Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-556/2024 10.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs qanunsuz narkotikdən istifadə etməsinin müəyyən edilməsi ilə bağlı Beyləqan rayon PŞ-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 3(020)-556/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 06 avqust 2024-cü il tarixdə saat 00:50 radələrində Beyləqan şəhəri, Z.Əliyev küçəsində Beyləqan rayon polis şöbəsinin əməkdaşları Qərib Musayev və Vüsal Kərimov “JAK” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq, avtomobildə olan şəxslərə gəcə vaxtı olmasını və avtomobilə yüksək səs verməməsini xahiş etmişlər. Bu zaman hər iki vətəndaş polis əməkdaşlarına nalayiq cavab vermişlər. Polis əməkdaşları tərəfindən şəxslər nizam-intizama dəvət edilsələr də, həmin şəxslər polis əməkdaşlarının tələblərinə əməl etməmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən həmin şəxslərin narkotik vasitələrin təsiri altında sərxoş olmalarına şübhə yaranmışdır və vətəndaşlar Beyləqan rayon Polis Şöbəsinə aparılmışlar. Şəxs barəsində test həyata keçirilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Onun tutulduğu gün Beyləqan rayonunda naroktik vasitədən istifadə edibetməməsi yoxlanılmış və onun analizində narkotik vasitə müəyyən edilməmişdir. Daha sonra 07 avqust 2024-cü il tarixdə Gəncə şəhərində yenidən yoxlanmağa aparılmış və orada onun özünə analiz təqdim edilmiş və analiz ona məxsus olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş insan Psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzi (Gəncə şəhəri üzrə) tərəfindən İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC) marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin xx.xx.2024-cü il tarixli, 7077 nömrəli Ambulator X2 rəyində göstərilmişdir ki, müayinə zamanı Şəxs narkotik vasitə istifadə etməsini inkar edir. Müayinə zamanı Şəxs narkotik vasitələrdən istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar OLUNMUR. Götürülmüş sidik nümunəsində MET(-), THC(-), MOP(-), PGB(-), TML(-), MTD(-) aşkar edilməmişdir. Narkotik vasitələrdən psixi və fiziki asılılığı yoxdur. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs qanunsuz olaraq narkotik vasitənin və ya psotrop maddənin istehlakına görə təqsirli bilinməsi üçün və barəsində inzibati tənbeh tətbiq edilməsi üçün mütləq qaydada həmin halın mövcud olması mötəbər sübut olan müvafiq ekspert komissiyasının rəyi ilə öz təsdiqini tapmalıdır. Əks halda həmin şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi və inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən tibbi müayinə sənədlərinin tədqiqi zamanı müəyyən edilmişdir ki, Şəxs narkotik və ya psixotrop maddə istifadə etməsi yəni istehlak etməsi halı sübut olunmur, bunula bağlı hər hansı bir rəy və ya tibbi sənəd mövcud deyildir, bu səbəbdən də onun inzibati xəta törətməsinə dair mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə istinad edilən inzibati xətanın baş verməsində təqsiri sübuta yetirilmədiyindən əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbehə məruz qala bilməz. Azərbaycan RespublikasıİXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114, 128-130-cu maddərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-556/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-556/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver