Məhkəmə qərarları › İş №3(020)-94/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-94/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-94/2023 07.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştrakı ilə, xx.xx.1998-ci ildə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu Yeni Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 23 radələrində yaşadığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən kafedə 20 qəpik puldan kartla qumar oynaması Beyləqan rayon polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahatında göstərdi ki, 17 yanvar 2023-cü il tarixdə saat 23 radələrində həmkəndlisi Həsən adlı şəxsin kafesinə getmiş, kafedə bir qədər dayandıqdan sonra orada olan həmkəndliləri Bəylərov Seymur, Məmmədli Elşən və Qarayev Adillə 20 qəpik puldan kartla qumar oynamaq qərarına gəlmiş və masaya əyləşərək 20 qəpik puldan qumar oynamağa başlamışlar. Qumar oynamağa başladıqdan bir qədər sonra kənd ərazisində xidmətdə olan rayon polis şöbəsinin əməkdaşları kafeyə daxil olmuş, stolun üstündə olan 36 ədəd oyun kartını, oyun masasında olan 1 manat kağız əskinası və 2 manat 40 qəpik 20 qəpiyi götürərək onları polis şöbəsinə aparmışlar. Hərəkətlərindən peşimandır. Bir daha belə hərəkətlər yol vermiyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Beyləqan rayon PŞ-nin PPXB-nün polis nəfəri polis baş serjantı X3 Beyləqan rayon polis şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində RPŞ-nin PPXB-nün polis nəfərləri Qarazadə Tural və Səbuhi Sədətxanovla birlikdə rayonun Yeni Mil qəsəbəsində xidmətdə olduqları zaman həmin kənd ərazisində yerləşən çayxanada səs-küy gəldiyini eşitmişlər. Həmin çayxanaya yaxınlaşan zaman çayxanada bir neçə nəfərin pul ilə kart qumar oyunu oynadığını görərək həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşan zaman masanın üzərində qumar kartı, 1 manatlıq pul əskinası və 2 manat 40 qəpik 20 qəpiklər olmuşdur. Həmin şəxslər qumar oynadıqlarına görə onlara özlərini təqdim edərək həmin şəxsləri rayon PŞ-ə gətirmişlər. PŞ-də həmin şəxslərin Beyləqan rayonu Yeni Mil qəsəbə sakinləri X1, X5, X4, X2 və Şəxs olmaları onlara məlum olmuşdur. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 23 radələrində yaşadığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən kafedə 20 qəpik puldan kartla qumar oynaması Beyləqan rayon polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Beləliklə məhkəmə iclasında dindirilən inzibati xəta əməli törətmiş şəxsin və iş materialları ilə Şəxs pulla qumar oynaması kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 525ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati qaydada tədbir görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs şəxsiyyətini, əməlini etiraf etməsi ilə yanaşı hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar