Məhkəmə qərarları › İş №3(020)-620/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-620/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-620/2024 07.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Beyləqan rayon Mərkəzi xəstəxanasının dəhlizində Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Qeyd olunanlara əsasən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X6 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Beyləqan şəhər, E.Əliyev küçəsi ev 53-də yaşayan Azadov X1 rayon PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Beyləqan rayon Kəbirli kənd sakini Şəxs onun işlədiyi Beyləqan rayon Mərkəzi xəstəxanasında xidməti otağına gələrək onun mübahisə etdiyini, daha sonra isə xidməti otağı qarşısındakı dəhlizdə onu döyməsini bildirməklə həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciətlə bağlı Beyləqa rayon PŞ-nin TB-nin təhqiqatçısı mayoru X5 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və Şəxs barəsində AR İXM- nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs Beyləqan rayon Mərkəzi xəstəxanasının həkimi kimi tanıyır. Onunla aralarında heç bir ədavət və düşmənçilikəri olmamışdır. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində əsgər kimi döyüşlərdə iştirak etmiş, Suqovuşan uğurunda gedən döyüşlərdə yaralanmışdır. Müalicə olunduqdan sonra bədənində olan ağrılar səbəbindən ağrıkəsici və yuxugətirici dərmanlardan istifadə edir. Həmin dərmanlar ona dövlət tərəfindən pulsuz verilsədə təxminən 2024-cü ilin may ayından sonra həmin dərmanların ona verilməsi dayandırılmışdır. O, istifadə etdiyi həmin dərmanları həkim resepti əsasında Beyləqan rayon Mərkəzi xəstəxanasından şəxsi vəsaiti hesabına alaraq istifadə etmişdir. Lakin o, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində həmin dərmanları pulsuz almaq üçün Beyləqan rayon Mərkəzi xəstəxanasının həkimpsixiatoru Zərərçəkmiş şəxs xidməti otağına getmiş və Zərərçəkmiş şəxs həmin dərmanların xəstəxananın aptekindən ona verilməsini bildirmişdir. Zərərçəkmiş şəxs isə cavabında həmin dərmanların ona verilməsində köməklik edə bilməyəcəyini və hazırda məzuniyyətdə olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs həmin dərmanların əvvəllər ona pulsuz verildiyini, nə üçün indi verilmədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs xidməti otağını tərk edərək koridora çıxmış və onu təhqir edərək əlini havaya qaldıran zaman o, yumruqla Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Həmin vaxt orada olan polis əməkdaşı onu sakitləşdirmiş, bundan sonra oradan çıxıb getmişdir. Göstərilənlərin nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Beyləqan rayon Kəbirli kənd sakini Şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Beyləqan rayon Mərkəzi xəstəxanasında həkim-psixiator işləyir. Lakin xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək müddətə məzuniyyətə çıxmışdır. xx.xx.2024-cü il tarixdə, Beyləqan rayon PŞ-nin təhqiqatçısı polis kapitanı X4 ona zəng edərək icraatında olan araşdırma materialı üzrə sərxoşluq müayinəsindən keçirilmiş şəxsin müayinə protokolunu ondan istəmişdir. O, məzuniyyətdə olsa da X2 rayon Mərkəzi xəstəxasında xidməti otağına getdiyini və onun da ora gəlməsini bildirmişdir. Xidməti otağında Kənan Məmmədzadənin dediyi sərxoşluq müayinəsi protokolunu hazırlayan zaman Şəxs onun otağına girərək 2-ci Qarabağ müharibəsində iştirak etdiyini və nəyə görə ona qazilik verilmədiyini və pulsuz narkotik tərkibli ağrıkəsici dərmanlar verilmədiyini bildirmişdir. O, Şəxs qaziliyin və narkotik tərkibli ağrıkəsici dərmanların verilməsinin onun səlahiyyətinə aid olmadığını bildirmişdir. Buna baxmayaraq Şəxs ona təkidlə qeyd edilən statusun və pulsuz dərmanların verilməsinin onun səlahiyyətində olduğunu bildirərək onunla mübahisə etməyə başlamışdır. Bu səbəbdən Şəxs ilə aralarında sözlə mübahisə yaranmışdır. O, Şəxs hazırda məzuniyyətdə olduğunu, bir neçə gündən sonra onun xitmədi otağına gəlməsini bildirsədə Şəxs onun sözlərinə məhəl qoymamış və mübahisəni davam etmişdir. Bu səbəbdən də o, iş otağını tərk edərək koridora çıxarkən Şəxs onu təhqir edərək sol gözaltı almacıq nahiyyəsinə və boynunun arxasına yumruqla vuraraq onu döymüşdür. Həmin vaxt yanlarında olan polis əməkdaşı Kənan Məmmədzadə onları aralamış və Şəxs oradan çıxıb getmişdir. Hadisə onun iş otağının qarşısında, yəni xəstəxananın koridorunda baş vermişdir. Hadisə zamanı orada polis əməkdaşından başqa xəstəxanının bir neçə həkim əməkdaşları olmuşdur. Hazırda Şəxsylə barışmamış və onu bağışlamamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 24 sentyabr 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 157-ci və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin 19 sentyabr 2024-cü il tarixli, 663/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol haymor cibinin travmatik eksudatı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəsətəxanası” X9 xx.xx.2024-cü il tarixli 2962 №-li Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrin təşkili barədə” əmrinə uyğun Şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi,tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, funksional tutmalarla F62.0”. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və polis əməkdaşının izahatları, inzibati xəta haqqında protokol, ekspert rəyi və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, Şəxs vətən müharibəsi iştirakçısı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müyyən edilmiş və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar