Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-530/2025 28.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Şikayət vermiş şəxs Quliyev Rasət Vəkil oğlunun iştirakı ilə, Quliyev Rasət Vəkil oğlunun İmişli Rayon Polis X7 Polis Bölməsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Quliyev Rasət Vəkil oğlu şikayətlə məhkəməyə müraciət edərək barəsində İmişli Rayon Polis X7 Polis Bölməsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə X1 məxsus, **-RT-*** dövlət qeydiyyat nişanlı “Opel Astra G Universal” markalı avtomobili **********648 nömrəli etibarnamə əsasında idarə edən zaman təxminən saat 11:59 radələrində İmişli– Bəhramtəpə avtomobil yolunda İmişli rayonu istiqamətində hərəkətdə olarkən Yol Patrul Xidməti (YPX) əməkdaşları xidməti avtomobillə ona “saxla” əmri vermişlər. O, saxla əmrinə tabe olaraq idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamışdır. YPX əməkdaşı yaxınlaşaraq özünü təqdim etmiş və ondan sənədlərin olub-olmamasını soruşmuş, daha sonra avtomobilin dövlət qeydiyyat nişanının guya dövlət standartlarına uyğun olmadığını bildirmişdir. Polis əməkdaşı ilə birlikdə avtomobildən düşərək qeydiyyat nişanlarını gözdən keçirmiş və nömrələrin tam qaydasında, standartlara uyğun olduğunu bildirmişdir. Bundan sonra YPX əməkdaşı avtomobilin arxa hissəsinə keçərək, səsboğucu qurğuda əlavə hissə olub-olmamasını soruşmuş, o, isə avtomobildə hər şeyin istehsalçı tərəfindən təchiz olunduğu kimi olduğunu və heç bir əlavə qurğu quraşdırılmadığını bildirmişdir. Həmin vaxt YPX əməkdaşı avtomobilin səs səviyyəsinin yüksək olduğunu bildirmiş, o, isə bu səviyyənin yalnız xüsusi cihazla ölçülərək, dövlət standartlarına uyğun olub-olmadığının müəyyən edilə biləcəyini bildirmişdir. Buna baxmayaraq YPX əməkdaşı ona İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən (mühərriki nasaz olan və bu nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) inzibati xəta törətdiyini bildirdi. O, isə belə bir nasazlığın vizual müşahidə ilə təyin olunmasının mümkün olmadığını əsaslandırmışdır. Bu zaman digər YPX əməkdaşı xidməti avtomobildən düşərək, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılacağını bildirmişdir. O, isə İXM-nin 96-cı maddəsinə istinad edərək nəqliyyat vasitəsinin duracağa aparılması üçün həmin maddədə nəzərdə tutulan hallardan heç birinin onun avtomobilinə aid olmadığını izah etmişdir. Buna baxmayaraq, etirazları nəzərə alınmadan YPX əməkdaşı onun avtomobilinə əyləşərək avtomobili özbaşına duracağa aparmışdır. Duracağa daxil olduqda heç bir akt tərtib edilməmiş, əksinə, qarşısına boş A4 vərəqi qoyularaq, guya avtomobildə dəyərli əşya və pulun olmadığını və nasazlığın yerində aradan qaldırılacağını yazmağım tələb olundu, o, isə avtomobildə nasazlıq olmadığını bildirərək yalnız dəyərli əşyaların olmadığını qeyd edib izahat vermişdir. Heç bir inzibati protokol tərtib edilmədən avtomobil duracağa yerləşdirildi. Bu anları təsdiqləyən video sübutlar mövcuddur. Daha sonra saat 12:09-da BDYP-nin 902 “qaynar xətti” ilə əlaqə saxlayaraq baş verənləri bildirmişdir. Operator ona polis şöbəsinə gedərək protokolun tərtib edilməsini və avtomobilin duracaqdan buraxılmasını tələb etməyi tövsiyyə etmişdir. Operatorun dediklərini etsə də, yenə də protokol tərtib olunmamışdır. Saat 12:51-də mobil telefonuaa İXP7290422 saylı inzibati protokolun tərtib olunması barədə bildiriş daxil olmuşdur. Bundan sonra saat 15:44-ə qədər 30 dəfə 902 qaynar xəttinə, 7 dəfə isə 102 xidmətinə zəng etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmiş,heç bir cavab verilmədi və onunla əlaqə saxlanılmamışdır. 902 xidməti şikayətinin rəisə məruzə olunduğunu bildirsə də, bu günədək (xx.xx.2025) heç bir səlahiyyətli şəxs onunla əlaqə saxlamamışdır. Duracağa yerləşdirildikdən sonra avtomobilin ön şüşəsindəki kiçik çatın da dəyişdirilməsinin tələb olunması hüquqi baxımdan əsassız idi. Ona görə ki, həmin çat nə təhlükə yaradırdı, nə də görünüşə mane olurdu. Üstəlik, avtomobili xx.xx.2025 tarixində 16661688 saylı texniki baxış talonu ilə uğurla texniki baxışdan keçirmişdir. Bütün bu izahat və etirazlarına baxmayaraq, YPX əməkdaşları ona protokolda “aşkarlanmış nasazlığı duracaqda aradan qaldırdım” ifadəsi ilə imza atdırdılar. Saat 11:59-dan 16:54-ə qədər olan vaxtda yaşadığım stress, uzun gözləmə və evinin 50 km məsafədə yerləşməsi səbəbilə o, protokola məcbur imza atmış və avtomobil duracaqdan buraxılmışdır. Həmçinin duracağa daxilolma və çıxma anlarını əks etdirən video görüntülər sübut edir ki, nəqliyyat vasitəsinə heç bir texniki xidmət göstərilməmiş, həmin duracaqda ümumiyyətlə texniki xidmət üçün şərait və avadanlıq mövcud deyil. Bundan əlavə iddia edilən nasazlıq yerində xüsusi texniki vasitə və ya ekspert rəyi ilə araşdırılmamışdır. Barəsində tərtib İXM-in 342.5-ci maddəsi tərtib olunan protokol yalnız texniki vasitələrin göstəriciləri və ekspert rəyi ilə əsaslandırılmalı, protokol subyektiv fikrə əsaslanmamalı, hüquqi və faktiki sübutlarla təsdiqlənməlidir. Bu hal isə mövcud deyildir. Göstərilənlərə əsasən barəsində İmişli rayon X10 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi Quliyev Rasət Vəkil oğlu şikayət ərizəsinin dəlillərinə uyğun izahat verib, İmişli Rayon PŞ-nin X10 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərarından şikayət verilmiş İmişli Rayon PŞ-nin X10 Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, məhkəmə işə qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İmişli rayonu Müşayiət-Eskort bölüyü YPX inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Quliyev Rasət Vəkil oğlu həmin tarixdə saat 12:03-də İmişli-Bəhramtəpə yolunda “Opel Astra” (minik) markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş İmişli Rayon Polis X7 Polisi Bölməsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Quliyev Rasət Vəkil oğlu Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı xx.xx.2025-ci il saat 12:03, yeri isə İmişli-Bəhramtəpə adlı ərazi kimi qeyd edilmişdir. Qeyd edilən xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü Quliyev Rasət Vəkil oğlu tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü, aşkar edilmiş nasazlığın hər hansı bir elektron qurğu vasitəsi ilə aşkarlanması ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində göründüyü kimi inzibati xətanın tərkibinin yaranması üçün nəqliyyat vasitəsində hər hansı bir nasazlıq deyil yalnız 1)xarici işıq cihazlarında 2) qabaq şüşənin şüşə silgəclərində və ya şüşəyuyanlarda 3)təkər və şinlərdə 4) mühərrikdə 5) o cümlədən konstruksiyasının digər ünsürlərində aşkar edilmiş nasazlıq olmalıdır. Lakin bu nasazlığın aşkar edilməsi özü özlüyündə xətanın tərkibini yaratmır, yəni nasazlıq aradan qaldırılması mümkün ola bilməyən nasazlıq kateqoriyasına aid edilməlidir. Qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsi ilə nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilsə də nasalığın hansı hallarda aradan qaldırılması mümkün olmayan kateqoriyaya aid edilməsi qanunvericiliklə birbaşa olaraq tənzimlənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, aşkar edilmiş nasazlığın aradan qaldırıla bilən olub-olmaması işin faktiki hallarından asılı olaraq qiymətləndirilməlidir. Eyni zamanda Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsinin 3-cü hissənə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5)Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıq qaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü Quliyev Rasət Vəkil oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə saat 12:03-də İmişli-Bəhramtəpə yolu adlanan ərazidə Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozması faktına görə İmişli rayonu Müşayiət-Eskort bölüyü YPX inspektoru olis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında İmişli Rayon Polis X7 Polisi Bölməsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla sürücü təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Lakin protokol və qararda müvafiq maddənin dispozitiv şərtləri ümumi olaraq göstərilməklə nəqliyyat vasitəsində hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş, əgər nasazlıq aşkar edilmişdirsə, eyni zamanda Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsində nəzərdə tutulmuş hansı nasazlığın aşkar edilməsi göstərilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. Bundan başqa protokolda nəqliyyat vasitəsində aşkar edilmiş nasazlıq və onun aradan qaldırıla bilməyən olması göstərilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş sürücü Quliyev Rasət Vəkil oğlunun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3- cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, İmişli Rayon Polis X7 Polisi Bölməsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Quliyev Rasət Vəkil oğlunun şikayəti təmin olunsun. İmişli Rayon Polis X7 Polisi Bölməsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-530/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-530/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver