Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-712/2024 19.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 333-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Beyləqan rayonu PŞ-nin YNH üzrə inspektoru polis kapitanı tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan rayonu PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi-Kəbirli-Beyləqan yolunun 30-cu kilometrliyində hərəkətdə olan zaman dönmə işığını yandıraraq sola dönən zaman ötmə əməliyyat edən X2 idarə etdiyi “X10” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən xəbərdar olandan sonra hadisəsinin baş verdiyi yerə getmiş, hadisəsinin baş vermə səbəbini araşdıraraq yol-nəqliyyat hadisəsinin baş verməsi sxemini çəkmiş, hadisədən sonra hər iki sürücü sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçirilmiş, müayinə zamanı hər iki sürücünün sərxoş vəziyyətdə olmaması barədə rəy verilmişdir. Hadisənin səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Şəxs Beyləqan rayon PŞ-də izahatı alınmamışdan qabaq onun narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsi barədə ondan götürülmüş sidik nümunəsində narkotik tərkibli maddə marixuana (THC) aşkar edilmişdir. Ona görə də barəsində İXM-in 333-1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, protokolla razı deyil. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman onun sərxoşluğu müayinə olunmuş və onda heç bir sərxoşluq halı müəyyən olunmamışdır. Lakin hadisənin səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Beyləqan rayon PŞ-nə çağırıb izahatı alınmamışdan qabaq ondan sidik analizi götürülmüş və analizin nəticəsi olaraq onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. O, narkotik vasitəni yol-nəqliyyat hadisəsi baş verən günün axşamı qəbul etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “X10” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi-Kəbirli-Beyləqan yolunun 30-cu kilometrliyində hərəkətdə olan zaman dönmə işığını yandıraraq ötmə əməliyyat edən zaman Şəxs idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən sola dönmüş və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 göstərmişdir ki, Şəxs bacısı oğludur. Bacısı oğlu Şəxs yol-nəqliyyat hadisəsi törətdiyindən xəbər tutduqdan sonra hadisə yerinə gəlmiş və hadisənin baş verdiyini görmüşdür. Bundan sonra bacısı oğlu Şəxs onunla birlikdə sərxoşluq müayinəsi üçün getmiş və müayinənin cavabında Fuadın sərxoş olmadığı müəyyən olunmuşdur. Həmi vaxt onda sərxoşluq əlamətləri müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 908 №-li Protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 909 №-li Protokolundan görünür ki, X3 alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) aşkar edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 333-1.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi gün, yəni 14 noyabr 2024-cü il tarixdə Şəxs tibbi müayinəyə aparılmış və sərxoşluğu müəyyən edilməmişdir. Hadisə baş verdikdən 1 gün sonra, yəni 15 noyabr 2024-cü il tarixdə isə Şəxs yenidən tibbi müayinə aparılmış və yoxlama zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən, Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda- nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə hesab edir ki, şəxsin nəqliyyat vasitəsini narkotik vasitənin təsir altında idarə etməsinə əsaslı şübhələr oduqda, şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi gün tibbi müayinəyə göndərilməlidir. Polis əməkdaşları tərəfindən isə Şəxs sərxoşluğun müayinəsi ilə əlaqədar, hadisənin baş verdiyi gün tibbi müayinəyə aparılmış və sorxoşluğu müəyyən edilməmişdir. Halbuki, onun hərəkətlərində narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğu halda, həmin vaxt polis əməkdaşları tərəfindən eyni zamanda narkotik vasitədən istifadə edib-etməməsi ilə əlaqədar tibbi müayinəyə göndərilməli idi. Lakin, bununla bağlı hər hansı bir tədbir görülməmiş, hadisədən 1 gün sonra şəxs narkotik vasitədən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə əlaqədar tibbi müayinəyə aparılmış və Şəxs barəsində hadisədən 1 gün sonra, yəni 15 noyabr 2024-cü il tarixdə keçirilmiş tibbi müayinənin nəticələrinə əsaslanaraq İXM-in 333-1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 333-1.3-cü maddəsinin dispozisiyasından da isə görünür ki, həmin maddənin tərkib əlamətlərinin yaranması üçün əsas- şəxsin nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsidir. Lakin məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallarla, şəxsin 14 noyabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi faktı sübuta yetirilmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 333-1.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in in 333-1.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-712/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-712/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver