Məhkəmə qərarları › İş №3(020)-586/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-586/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-586/2024 25.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 28 avqust 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 28 avqust 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə məhkəməyə şikayət vermişdir. Şikayət vermiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonunun 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Oğlu 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan rayon 1-ci Şahsevən kəndi hissəsində özünə məxsus olan avtomobil təmir sexi vardır. Həmin sexin qarşısında əvvəllər onun tərəfindən əkilmiş bir ədəd qurumuş halda olan və inkişafdan dayanmış tut ağacı olmuşdur. Həmin tut ağacı bir neçə ay bundan əvvəl rayondan müşahidə olunan güclü küləkdən sonra aşaraq ona məxsus sexin damına zərər vurmuşdur. Bundan sonra ağacın tam olaraq dibindən qopduğunu və inkişafdan tam olaraq dayandığını görüb küləkdən sonra ağac aşdıqda həmin ağacın torpaqda qalan hissəsini kəsərək ağacı sürüyüb kənara atan zaman, yəni 29 iyul 2024cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları oraya gəlmiş və sexin qarşısında qurumuş halda olan külək aşırdığı tut ağacının onun tərəfindən kəsildiyini görmüşlər. Həmin vaxt əməkdaşlar ağacın kəsilməsi barədə müvafiq icra hakimiyyəti orqanının razılığının olması barədə sənədi ondan istəmiş, lakin o, əməkdaşlara belə bir razılığa dair hər hansı sənədin olmadığını, lakin ağacın qurumuş halda inkişafdan dayandığını və qəzalı vəziyyətdə olması barədə müvafiq orqanlara şifahi olaraq məlumat verdiyini bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixli, MN saylı, ******* nömrəli inzibati protokol tərtib etmişlər. Bundan sonra onu həmin inzibati protokola baxılması ilə əlaqədar idarəyə çağırmadan, izahatı alınmadan, araşadırma aparılmadan və onun iştirakı olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN saylı № ******* nömrəli inzibati tənbəh vermə haqqında qərarına əsasən fiziki şəxs kimi 1.000 (bir min) manat məbləğində inzibati cərimə etmişlər. Barəsində qəbul olunmuş qərardan xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə ünvanına göndərildikdən sonra xəbərdar olmuşdur. Qərarı oxuyan zaman məlum olmuşdur ki, sözügedən idarənin rəisi əvəzi Oqtay Şahmurov heç bir araşdırma aparmadan və onun iştirakını təmin etmədən onu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN saylı № ******* nömrəli inzibati tənbəh vermə haqqında qərarına əsasən fiziki şəxs kimi 1.000 (bir min) manat məbləğində inzibati cərimə etmişdir. Həmin qərarla razı deyil, çünki qərar qəbul edilən zaman heç bir araşdırma aparılmamış, ağacın inkişafda olması barədə hər hansı bir bioloji ekspertiza təyin olunmamışdır. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN saylı № ******* nömrəli inzibati tənbəh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun və digər normativ-hüquqi aktların tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə xidməti əraziyə daxil olan Beyləqan rayonunda keçirilən reyd zamanı rayonun 1-ci şahsevən kəndi ərazisində Beyləqan-Daşburun avtomobil yolunun sol hissəsində avtomobil təmir sexinin qarşısında 1 ədəd tut ağacının kök boğazdan kəsildiyi, 1 ədədin isə budaq hissəsinin bir qisminin kəsildiyi məlum olmuşdur. Aparılan araşdırlma zamanı obyektin Beyləqan rayon 2-ci Şahsevən kənd sakini X1 istifadəsində olduğu müəyyən olunmuşdur. Əraziyə dəvət olunmuş vətəndaşla birlikdə əraziyə keçirilən baxış zamanı məlum olmuşdur ki, 1 ədəd tam qurumuş vəziyyətdə olan tutu cinsinə mənsub ağac kök boğazdan kəsilmiş, 1 ədəd diametri 16 sm olan tut cinsinə mənsub bioloji inkişafda olan ağacın isə bir qismi budaq hissələri kəsilərək zədələnmişdir. Məsələ ilə bağlı E.Teymurov onlara yazılı izahat təqdim edərək güclü külək nəticəsində obyektin dam örtüyünün atılmış hissəsinin bərpası zamanı tam qurumuş tut ağacının onun tərəfindən xx.xx.2024-cü il tarixdə kəsildiyini bildirmişdir. Ərazidə zədələnmiş hal-hazırda bioloji inkişafda olan tut cinsinə mənsub ağaca aqrotexniki qulluq göstərəcəyini bildirərək vətəndaşa yaşıllığın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununu pozduğu bildirilərək hüquq və vəzifələri izah olunmuş və akt tərtib olunaraq ərazidə fotoşəkillər çəkilərək X1 barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixli, MN saylı, ******* nömrəli inzibati protokol tərtib etmişlər. 1 ədəd tam qurumuş vəziyyətdə olan kök boğazdan kəsilmiş tutu cinsinə mənsub ağac kəsilən zaman tam olaraq bioloji inkişafdan dayanmış vəziyyətdə olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaş tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, № 85302 nömrəli aktdan görünür ki, Beyləqan rayon 2-ci Şahsevən kənd sakini X1 mülkiyətində olan Beyləqan-Daşburun avtomobil yolunun sol hissəsində avtomobil təmir sexinin qarşısında 1(bir) ədəd tam qurumuş tut cinsinə mənsub ağacı müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kəsərək götürməsi müəyyən olunmuşdur. İşə əlavə edilmiş 29 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayon 2-ci Şahsevən kənd sakini X1 mülkiyətində olan Beyləqan-Daşburun avtomobil yolunun sol hissəsində avtomobil təmir sexinin qarşısında 1(bir) ədəd tam qurumuş tut cinsinə mənsub ağacı müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kəsərək götürməsi aşkar edilmiş, nəticədə qan rayon 2-ci Şahsevən kənd sakini X1 barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 28 avqust 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə- fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin barəsində qərar qəbul edilən zaman kəsilən ağacın bioloji olaraq inkişafda olması barədə hər hansı ekspertiza təyin olunmalı olduğu halda ekspertiza təyin olunmamışdır. Məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Halbu ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi ağacın bioloji inkişafdan dayandığını məhkəmə iclasında etiraf etmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN saylı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : X1 şikayəti təmin edilsin. X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN saylı № ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar