Məhkəmə qərarları › İş №3(020)-527/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-527/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-527/2024 15.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işsiz, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində sürücülük hüququ olmadan sərxoş halda idarə etdiyi “Hyundai” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsində yerləşən “Lukoil Beyləqan 12F” Yanacaq Doldurma məntəqəsinin pompasına çırpılmışdır. X3 məntəqəsinin mühafizə zolağının dəmir borusu, 2 ədəd yanacaq vuran dolum aparatı və reklam lövhəsi yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı Beyləqan Rayon Polis X5 Polisi Bölməsinin YNH üzrə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 14 iyul 2024-cü il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat verilmiş və bundan sonra hadisə yerinə gedərək araşdırma apararaq Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində idarə etdiyi “Hyundai” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Beyləqan şəhəri magistral küçəsində yerləşən “Lukoil Beyləqan 12F” yanacaq doldurma məntəqəsinin pompasına çırpıldığını görmüşdür. Hadisədən sonra Şəxs sənədləri yoxlanılarkən onun avtomobili idarə etmək hüququnun olmadığı, həmçinin hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Bundan başqa “Lukoil Beyləqan 12F” yanacaq doldurma məntəqəsi tərəfindən Beyləqan rayon Polis şöbəsinə təqdim olunmuş arayışla baş vermiş hadisə zamanı yanacaq doldurma məntəqəsinə ümumilikdə 1550 (bir min beş yüz əlli) manat məbləğində ziyan dəyməsi barədə məlumat verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində idarə etdiyi “Hyundai” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ərazisində hərəkətdə olan zaman avtomobili yüksək surətlə idarə etdiyindən idarəetməni itirmiş və avtomobili yol kənarında olan “Lukoil Beyləqan 12F” yanacaq doldurma məntəqəsinin pompasına vurmuşdur. Bundan sonra hadisə yerinə Beyləqan rayon PŞ-nin DYPB-nin əməkdaşları gəlmiş və onu rayon PŞ-nə apararaq sərxoşluğun olub-olmamasını müəyyən etmək üçün şöbəyə həkim çağırmışlar. Müayinə zamanı onun sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etmişdir. Həmçinin avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Yol-nəqliyyat hadisəsi zamanı yanacaq doldurma məntəqəsinə dəymiş maddi zərəri ödəməmişdir və onun cərimə ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 334.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Lukoil Beyləqan 12F” Yanacaq Doldurma məntəqəsinin sahibi tərəfindən Beyləqan rayon polis şöbəsinə təqdim olunmuş arayışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Hyundai” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsində yerləşən “Lükoil Beyləqan 12F” Yanacaq Doldurma məntəqəsinin pompasına çırpılmış, X3 məntəqəsinin mühafizə zolağının dəmir borusu, 2 ədəd yanacaqvuran dolum aparatı və reklam lövhəsi yararsız vəziyyətə düşmüşdür. Ümumilikdə yanacaq doldurma məntəqəsinə 1550 (bir min beş yüz əlli) manat məbləğində ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli, 542 nömrəli sərxoşluğun müəyyən edilməsinə dair müayinə protokolundan görünür ki, hadisə zamanı Şəxs orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. AR DİN-nin DYP WEB portal çıxarışından görünür ki, Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin "nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, "nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikasının İXM-in 334.3-cü maddəsinə görə Bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həbs növündə tənbehin aşağı həddində tədbir tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdə, saat 15:15-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar