Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-552/2025 28.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Beyləqan rayonu, Şərq qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Aşağı Aybasanlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 27 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 24 iyul 2025-ci il tarixdə, saat 14 radələrində Beyləqan rayon Şərq qəsəbəsi ərazisində saxlanılaraq, Beyləqan rayon Polis şöbəsinə gətirilmiş və muayinə zamanı narkotik vasitə olan kannobinoidləri epizodik olaraq, qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Belə ki, Beyləqan rayon Polis şöbəsində digər fakt üzrə aparılan araşdırma çərçivəsində izahatının alınması məqsədilə 24 iyul 2025-ci il tarixdə Şəxs polis şöbəsinə dəvət edilmiş, lakin o, gəlməkdən imtina etdiyinə görə polis əməkdaşları tərəfindən gətirilməsi təmin edilmişdir. Onun qadağan olunmuş hər hansı bir maddədən istifadə edibetməməsi yoxlanılarkən narkotik maddədən istifadə etməsi həm müayinə nəticəsində və həm də özünün deməsi ilə müəyyən edilmişdir. Buna baxmayaraq, onun əməllərində Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə əsasən cinayət tərkibinin əlamətləri olmadığına görə 05 avqust 2025-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti onun əməllərində Azərbaycan Respublikası İXM-in 535.1 və 206-cı maddələrinin tərkibi olduğundan inzibati xətaya dair iş üzrə icraat başlanması üçün rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Beyləqan rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində Şəxs əməllərində Azərbaycan Respubliksı İXM-in 535.1-ci maddəsinin deyil, 206-cı maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən, barəsində Beyləqan rayon Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən 27 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş etmiş X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs müayinəsi zamanı sidiyindən narkotik maddə olan THC aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxıram. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, saxlanılmamışdan təxminən 3 ay öncə narkotik maddədən istifadə etmişdir. 24 iyul 2025-ci il tarixdə, saat 14 radələrində yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində darvazasının qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq, rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə rayon polis şöbəsinə getmiş və izahatı alınan zaman hər hansı bir maddədən və narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuşdular. O, isə təxminən 3 ay bundan əvvəl kənd ərazisində keçirilən toy məclisində marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları həkim dəvət etmiş və müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Həmin vaxt o, polis əməkdaşları tərəfindən fiziki zora məruz qalmış və bu barədə rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Odur ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müdafiəçi Vəkil çıxış edərək müdafiəçisi olduğu Şəxs baş vermiş hadisələrdə heç bir təqsirinin olmadığını, sənədləşmələrin səhv və səthi aparıldığını, müdafiə etdiyi şəxsin polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Emin Şükürov tərəfindən tərtib edilmiş 06 avqust 2025-ci il tarixli raportdan görünür ki, o, Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Şəxs barəsində narkotik maddə və psixotrop maddələrdən istifadə etməsinə dair daxil olmuş məlumat əsasında Beyləqan rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə icraatın başlanılmasını rayon polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən şəxsdən xahiş etmişdir. İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında 24 iyul 2025-ci il tarixli, 839 saylı protokoldan görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC adlı narkotik maddə aşkar edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanser tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli, 1169 saylı rəydən görünür ki, Şəxs özünün deməsinə görə 3-4 dəfə narkotik vasitə olan marixuanadan istifadə etmiş, eyni zamanda keçirilmiş narkotik vasitələrin birmomentli immunoxromotoqrofiq test üsulu ilə müayinəsi zamanı THC adlı narkotik maddə aşkar edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun həbsetməsinin əvvəli 28 avqust 2025-ci il tarix saat 11:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə olunsun Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-552/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-552/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver