Məhkəmə qərarları › İş №3(020)-559/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-559/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-559/2025 01.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Beyləqan rayonun doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonun 1-ci Şahsevən kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:31 radələrində Beyləqan rayonu İ Şahsevən kəndi ərazisində küçədə uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03:31-də Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək qonşusu Ayxan adlı şəxsin onu ölümlə hədələməsi barədə məlumat vermişdir. Buna görə də RPŞdə yaradılmış əməliyyat-istintaq qrupunun üzvləri RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilli polis kapitanı X6, TB-nin təhqiqatçısı polis mayoru X8 və növbətçi hissənin sürücüsü polis baş serjantı X3 ilə birlikdə Şəxs olduğu yerə getmişlər. Həmin vaxt Ağayev X1 rayon 1-ci Şahsevən kəndi ərazisində 4 yol adlanan yerdə olan avtovağzalda idarə etdiyi Mercedes markalı avtomobilin salonunda içkili vəziyyətdə əyləşdiyini görmüşlər. Bundan sonra Şəxs yaxınlaşaraq özünü ona təqdim edərək məlumatı əsasında ərizə və izahat verməsini xahiş etmişlər. Bu zaman Şəxs uca səslə qışqıraraq onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt əməkdaşlar Şəxs nizam intizama dəvət etmişlər, lakin onların qanuni tələblərinə tabe olmamış və uca səslə polisin ünvanına nalayıq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs Nüşiravan oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında yaşadığı Beyləqan rayonu İ Şahsevən kənd ərazisində içkili vəziyyətdə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək qonşusu Ayxan adlı şəxsin onu ölümlə hədələməsi barədə məlumat vermişdir.Onun Ayxanla ailə mübahisələri olmuşdur. Ayxan ona dəfələrlə əmisinin gülləsi ilə onu öldürəcəyini bildirmişdir.Həmin günü də içkili olduğu üçün zəng edib 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək onun izahatını almaq üçün polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarına nalayiq ifadələr işlətməsini xatırlamır. Əgər onlar barəsində hər hansı bir ifadə işlədibsə üzr istəyir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və ya cərimə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə dəfələrlə zəng edərək qonşusu Ayxan adlı şəxsin onu ölümlə hədələməsi barədə məlumat vermişdir. Buna görə də RPŞ-də yaradılmış əməliyyatistintaq qrupunun üzvləri RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilli polis kapitanı X6, İTBnin sahə rəisi polis baş leytenantı X4 və növbətçi hissənin sürücüsü polis baş serjantı X3 ilə birlikdə Şəxs olduğu yerə getmək istəmişlər və bununla əlaqədar olaraq onunla telefon əlaqəsi saxlanmış, lakin o, telefonda ona qarşı nalayiq ifadələr işlədərək, olduğu yeri bildirməmişdir. Həmin vaxt Ağayev X1 rayon 1-ci Şahsevən kəndi ərazisində 4 yol adlanan yerdə olan avtovağzalda idarə etdiyi Mercedes markalı avtomobilin salonunda içkili vəziyyətdə yatdığını görmüşlər. Onlar Şəxs oyadaraq 102 xidmətinə verdiyi şikayətlə bağlı izahat verməsini bildirmişlər. Şəxs onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan başqa Şəxs 102 xidmətinə zəng edən zaman da polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o və digər əməkdaşlar Şəxs nizam intizama dəvət etmişlər, lakin onların qanuni tələblərinə tabe olmamış və uca səslə polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs Beyləqan RPŞ-nə gətirilən vaxtda polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz qanunsuz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahidlər Beyləqan rayon PŞ-nin RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilli polis kapitanı X6 və Beyləqan rayon PŞ-nin növbətçi hissənin sürücüsü polis baş serjantı X3 oğlu ilə eyni məzmunda ifadə verərək X5 ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahidlərin ifadəsini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 03:31 radələrində Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək qonşusu Ayxan adlı şəxs onu ölümlə hədələməsi barədə məlumat vermişdir. Buna görə də RPŞ-də yaradılmış əməliyyat-istintaq qrupunun üzvləri RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilli polis kapitanı X6, İTB-nin sahə rəisi polis baş leytenantı X4 və növbətçi hissənin sürücüsü polis baş serjantı X3 ilə birlikdə Şəxs olduğu yerə getmişlər. Həmin vaxt Ağayev X1 rayon 1-ci Şahsevən kəndi ərazisində 4 yol adlanan yerdə olan avtovağzalda idarə etdiyi “Mercedes” markalı avatomobilin salonda içkili vəziyyətdə əyləşdiyini müəyyən etmişlər. Bundan sonra o, Şəxs yaxınlaşaraq özünü ona təqdim edərək məlumatı əsasında ərizə və izahat verməsini xahiş etmişdir. Bu zaman Şəxs uca səslə qışqıraraq onun və adlarını qeyd etdiyi əməliyyat istintaq qrupunun üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt o və digər əməkdaşlar Şəxs nizam intizama dəvət etmişlər, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamış və uca səslə polisin ünvanına nalayıq ifadələr işlətməyə başlamışdır. Bundan sonra onlar Şəxs rayon polis şöbəsinə gətirərək NH-yə təhvil vermişlər. xx.xx.2025-ci il tarixli, 1001 nömrəli sərxoşluğun müəyyən edilməsinə dair müayinə protokolundan görünür ki, hadisə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. AZA seriyalı 028057 №-li İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən etməmiş, sərxoş vəziyyətdə olmasıni isə ağırlaşdıran hal kimi müəyyən etmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-cü il tarixdən saat 03:31-dən hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar