Məhkəmə qərarları › İş №3(020)-50/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-50/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-50/2025 23.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Beyləqan rayonu Aşağı Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Həmin Protokolda qeyd edilmişdir ki,”Beyləqan Rayon Məhkəməsinin 2(020)- 929/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 360 manat aliment tutulub,X3 ödənilməsi göstərilmişdir, hazırda 1980 manat aliment borcu var”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-929/2024 nömrəli qətnaməsinə əsasən Şəxs xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin alınaraq X3 ödənilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-929/2024 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs ümumulikdə 900 manat məbləğində aliment ödəmişdir. Həmçinin aliment ödəyən zaman icra sənədində göstərilən məbləğdə ödəmədiyinə görə 1980 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin alınaraq X3 ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən ona alimenti ödəməsi barədə xəbərdarlıq göndərildikdən sonra isə icra sənədi üzrə alimentdən 900 manat ödəmiş, sonucu dəfə isə sentyabr ayında 200 manat, oktyabr ayında 250 manat və dekabr ayında isə 200 manat məbləğində ödəniş etmişdir. O, hər ay müvafiq olaraq alimentdən maddi imkanı çatacaq dərəcədə ödənişlər edir. Hal-hazırda onun yığılmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur, o, başqa şəxslərə məxsus qoyunlara baxır və ona nə qədər pul verilsə, həmin pulu alimentin borcundan ödəyir. O, heç vaxt aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. O, yığılmış aliment borcunu hissə-hissə ödəyəcəkdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-929/2024 nömrəli qətnaməsinə əsasən Şəxs xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin alınaraq X3 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-929/2024 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. “Mpay” və “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 250 manat ödənişi X2 bank hesabına ödəmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-929/2024 nömrəli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-929/2024 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-929/2024 nömrəli qətnaməsi qəbul edildikdən sonra 900 manat məbləğində ödəniş edilmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, davamlı olaraq maddi imkanı çatdığı həddə ödənişlər etmiş və icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmişdir. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar