Məhkəmə qərarları › İş №3(020)-62/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-62/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-62/2025 28.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyasının Tumen şəhərində anadan olan, Rusiya Federasiyası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işsiz, Rusiya Federasiyasının Tumen şəhərində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X9 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə "inzibati xəta haqqında” 24 yanvar 2025ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün əlavə sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə, saat 12:45 radələrində Beyləqan rayon PŞ-nin inzibati binasında səs-küy salaraq ünvansız söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X9 izahatında göstərdi ki, 24 yanvar 2024-cü il tarixdə əməliyyat istintaq qrupunda olan zaman CAB-nin əməliyyat müvəkkili Əli Kərimzadə tərəfindən yazılmış raport icraatına daxil olmuş, daxil olmuş raport araşdırılan zaman məlum olmuşdur ki, Şəxs inzibati xəta törətdiyinə görə 5 gün müddətində inzibati qaydada həbs olunaraq Beyləqan rayon PŞ-nin MSY-də saxlanılmışdır. Şəxs cəzasını çəkib qurtardıqdan sonra buraxılmış və bu zaman CAB-nin əməliyyat müvəkkili X11 Abdullaevə yaxınlaşaraq rəhbərliyin qəbuluna getmək lazım olduğunu bildirmiş, Şəxs PŞ-nin inzibati binasında səsküy salmış və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən 5 gün müddətinə həbs olunmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra buraxılmış və polis şöbəsindən çıxıb gedən zaman polis əməkdaşı Əli Kərimzadə ona yaxınlaşaraq onunla birlikdə müstəntiqin yanına qalxaraq ifadə verməli olduğunu bildirmişdir. O, Əli Kərimzadəyə cəzasını çəkdiyini və evə getmək istədiyini bildirmiş və ifadə vermək üçün getmək istəmədiyini bildirmişdir. Bu səbəbdən də polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. Lakin PŞ-də heç bir ünvansız nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 12:45radələrində rayon PŞ-nin inzibati binasında xidmətdə olarkən dəhlizdə Şəxs istintaq bölməsinə getməsini izah edən zaman o, əsəbi halda səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək onunla istintaq bölməsinə getməkdən imtina etmişdir. Bu səbəbdən də Şəxs barəsində tədbir görülməsi üçün raporta müraciət etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X2 cavab olaraq bildirmişdir ki, müstəntiq tərəfindən Muxamedin onun yanına dəvət edilməsi ilə əlaqədar ona hər hansı bir əməliyyat tapşırığı və ya bildirişi olmamış, sadəcə onun otağı müstəntiq Qoşqarla eyni mərtəbədə yerləşir və müstəntiq ona aşağı düşəndə Muxamedin onun yanına gəlməli olduğunu bildirməsini demişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin NH-nin sürücüsü X1 rayon PŞnin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X8 ilə eyni məzmunda ifadə verərək Ə.Kərimzadənin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:45 radələrində polis şöbəsinin inzibati binasında xidmətdə olarkən dəhlizdə RF-ın vətəndaşı Şəxs istintaq bölməsinə getməsini izah edən vaxt o əsəbi halda səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdi. Onu nizam-intizama dəvət etmişlər, lakin Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Onu sakitləşdirmək istəsələr də o, daha da əsəbi halda nalayiq ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixli AZA 022048 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:45-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 11:00-da azad edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(020)-40/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutumuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 5 gün müddətinə inzibati qaydada həbs edilmiş və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablanmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs PŞ-nin inzibati binasında səs-küy salması və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir və bu əməlləri törətmiş şəxslər həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən isə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə üzrə məsuliyyət yaradır. İş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə, məhkəmə qeyd edir ki, bununla əlaqədar yazılı göstərişin və hər hansı səlahiyyəti olmayan əməliyyat müvəkkilinin yenicə inzibati həbsdən çıxmış şəxsə müstəntiqin yanına getməli olduğunu bildirməsi və şəxsin heç bir əsas olmadan müstəntiqin yanına getmək istəməməsini bildirməsi isə polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət iş üzrə proses iştirakçılarının müstəntiqin yanına dəvət olunmasının prosessual qaydaları cinayət prosessual qanunvericiliklə tam şəkildə tənzimlənir. Eyni zamanda nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXMin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Halbuki ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu səbəbdən, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X9 tərəfindən tərtib olunmuş 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-in 510-cu və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar