Məhkəmə qərarları › İş №3(020)-560/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-560/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-560/2024 12.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Beyləqan Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6 tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Beyləqan rayonu Mil qəsəbəsində X1 uca səslə nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında Beyləqan Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6 izahat verərək bildirmişdir ki, 11 avqust 2024-cü il tarixdə Şəxs xalası X4 polisə müraciət edərək, Şəxs ona qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. Araşdırma nəticəsində Müzəffər ilə xalası arasında mübahisə olduğunu və Müzəffərin xalasına sən kimsən mənim xalam deyilsən ifadəsi işlətdiyi müəyyən edilmişdir. Bundan sonra həmin şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xalası ona aid xoşagəlməz sözlər dediyi üçün sonuncuya onun ailə həyatına qarışmamasını, ondan əl çəkməsini və xalası olmadığını bildirmişdir. O da əsəbləşərək, böyük olduğunu və ona cavab qaytarmalı olmadığını bildirərək, polisə şikayət etmişdir. O, xalasına qarşı nalayiq ifadələr işlətməmişdir. Bu səbəbdən, qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli Beyləqan RPŞ-non PPXB-nin polis nəfəri polis baş serjantı Zülfüqar Əliyev və Beyləqan RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Zaur Quliyev tərəfindən Beyləqan rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış raportan görünür ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu Milabad qəsəbəsində xidmətdə olarkən X4 onlara bildirmişdir ki, Şəxs onu uca səslə təhqir edərək, onun ünvanına qarşı küçədə nalayiq ifadələr işlədər ondan uzaqlaşmışdır. Tərəflərin Şəxs ilə telefon əlaqəsi saxlanılaraq rayon polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ilə xalası X4 arasında məişət zəminində mübahisə olmuşdur və Şəxs X3 uca səslə nalayiq ifadələri işlətməsi faktı sübuta yetirilməmişdir. Halbuki ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu səbəbdən, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar