Məhkəmə qərarları › İş №3(020)-538/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-538/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-538/2024 26.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, FHN-nin Beyləqan rayonu X3 Hissəsində işləyən, Beyləqan şəhəri, M.Müşviq küçəsi ev 82-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində Beyləqan şəhəri magistral küçədə xidmətdə olan Beyləqan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 25 iyul 2024-cü il tarixdə Beyləqan rayon PŞ-də xidmətdə olduğu zaman PŞ-nə Beyləqan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşları tərəfindən vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan şəhəri magistral küçədə polisin qanuni tələbinə qəsdən tabe olmaması barədə raportla müraciət olunmuş və Şəxs barəsində protokol tərtib olunması üçün sənədlər ona təqdim olunmuşdur. Bundan sonra Şəxs və hadisə yerində olan YPX əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, atası Şahin Əliyev 4 dəfə böyrək əməliyyat keçiridiyinə görə avtomobil idarə edə bilmir, onun isə avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində atasına məxsus “Hyundai” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək atasının müalicəsi ilə bağlı aptekdən dərman almaq üçün Beyləqan şəhəri magistral küçədə yerləşən apteklərdən birinin qarşısında düşürmüşdür. Yol-hərəkət qaydalarına riayət etmək məqsədi ilə qoşa xəttin tələblərini pozmamaq üçün təyin olunmuş yerdən dönüb geriyə qayıdan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ərazidə xidmətdə olan YPX avtomobilində xidmətdə olan polis əməkdaşı ona saxla işarəsi vermişdir. O, avtomobili yolun kənarında saxlamış və polis əməkdaşı ona yaxınlaşaq özünü təqdim etmiş və ondan sənədləri təqdim etməsini tələb etmişdir. O, polis əməkdaşına heç bir sənədinin olmadığını bildirmiş və polis əməkdaşı avtomobilin duracağa yerləşdirilməsini ona bildirmişdir. O, polis əməkdaşına atasının aptekdə olduğunu və aptekdən çıxdıqdan sonra hara getmək lazm olduğunu bildirmişdir. Bu zaman YPX əməkdaşı avtomobilin açarına əl atmış və ona görə də onunla polis əməkdaşı arasında mübahisə baş vermişdir. Mübahisə zamanı atası onlara yaxınlaşmış və bu zaman polis əməkdaşlarından biri atasının sinəsindən geri itələmiş və atası yerə yıxılmışdır. Bundan sonra atasının yerə yıxılmasını görüb aqressiv hərəkətlər etmiş və polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Lakin həmin vaxt əsəbi vəziyyətdə olduğundan polislərə məhəl qoymamış və hərəkətlərinə davam etmişdir. Daha sonra polis əməkdaşları onu rayon PŞ-nə gətirmişlər. Himayəsində 1 azyaşlı uşağı var və həyat yoldaşı hamilədir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində cərimə ilə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində Beyləqan şəhəri magistral küçədə “Hyundai Tucson” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə YPX-i inspektorları Yusif İbrahimli və Mətləb Paşazadə ilə birlikdə xidmətdə olduqları zaman “Hyundai” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etdiyini görərək həmin avtomobilin sürücüsünə saxla işarəsi vermişdir. Sonradan şəxsiyyəti məlum olan sürücü Şəxs yaxınlaşmış və özünü təqdim edərək sənədləri yoxlayarkən Şəxs avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı aşkarlanmışdır. Bundan sonra sürücünü avtomobilin idarəçiliyindən kənarlaşdıraraq avtomobili duracağa gətirərərkən Şəxs onlara qarşı tabesizlik edərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs dəfələrlə nizamintizama dəvət etsələr də, Şəxs onlara tabesizlik göstərməyə davam etdiyi üçün onu rayon PŞ-nə gətirərək NH-yə təhvil verərək raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X2 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 ilə eyni məzmunda ifadə verərək Yusif İbrahimlinin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində Beyləqan şəhəri magistral küçədə xidmətdə olan Beyləqan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə Beyləqan rayon PŞ-nə gətirilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022096 №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar