 808/2023 nömrəli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmiş borclu Şəxs barəsində yenidən eyni icra sənədi üzrə İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yəni hazırkı Protokoldan görünür ki, borclu Şəxs yenidən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən təqsirləndirilir. Belə ki, Şəxs tərəfindən barəsində inzibati tənbeh tətbiq edildikdən sonra da, icra sənədi üzrə heç bir ödəniş edilməmiş və inzibati tənbeh vermə haqqında həmin qərarın qanuni qüvvəyə minməsindən bir il ötməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilə bilərdi. Ona görə də, məhkəmə Şəxs əməlində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda nəzərdə tutulan İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqauyğun hesab edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göründüyü kimi, “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Maddənin məzmunundan da göründüyü kimi, əməldə cinayət tərkibi varsa, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati məsuliyyətə səbəb olan məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi əməlini cinayət məsuliyyətinə səbəb olan məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlindən fərqləndirən başlıca əlamət sonuncunun qərəzli olaraq törədilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. İşin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, borclu Qurbanov X4 Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli 2(020)-799/2026 nömrəli icra vərəqəsində göstərilən tələbin icra edilməməsinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)-808/2023 nömrəli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500(beş yüz) manat məbləğində cərimə edilmiş, daha sonra ona icra məmuru tərəfindən dəfələrlə rəsmi xəbərdarlıq edilmiş, məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin icra edilməsi üçün əlavə müddət verilmiş, lakin borclu Şəxs məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli 2(020)-799/2026 saylı icra vərəqəsində göstərilən tələbin icra edilməməsinin səbəbi borclu Şəxs qərəzli hərəkətləridir. Çünki, məhkəmə qərarında nəzərdə tutulmuş tələblər 2 ildən çox müddət ərzində icra edilməmiş, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilmiş, borclu məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilmiş, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1 -ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-495/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-495/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver