Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-726/2024 13.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuş, azərbaycanlı, orta təhsilli, təqaüdçü, Beyləqan rayonu Bahar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Beyləqan rayon Polis Şöbəsi DYPB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala görə, Şəxs 16 noyabr 2024-cü il tarixdə, saat 12:27-də "Vaz 2106” minik markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili YQK- Daşburun yolunun 16-cı kilometrliyində idarə edərkən yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu şübhə doğurduğu üçün sərxoşluq müayinəsindən keçirilmiş və sərxoş olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən 16 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta haqqında tərtib olunmuş protokolda qeyd edilən xətanı törətmədiyini və bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O bildirmişdir ki, ağ ciyərində olan xəstəliklə əlaqədar tez-tez tibbi spirtdən istifadə edir. Polis əməkdaşı onu saxlayan zaman ondan gələn spirt qoxusunun nə olduğunu soruşan zamanda bildirmişdir ki, xəstəliyi ilə əlaqədar tibbi spirtdən mütəmadi olaraq istifadə edir. Daha sonra polis əməkdaşı ondan şübhələndiyini və sərxoş olub-olmadığını soruşmuş, o, polis əməkdaşına 3 gün əvvəl spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onun sərxoşluğunu alkotestrlə yoxlamış sərxoşluğu olmamışdır. Polis əməkdaşı onu yenə də sərxoşluğunu müəyyən etmək üçün həkim müayinəsinə aparmışdır. Müayinənin nəticəsinə görə ondan spirt qoxusu gəldiyi göstərilsədə onun sərxoş olması öz təsdiqni tapmamışdır. Beyləqan rayon Polis Şöbəsi DYPB-nə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və tədqiq edilmiş: İXP seriyalı 6686547, 16 noyabr 2024-cü il tarixli protokolda Şəxs nəqliyyat vasitəsinin spirtli içkilərdən istifadə etməklə idarə edilməsi ilə bağlı İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusu törətməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli İnsan psixikasına təsir edən İstehla və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi muayinə barədə 918/2024 saylı protokolda Şəxs nəfəsindən spirt iyi gəlməsi, lakin ayıq olması göstərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair icraata aşağıda göstərilənlərə əsasən xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 918/2024 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, müayinə zamanı Şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Beləliklə, təsvir edilmiş hallardan göründüyü kimi, sürücü Şəxs sərxoşluq vəziyyəti yalnız tibbi müayinə aktı ilə təsdiq edilə bilər ki, həmin tibbi müayinə aktında Şəxs sərxoşluq vəziyyəti olmadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi sürücü Şəxs müayinə zamanı sərxoşluq vəziyyəti olmadığı müəyyən edildiyindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan sürücü Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olması sübut edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi müəyyən olunmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2,114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-726/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-726/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver