Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-532/2025 08.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Beyləqan rаyоnu, İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Beyləqan rаyоnu, İmamverdilər kəndində qeydiyyatda olamaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bеyləqаn rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Bеyləqаn RİPŞ) daxil olmuş 08 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Bеyləqаn Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 08 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda borclu Şəxs (bundan sonra - borclu) Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli icra vərəqəsi əsasında ümumilikdə 1339.06 manat məbləğində pulu üzrsüz səbəbdən ödəmədiyi göstərilmişdir. Məhkəmə iclasında Beyləqan RİPŞ-nin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Eyni zamanda borclunun hazırda tələbkara ümumilikdə 1339.06 manat məbləğində borcu qalmışdır. Borclunun tələbkara həmin pul məbləğini birdəfəlik tamamilə ödəməməsi tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 08 avqust 2025-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra məmuru protokolu müdafiə etdiyini və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, onun tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1339 manat məbləğində borcu qalmışdır. İşlədiyi müddət ərzində nisbətən ödəmiş, işdən çıxdıqdan sonra isə ödəyə bilməmişdir. Tam ödəyə bilməməsinin səbəbi isə həm maddi imkansızlıq, həm də atasının olmaması və anasının isə xəstə olması və ona köməklik göstərməsi olmuşdur. Lakin, bundan sonra həmin borc məbləğini hissə-hissə olmaqla tam şəkildə icra edəcəkdir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Beyləqan RİPŞ-nin icra məmuru M.Z.Nəcəfov məhkəmə iclasında verdiyi izahatında göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 528.1-cimaddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Qeyd olunanlara əsasən iş üzrə Quluzadə X4 Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədlərində göstərilmiş pul məbləğini tələbkara ödəməməsinin üzrsüz səbəbdən olubolmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Beyləqan RİPŞ-nin icra məmuru M.Z.Nəcəfov və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdikləri izahatlar əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədləri üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 1339.06 manat məbləğində borcu qalmışdır. Qalan hissəni isə maddi vəziyyətinin zəif olması səbəbindən ödəyə bilməmiş, lakin qısa müddətdə ödəyəcəyinə söz vermiş, aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs icra sənədləri üzrə ödəməli olduğu pulun ödənilməmiş hissəsini ödəməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədləri üzrə qalıq qalmış pul borcunu üzrsüz səbəbdən deyil, maddi vəziyyətinin zəif olması səbəbindən tam ödəyə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 08 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 08 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərоv
Məhkəmə qərarları › İş №3(020)-532/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-532/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver