Məhkəmə qərarları › İş №3(020)-519/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-519/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-519/2024 18.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi Şikayət vermiş X2, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və həmin qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddəti üzrlü hesab etməklə bərpa edilməsini xahiş etmişdir. Buraxılmış prosesual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, 22 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin protokola əsasən ona heç bir bildiriş və xəbərdarlıq göndərilmədən və onun iştirakı olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən onu 500 manat cərimə etmişlər. Qərardan narazıdır. Barəsində qəbul edilmiş qərardan vaxtında xəbərdar olmadığına görə qərardan qanunla müəyyən olunmuş müddət ərzində şikayət verə bilməmişdir. Məhkəmə iclasında şikayətçi X5 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını və dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, o, savadsız olduğuna görə qərardan vaxtında şikayət verə bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 22 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilən zaman iştirak etmiş, izahat vermişdir, bu barədə inzibati xəta haqqında protokolda müvafiq qeyd aparılmışdır. Eyni zamanda məhkəməyə “poçt göndərişinin çatdırılması barədə” xəbərnaməni təqdim edərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar şikayətçiyə sifarişli poçt göndərişi əsasında göndərilmiş və xx.xx.2024-cü il tarixdə Əhmədov Turan imza etməklə qəbul etmişdir. Göstərilənlərə əsasən qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan ötürüldüyünə görə X5 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa olunmasına” dair vəsatət təmin edilməməli, şikayət ərizəsinə baxılmaqdan imtina edilməlidir. Belə ki, məhkəmə iclasına inzibati xəta haqqında işin araşdırılması zaman müəyyən olundu ki, şikayətçi X5 barəsində inzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib edilmiş və o izahat verərək tullantıların onun tərəfindən atılaraq qalaqlandığını və yandırıldığını bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli, Ç-BM/24824-051 nömrəli məktubundan görünür ki, sonuncuya barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol göndərilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxarılması ilə bağlı xx.xx.2024-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. Həmçinin, iş materiallarında olan xx.xx.2024-ci il tarixli, Ç-BM/4824-076 nömrəli məktubdan görünür ki, X3 xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti göndərilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş xəbərnamənin surətindən görünür ki, sözügedən məktub xx.xx.2024-cü il tarixdə Əhmədov Turan tərəfindən imzalanaraq qəbul edilmişdir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.2-ci maddəsinə əsasən, Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar xx.xx.2024-cü il tarixdə rəsmi qaydada şikayətçi X3 verilmiş hesab edilməlidir. İXM-nin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından şikayətçi sözügedən qərarı xx.xx.2022-ci il tarixə kimi mübahisələndirməli olduğu halda, inzibati tənbehvermə haqqında qərardan şikayət məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsində göstərilir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iclasında şikayətçi X5 inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesual müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməməli, buraxılmış prosessual müddət bərpa edilməməli və şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin . X5 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə verilmiş vəsatət təmin edilməsin. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar