Məhkəmə qərarları › İş №3(020)-693/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-693/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-693/2025 06.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Yol patrul xidməti inspektoru polis baş serjant kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Beyləqan rayon, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayon, 1-ci Şahsevən kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “VAZ-21015” markalı, **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, İ Şahsevən kəndində avtoxuliqanlıq etmişdir. Bununla bağlı Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin Beyləqan rayon Yol patrul xidməti inspektoru polis baş serjant kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş 06 oktyabr 2025-ci il tarixli İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Yol patrul xidməti inspektoru polis baş serjant kapitanı X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:33-də Azərbaycan Respublikası DİN-102 xidməti zəng mərkəzinə Beyləqan rayon İ Şahsevən kənd sakini X2 məlumat verərək, VAZ-21015 markalı **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobilin avtoxuliqanlıq etməsi barədə məlumat vermişdir. Araşdırıma nəticəsində video görüntüyə baxılmış və Şəxs avtoxuliqanlıq etməsi müəyyən edilmişdir. Ona görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “VAZ-21015” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, İ Şahsevən kəndində insanların sıx olduğu hissəsində avtomaşını bir neçə dəfə fırlatmışdır. Himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alıb barəsində cərimə cəzasının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 511.1.2 və 511.1.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:33 də Azərbaycan Respublikası DİN-102 xidmətizəng mərkəzinə Beyləqan rayon İ Şahsevən kənd sakini X2 məlumat verərək VAZ-21015 mrkalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoxuliqanlıq etməsi barədə məlumat vermişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla, həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “VAZ-21015” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi və qəflətən sürətləndirməklə təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmışdır. Azərbaycan Respublikasının İXM-in 511.1.2-ci maddəsinə görə mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; Azərbaycan Respublikasının İXM-in 511.1.3-ci maddəsinə görə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 511.1.2 və 511.1.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilən həbs növündə tənbehin aşağı həddində tədbir tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələri ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:15-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar