Məhkəmə qərarları › İş №3(020)-576/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-576/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-576/2024 04.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin polis sahə rəisi polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Xocavənd rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xocavənd rayonunun Axullu kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrinə Beyləqan şəhəri Magistral küçəsində ictimai qaydanı və asayışı pozmuş, avtomobili ilə saxla əmrinə tabe olmamış, mübahisə edərək polisin qanuni tələbinə qəsədən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin polis sahə rəisi polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Beyləqan şəhəri Magistral küçəsində polis serjantı Mirzə Qurbanlı, polis serjantı Cəmşid Zeynallı və polis baş serjantı Vasif Qasımov birlikdə xidmətdə olarkən “VAZ 2107” markalı **-MO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü küçədə avtomobili yüksək səslə idarə edərək avtomobili yerdən qəfildən sürətləndirməklə təhlükəli manevrlər etmiş, ictimai qaydanı kobudcasına pozmuş, eləcə də digər hərəkət iştirakçılarına təhlükə yaradaraq insanları narahat etmişdir. Polis əməkdaşları tərəfindən vətəndaşa dəfələrlə saxla əmri verilmiş, nizam-intizama dəvət olunsa da, vətəndaş idarə etdiyi avtomobildəki sərnişinlərlə birlikdə avtomobillə avtoxuliqanlıq hərəkətləri etməyə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra sürücü Şəxs idarə etdiyi avtomobillə qəza etmiş, ona yaxınlaşdıqda öz avtomobilinə müxtəlif zərbələr vurduğunu görmüşlər, əlindəki şüşə qırıntısı ilə onlara xəsarət yetirməyə çaılşarkən qarşısı alınmışdır. Bundan sonra Şəxs, sərnişinlər X7 və X6 rayon polis şöbəsinə gətirilmiş və onun barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla qismən razıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə uşağının ad günü olmuş və o, ad günündə spirtli içki içmişdir. O, dostu və faktiki olaraq ailə qurduğu həyat yoldaşı ilə mağazaya getmiş və mağazadan qayıdarkən polis əməkdaşları ona saxla əmri vermişdir. Lakin o, sərxoş olduğu və həyat yoldaşı yanında olduğuna görə avtomobili saxlamamış və yüksək sürətlə avtomobili idarə etdiyi üçün qəza törətmişdir. Hərəkətlərimdən peşmandır Bir daha belə hərəkətlərə yol verməyəcək. Barəsində cərimə ilə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan Rayon Polis Şöbəsini post patrul xidməti bölüyü polis nəfəri X4 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Beyləqan şəhəri ərazisində Vasif Qasımov və Zeynallı Cəmşid ilə birlikdə xidmətdə olarkən saat 02:30 radələrində “VAZ 2107” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün magistral küçəsində avtomobilini yerindən qəfil sürətləndirməklə təhlükəli manevrlər etməsi, eləcə də digər yol hərəkəti iştirakçılarına və insanlığa qarşı təhlükə yaratdığını görüb yaxınlaşıb, onu saxlayıb nizam intizama dəvət etmək istəsələr də onların saxla əmrinə tabe olmamışdır. Bundan bir müddət sonra onun avtomobili ilə qəza etdiyini görüb ona yaxınlaşmışlar, lakin o, bir daha tabesizlik göstərərək əlində olan şüşə qırıntıları ilə onlara xəsarət yetirməyə çalışmışdır.Həmçinin vətəndaş spirtli içkinin təsiri altında idi. Bundan sonra Şəxs, sərnişinlər X7 və X6 rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan Rayon Polis Şöbəsini post patrul xidməti bölüyü polis nəfəri X5 şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə tanışı Şəxs ilə birlikdə ona məxsus olan “VAZ 2107” markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə rayon ərazisində marketə getmişlər. X1 da avtomobildə olmuşdur. İntiqam spirtli içki qəbul etmişdir. Polis əməkdaşları onlara saxla əmri versələr də, İntiqam avtomobiıi yerində qəfil sürətləndirməklə həmin ərazidən sürüb getmişdir. Daha sonra İntiqam həmin avtomobillə qəza törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanılmış, inzibati xəta haqqında icraata xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirildiyindən və onun əməli düzgün olaraq İXM-in 535.1-cu maddəsi ilə tövsif edildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir.Halbuki ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu səbəbdən, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar