Məhkəmə qərarları › İş №3(020)-593/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-593/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-593/2024 16.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan Rayon Polis X6 Polisi Bölməsinin YNH üzrə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Beyləqan rayonu Mil qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:30-da Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonunun Mil qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində X5 idarə etdiyi “Belarus 892” markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı qoşqulu traktorla ikinci dərəcəli yoldan hərəkət edib baş yola çıxaraq 1.1 üfiqi nişanlanma xəttinin tələbinə riayət etməyərək sola dönərkən baş yolda hərəkət edən Şəxs etibarnamə olmadan alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Beyləqan Rayon Polis X6 Polisi Bölməsinin YNH üzrə inspektoru X2 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:30-da Beyləqan rayonunun Mil qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Beyləqan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşları tərəfindən ona məlumat verilmişdir. Verilmiş məlumat əsasında hadisə yerinə getmiş və yol-nəqliyyat hadisəsinin baş vermə hallarını araşdıraraq yol-nəqliyyat hadisəsinin sxemini tərtib etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən vaxtda və saatda Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonunun Mil qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində X5 idarə etdiyi “Belarus 892” markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı qoşqulu traktorla ikinci dərəcəli yoldan hərəkət edib baş yola çıxaraq 1.1 üfiqi nişanlanma xəttinin tələbinə riayət etməyərək sola dönərkən baş yolda hərəkət edən Şəxs etibarnamə olmadan idarə etdiyi alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra yol-nəqliyyat hadisəsinin baş verməsi hallarının araşdırılaraq təqsirli şəxsin müəyyən olunması üçün tərəfindən 22 iyul 2024-cü il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin etmək haqqqında qərardad qəbul edilərək ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan Şəxs avtomobilinin sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 21:30-da Horadiz- Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonunun Mil qəsəbəsi ərazisindən keçən 39cu kilometrliyində X5 idarə etdiyi “Belarus 892” markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı qoşqulu traktorla ikinci dərəcəli yoldan hərəkət edib baş yola çıxaraq 1.1 üfiqi nişanlanma xəttinin tələbinə riayət etməyərək sola dönərkən baş yolda hərəkət edən onun etibarnamə olmadan alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı sərxoş olmuşdur. Törətdiyi əməldən peşmandır. Onun avtomobilin sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödəniləcəkdir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə şahid X5 ifadə verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə, saat 21:30-da Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonunun Mil qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində onun idarə etdiyi “Belarus 892” markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı qoşqulu traktorla ikinci dərəcəli yoldan baş yola çıxaraq traktoru yolun kənarında saxlamış, həmin vaxt baş yolda hərəkət edən Şəxs idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra hadisə yerin YPX əməkdaşlarıı gəlmiş və hadisənin baş vermə səbəblərini araşdırmışlar. O, traktoru lizinq yolu ilə əldə etmişdir. Dəymiş ziyanı Şəxs aradan qaldırmağa söz vermişdir. Nadir Əliyevin idarə etdiyi qoşqulu traktoru ona lizinq yolu ilə satmış Zərərçəkmiş şəxs MMC-yə məlumat verilmiş, nümayəndəsi ilə telefon əlaqəsi saxlanılarkən işə onların iştirakı olmadan baxılmasını və heç bir şikayət və tələblərinin olmamamasını göstərmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024cü il tarixli 563 nömrəli protokoldan görünür ki, Şəxs inzibati xətanı törədən zamanı orta dərəcə sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024cü il tarixli 565 nömrəli protokoldan görünür ki, X5 yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2024-cü il tarixli, 8/2141 saylı ekspert rəyindən görünür ki, Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Belarus 892” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin naddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi L 200” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü naddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa Sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-cı hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hesabatdan məlum olur ki, hadisə yerində “Mitsubishi L 200” avtomobilə məxsus qalmış 43 metr uzunluğunda tormoz izinə uyğun onun hərəkət surəti mövcud şəraitdə 91,5 km/saatdır. Lakin toqquşma zamanı kinetik enerjinin miqdarının bir hissəsinin avtomobil hissələrinin deformasiyasına sərf olunması nəzərə alınmaqla qeyd edilir ki, “Mitsubishi L 200” markalı avtomobilin tormozlamadan əvvəlki real hrək sürəti zamanı müəyyən edilmiş 91.5 km/saatdan artıq olmuşdur. Nəticədə deformasiyaya sərf olunan kinetik enerjinin miqdarının itkisini nəzərə alan və ekspertizada istifadə edilməsi üçün təsdiq edilmiş metodika olmadığından “Mitsubishi L 200” markalı avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürətinin 91.5 km/saatdan nə qədər artıq olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün olmamışdır. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-cü maddəsinə əsasən Şəxs etdiyi əməldən peşiman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və həmin maddənin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 34.3, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar