Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-540/2025 18.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakları ilə, 14 mart 1980-cı il tarixdə Beyləqan rayonu, Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 16 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 15 avqust 2025-ci il tarixdə Beyləqan şəhəri, Z.Əliyeva adına küçədə səs-küylü danışarkən, buna son qoyulması və izahat verməsi üçün rayon polis şöbəsinə dəvət olunmasına dair polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 15 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 16 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdiyini deyərək, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 15 avqust 2025-ci il tarixdə gecə saat 05 radələrində Beyləqan şəhəri əlillər binasında yaşayan Ayşən kimi tanıdığı qadının yaşadığı mənzildən çıxıb, blokdan həyətə düşərkən, polis əməkdaşları qarşısnı kəsib, ondan hardan gəldiyini soruşmuş, o isə işinin olduğunu demişdir. Polis əməkdaşları ona uca səslə danışdığına görə bina sakinlərini narahat etdiyini deyib, onlarla birlikdə rayon polis şöbəsinə getməsini dedikdə, o özünü itirərək əvvəl getmək istəməmiş, lakin sonradan ona izah olunduqdan sonra getmişdir. Həmçinin o, binadan çıxdıqdan sonra orada polis əməkdaşlarından başqa, heç kimi görməmişdir. Polis əməkdaşları tərəfindən gətirilərək rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Hərəkətlərindən peşiman olduğunu və bir daha belə bir hala yol verməyəcəyini deyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək müdafiəçisi olduğu Şəxs baş vermiş hadisələrdə heç bir təqsirinin olmadığını, sənədləşmələrin səhv və səthi aparıldığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri X8 izahat verərək bildirmişdir ki, 15 avqust 2025-ci il tarixdə Beyləqan şəhəri, Z.Əliyeva küçəsində X4 ilə birlikdə xidmətdə olarkən saat 05:30 radələrində həmin küçədə yerləşən əlillər binasının qarşısından keçən zaman səs-küy eşidib dayanmışlar. Həmin vaxt binanın blokunun girişində 3 nəfər orta yaşlı kişi cinsindən olan şəxslərin dayandıqlarını görmüşdür. Həmin şəxslər də bir nəfər qadının yanına tanımadıqları şəxsin gəldiyini və həmin evdən etik olmayan səslərin eşidildiyini demişlər. Bundan sonra onlar blokdan bir nəfər şəxsin çıxdığını görüb, həmin şəxs olduğunu bilmişlər və ondan haradan gəldiyini və orada nə işinin olduğunu soruşmuşlar. Həmin şəxs sadəcə işinin olduğunu bildirmişdir. Ardınca şəxsin özünü şübhəli aparmasını hiss edib onu rayon polis şöbəsinə dəvət edərkən, o, narazılıq edərək getmək istəməmiş və uca səslə danışmağa başlamışdır. Onlar izah etdikdən sonra həmin şəxs onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis şöbəsini post patrul xidməti bölüyünün polis nəfəri X4 ifadə verərək bildirmişdir ki, 15 avqust 2025-ci ildə Beyləqan şəhəri, Z.Əliyeva küçəsində manqa komandiri Vasif Qasımov ilə birlikdə xidmətdə olarkən, saat 05:30 radələrində həmin küçədə yerləşən əlillər binasının qarşısından keçən zaman səs-küy eşidib dayanmışlar. Həmin vaxt 2 nəfər orta yaşlı kişi cinsindən olan şəxsin məktəbin qarşısında dayandığını, bir nəfərin isə onlardan aralıda durduğunu görmüşdür. Həmin şəxslər də bir nəfər qadının yanına tanımadıqları şəxsin gəldiyini və həmin evdən etik olmayan səslərin eşidildiyini demişlər. Bundan sonra onlar blokdan bir nəfər şəxsin çıxdığını görüb, həmin şəxs olduğunu bilmişlər və ondan haradan gəldiyini və orada nə işinin olduğunu soruşmuşlar. Həmin şəxs sadəcə işinin olduğunu bildirmişdir. Ardınca şəxsin özünü şübhəli aparmasını hiss edib onu rayon polis şöbəsinə dəvət edərkən, o, narazılıq edərək getmək istəməmiş və uca səslə danışmağa başlamışdır. Onlar izah etdikdən sonra həmin şəxs onlarla birlikdə polis şöbəsinə getmişdir. M.Ə.Qurbanlı sədrlik edənin sualına cavab olaraq, həmin vaxt blokun qarşısında kiminsə dayanmasını görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Beyləqan rayon polis şöbəsinin PPXB-nin polis baş serjantı Vasif Qasımaov tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış 16 avqust 2025-ci il tarixli raportdan görünür ki, 15 avqust 2025-ci il tarixdə, saat 05:30 radələrində o, və xidmət yoldaşı X10 binasından səs-küy gəldiyini eşidib, həmin binanın qarşısına getmişlər. Bir neçə dəqiqədən sonra bir nəfər şəxsin binadan çıxıb onlara tərəf gəldiyini görüb, ondan haradan gəldiyini və gecə saatlarında orada nə etdiyini soruşarkən, həmin şəxs yüksək səslə polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Belə olduqda onlar həmin şəxsi nizam-intizama dəvət etmək istəsələr də, buna nail ola bilmədiklərinə görə onu rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” 16 avqust 2025-ci il tarixli protokoldan görünür ki, X3 həmin tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanılmış, inzibati xəta haqqında icraata xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirildiyindən və onun əməli düzgün olaraq İXM-in 535.1-cu maddəsi ilə tövsif edildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Şəxs 15 avqust 2025-ci il tarixdə hadisə yerində ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozması iş materialları ilə öz təsdiqini tapmamışdır. Çünki, onun Ayşən adlı qadının yaşadığı mənzildə olarkən oradan etik olmayan səslərin eşidilməsi və bunun digər qonşuları narahat etməsi faktı təsdiq olunmamışdır. Bu da onu qeyd etməyə əsas verirki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə vaxtı ictimai və birgəyaşayış qaydalarını pozmamışdır. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Yəni, şəxsin bu hərəkətləri etməsi onun özünü digərlərinin fövqündə olmasını açıq-aşkar nümayiş etdirməsinə dəlalət etməlidir. Polis əməkdaşları tərəfindən verilmiş izahatlardan görünür ki, onlar hadisə yerinə bir avtomobillə getmiş və eyni vaxtda avtomobildən düşmüşlər. Belə olduğu halda, onlar orada olan şəxslərin eyni yerdə olmasını görməli idilər. Lakin, hər iki polis əməkdaşı hadisə yerində üç nəfər kişi cinsindən olan şəxsin olmasını bildirsələr də, V.F.Qasımov hər üç şəxsin binanın blokunun qarşısında, M.Ə.Qurbanlı isə iki nəfərin məktəbin qarşısında, üçüncü şəxsin isə onlardan aralıda dayandığını bildirmişlər. Eyni zamanda, deyilən kimi hadisə yerində həqiqətən də üç nəfər kənar şəxsin olmuşdursa, əməlin sübutu kimi onların tapılaraq izahatlarının alınması zəruri idi. Buna baxmayaraq, heç bir şəxs tapılmamış və izahatları alınmamışdır. Belə olduğu təqdirdə, Şəxs 15 avqust 2025-ci il tarixdə hadisə yerində kiməsə münasibətdə özünün üstünlüyünü göstərməsi mümkün deyildir. Qeyd olunan səbəblərdən Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində həmin maddə ilə başlanılmış, inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3 - inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Maddə 4 - bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Maddə 8.2 - inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Maddə 8.3 - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 53.1.1 - inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Maddə 105.1 - İnzibati Xətalar Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Şəxs 15 avqust 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən heç bir qanun pozuntusuna yol vermədən onun izahatının alınması məqsədilə rayon polis şöbəsinə dəvət edilməsinə dair qanuni tələblərinə qarşı öz narazılığını bildirərək, getməkdən imtina etmiş və bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 6.1 - inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Maddə 9.1 - inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Maddə 12 - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Maddə 21 - inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 76.1 - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1 - inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 31.2 - fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 32.1.1 - Şəxs törətdiyi inzibati xətaya gör əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Maddə 33 - Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Maddə 31.4-1 - inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 31.4- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-540/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-540/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver