Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-944/2025 11.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradlı Calal Habil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 15 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:48-də Z.Əliyeva küçəsində səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Beyləqan RPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 15 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 3(020)-944/2025 nömrəli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Şəxs dərhal məhkəmə iclas zalında azad edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 3(020)-944/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviriəsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...birinci instansiya məhkəməsi tərəfindən barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşları tərəfindən fiziki, psixi zorakılığa, təzyiqə məruz qalıb-qalmaması, inzibati icraata dair prosessual sənədlərdə olan imzaların ona məxsus olub-olmaması, həmin imzaların saxtalaşdırılıbsaxtalaşdırılmaması məsələləri aydınlaşdırılmamış, polis əməkdaşlarının ifadələri arasında olan ziddiyyətlərə hüquqi qiymət verilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarına xüsusi diqqət yetirilməmiş, məhkəmə iş üzrə səthi araşdırma aparmaqla, yuxarıda qeyd olunan sübutlara kifayət qədər ciddi yanaşmadan şəxsin İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməsi barədə səthi qərar qəbul etmişdir”. Beyləqan RPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 22 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Beyləqan rayon X10-İstintaq Qrupunda olduğu zaman Beyləqan rayon Polis şöbəsinin Post-Patrul tağımının polis nəfəri polis serjantı Samir Abbasov və Beyləqan rayon Polis şöbəsinin məsul növbətçisi Namiq Zeynalovun raportu icraatına daxil olmuşdur. Raportun icraası ilə əlaqədar vətəndaş Şəxs və polis əməkdaşlarının izahatları alınmışdır. Raportda qeyd olunmuşdur ki, vətəndaş Şəxs polis şöbəsinə ərizə ilə müraciət etmək üçün gəlmiş, sonra geri qayıdıb telefonunu götürən zaman Zərifə Əliyeva küçəsində RPŞ-nin qarşısında qapı postunda polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onu nizam-intizama dəvət etsələr də, yenə polisin inzibati binası daxilində nalayiq ifadələr işlətmişdir. Vətəndaş Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə gətirmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdə Şəxs adının qarşısındakı imzalar həmin şəxsin özü tərəfindən imzalanmışdır. Həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş şəxsə verilmiş suallara cavab olaraq bildirmişdir ki, azadlıq hüququ məhdudlaşdırılmadan öncə barəsində inzibati icraat aparılan Şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxs rayon Polis şöbəsində intizamsızlıq edərək, İXM-nin 510 və 535.1-ci maddələrinin tələbini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, əvvəlcə polis şöbəsinin girişində 1 nömrəli postda, daha sonra isə polisin inzibati binası daxilində intizamsızlıq etmişdir. Həmin şəxs iddia edirdi ki, təzyiq altında izahat yazmışdır. Ona görə də onun tərəfindən Şəxs izahatı təkrarən alınmışdır. Beyləqan RPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Şəxs barəsində ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 15 noyabr 2025-ci il tarixində səhər saat 09:32-də polis əməkdaşı Sənan Bəbirov ona zəng edərək, Beyləqan Rayon Namiq Allahverdiyev adına 1N-li məktəbin direktoru X5 və onun tədris işləri üzrə müavini Lətafət Məmmədova barəsində DİN-nin 102 qaynar xətt xidmətinə etdiyi müraciətlərlə bağlı polis rəisinin müavini X4 onunla görüşmək istədiyini bildirmişdir. O, isə bildirmişdir ki, onun həftənin 1-ci günündən təhsil məzuniyyəti başlayır. Lakin bu gün gəlməyə çalışacaq. O, həmin gün müraciət ərizəsi ilə polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşmış, onun haqqında olan məlumatlar qeydə alınmışdır. Polis əməkdaşı Elşən Abuzərli onun müraciətinə baxılmayacağını bildirmişdir. O, isə poçtla göndərəcəyini bildirmiş və polis şöbəsinin inzibati binasını tərk etmişdir. Lakin telefonunu orada unutduğundan polis şöbəsinə geri qayıtmalı olmuşdur. Bu vaxtı idman paltarında X17 binası qarşısında çoxlu polislər var imiş və onlardan biri ondan müraciətini kimin qəbul etmədiyini soruşmuşdur. Həmin polis əməkdaşı X14 olmuşdur. O, polisə Elşən Abuzərlinin müraciətini qəbul etməkdən imtina etdiyini, dövlət qulluqçusunun hamı üçün vicdanlılıq nümunəsi olmalı olduğunu, bir rayondan başqa rayona gəldiyini, onun nə qadınlığına, nə də müəllimliyinə hörmət edilmədiyini demişdir. Bundan sonra, şöbədən çıxan zaman Qərib Musayev onun boynundan tutub fırladıb zorla onu şöbəyə tərəf aparmış, o, nə üçün tutulub aparıldığını bilmənişdir. Qərib Musayev onu şöbəyə tərəf aparmış, digər polislər də onların ətrafına toplaşmış, Emil Mustafayev onu aparmaları barədə göstəriş vermiş, sonra növbətçi hissədən içəri daxil olmuşlar. Onu padvala doğru saçından, şalvarının belindən, qollarından tutub sürüyüb aparmışlar. Əşyaları çantasından pilləkənlərə tökülmüşdür. O, polislərə onunla insan kimi davranmalarını demiş, sonra burnundan qan açılmış, polisin biri padvalda olanda salfetka ilə silmiş, ona orada oturmağını demiş, X23 və Rahib adlı polis yenidən onu padvaldan birinci mərtəbəyə növbətçi hissənin qarşısına tərəf eyni qaydada zorakılıqla aparmışlar, bu dəfə bir polisin onu telefonla videoya çəkdiyini görmüşdür. X20 dəmir qapılı saxlanma yerinə aparıb paltarını soyunmağını demiş, digər polislər onu otaqdan çıxarmışlar, sonra onu yuxarı mərtəbəyə aparmışlar. Sonra öz inzibati pozuntularını gizlətmək üçün Qərib Musayev protokol tərtib etmiş, Pərviz Tarverdiyev də onun yanında olmuşdur. Sonra polislər ona “aşağıda bir qadın var, onunla padvalda qalarsan” demişlər, ona iki dəfə izahat yazdırmışlar. X1 verib polisin qanuni tələbinə niyə tabe olmadığını soruşmuş, o, da tabe olduğunu, bir neçə nəfərin onu şöbəyə apardığını demişdir. Sonra polislərin nalayiq ifadə işlətdiyini bildirib onu şöbəyə aparmaqlarının onların iddiası olduğunu yazmış, polislər onun başının üstündə durub, təzyiq altında güclə dedikləri sözlərdən yayınmağa çalışmış, Pərviz Tarverdiyev bir neçə polisə eyni məzmunlu izahatı diktə etmiş, onlar da yazmışlar, öz inzibati pozuntularını gizlətmək üçün yalançı protokol tərtib etmişlər. O, nə bildirişə, nə də protokola imza etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, inzibati iş materiallarında onun adının qarşısında olan imzalar ona aid deyil, o, heç bir sənədi imzalamamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında barəsində olan inzibati xəta haqqında iş üzrə təqsirinin sübuta yetmədiyini bildirərək, iş üzrə icraatın rədd edilməsini məhkəmədən xahiş etdi. 22 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X14 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o, və digər polis əməkdaşları şöbənin inzibati binasının həyətində olmuşlar, həmin gün idman günü olmuşdur. Səs-küy eşitmişlər, Şəxs Polis şöbəsinin binasının girişində, bayırda, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də əmr vermiş, post-patrul xidmətini dəvət etmiş, içəri daxil olmuşdur. İçəridə növbətçi köməkçisi Abuzərli Elşəni söyən zaman rəhbərliyin göstərişinə əsasən Şəxs polisin inzibati binasına dəvət olunmuş, saxlanılmış, protokol tərtib olunmuş, qadın əməkdaş olmadığı üçün xadimə vasitəsilə üstünə baxış keçirilmişdir. Bundan sonra inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə gətirilmişdir. Həmçinin şahidə verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq edir. Şəxs Elşən Abuzərli və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. 22 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri, polis serjantı X15 izahat verərək bildirmişdir ki, 15 noyabr 2025-ci il tarixdə, saat 18:45 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Elməddin Məmmədovla RPŞ-nin inzibati binasının 1 saylı qapı postunda xidmətdə olduqları zaman bir nəfər qadın onlara yaxınlaşaraq, ərizə ilə müraciət etmək istədiyini bildirmiş, onlar onu yoxlayan zaman çox aqressiv olmuş, əsəbləşərək, onlara xanım olduğunu, niyə yoxlandığını demişdir. Onlar onu yoxladıqdan sonra həmin şəxsi polis şöbəsinin inzibati binasının daxilində olan növbətçi hissəyə göndərmişlər. Lakin sonradan adının Şəxs olduğunu bildikləri həmin qadın əsəbi bir halda polis şöbəsindən çıxıb getmiş, sonra yenə telefonu qaldığı üçün geri qayıdaraq gələndə polisin ünvanına yüksək tonla “cındırlar, şərəfsizlər hardadırlar mənim ərizəmi qəbul etmirlər” kimi nalayiq ifadələr işlədərək söyüşlər söyməyə başlamışdır. Həmin vaxt idman vaxtı idi. Onlar onu sakitləşdirməyə çalışsalar da, o, sakitləşmədi və öz əməllərini davam etdirdi. Şəxs getməkdən imtina etdiyinə görə onu növbətçi hissəyə təqdim etmişlər və yenidən xidmət yerinə qayıtmışlar. Həmçinin şahidə verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin vaxt Şəxs heç bir təzyiq göstərilməmişdir. 22 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan PPXB-nin polis nəfəri, polis serjantı X7 izahat verərək bildirmişdir ki, 15 noyabr 2025-ci il tarixdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X15 ilə RPŞ-nin inzibati binasının 1 saylı qapı postunda xidmətdə olduqları zaman sonradan şəxsiyyəti onlara məlum olan Şəxs onlara yaxınlaşaraq müraciət etmək üçün gəldiyini bildirmişdir. Onlar da öz xidməti vəzifələrini yerinə yetirərək xanımın mobil telefonunu alaraq şəxsiyyətini təsdiq edən sənədə baxıb içəri göndərmişlər. Sonra Şəxs çıxıb getmişdir. Bir qədər keçmədən Şəxs geri qayıdaraq telefonun qapı postunda qaldığını bildirmiş, həmin vaxt Şəxs ümumi olaraq polisin ünvanına “cındırlar, şərəfsizlər” kimi nalayiq ifadələr işlədərək söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs nə üçün belə sözlər işlətməsinin səbəbini soruşduqda isə o, “mənim işimə niyə baxılmır” kimi sözlər işlətmişdir. Onlar onu dəfələrlə sakitləşdirməyə çalışsalar da, aqressiv münasibətini davam etdirərək, təkrarən “cındırlar, şərəfsizlər, ləyaqətsizlər” kimi ifadələr işlətmişdir. Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərlərinə tabe olmamışdır. Buna görə də onlar Şəxs növbətçi hissəyə təhvil vermişlər. Həmçinin şahidə verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs nalayiq ifadələri postda, binanın içərisində işlətmişdir. 22 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi, polis kapitanı X8 izahat verərək bildirmişdir ki, 15 noyabr 2025-ci il tarixdə RPŞ-nin növbətçi hissəsində xidmətdə olduqları zaman sonradan şəxsiyyəti onlara məlum olan Şəxs onlara yaxınlaşaraq müraciət etmək üçün gəldiyini bildirmişdir. Onlara ərizə üçün indeks verilməsini istəmişdir. Onlar ona dəftərxananın bağlı olduğunu, səhəri gün yaxınlaşmasını bildirmişlər. Sonra Şəxs danışa-danışa çıxıb getmişdir. Sonra səs-küy eşitmişlər. Səs-küy gələndən bir neçə dəqiqə sonra qapı postu xanımı içəri gətirmişdir. İçəri girəndən sonra xanım polisin ünvanına “biqeyrətlər, şərəfsizlər” kimi nalayiq ifadələr işlədərək söyüş söyməyə başlamışdır. Onlar da onu nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Qanuni tədbir görülməsi üçün raportla müraciət olunmuşdur. Həmçinin şahidə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs bayırda qapı postunda da polis əməkdaşları ilə mübahisə etmiş və polisin ünvanına nalayiq ifadələr işləmişdir. Həmçinin içəri gətiriləndən sonra da polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs heç bir təzyiq olunmamışdır. Həmin şəxsi Elməddin və Samir adlı polis əməkdaşları polisin inzibati binasına gətirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayon polis şöbəsinin PPXB-nin polis baş serjantı Samir Abbasov tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış 15 noyabr 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:45 radələrində post yoldaşı Elməddin Məmmədovla birlikdə Beyləqan rayon Polis şöbəsinin 1 saylı qapı postunda xidmətdə olduqları zaman bir nəfər şəxs Zərifə Əliyeva küçəsində ünvansız olaraq nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunan səbəblərdən sonradan adının məlum olduğu Şəxs rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” 15 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 20:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2026-cı il tarixli, 4/176 nömrəli Ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, inzibati işin 5-ci vərəqində olan xx.xx.2025-ci il tarixli Bildirişdə ’’Şəxs” yazıları qarşısındakı imza; 6-7-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* № li İnzibati xəta haqqında protokolun 1-ci vərəqinin aşağı hissəsində “izahatda bildirdi ki,” yazıları qarşısındakı imza və “Üzərimdə heç bir bahalı zinyət əşyası yoxdur, kartlarım yerindədir” əlyazmaları, 2-ci vərəqində “2.” rəqəmləri qarşısındakı və “imza” qrafasındakı imzalar (3 ədəd); 8-ci vərəqində olan xx.xx.2025-ci il tarixli izahatda “Mənə verilən suallara cavab olaraq bildirir ki,” yazılarından sonrakı əlyazmalar (“sual” hissələrindəki əlyazmalardan başqa) və həmin izahatın üz tərəfinin aşağı hissəsindəki və arxa tərəfində “İ.Aynurə Rəftar” əlyazmaları qarşısındakı imzalar; 9-cu vərəqində olan xx.xx.2025-ci il tarixli izahatda “Mənə verilən suallara cavab olaraq bildirirəm ki,” yazılarından sonrakı əlyazmalar və həmin izahatın üz tərəfinin aşağı hissəsindəki və arxa tərəfində “Şəxs” əlyazmaları qarşısındakı imzalar; 14-cü vərəqində olan xx.xx.2025-ci il tarixli AZA seriyalı 028080 № li İnzibati qaydada tutma haqqında protokolda “İnzibati qaydada tutulanın imzası:” qrafasındakı imza; 15-ci vərəqində olan xx.xx.2025-ci il tarixli AZA seriyalı 006264 nömrəli Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokolun arxa tərəfində “Şəxsi axtarış aparılan şəxsin imzası:” və “Təhvil aldım:” qrafalarındakı imzalar - Şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, inzibati işin 14-cü vərəqində olan xx.xx.2025-ci il tarixli AZA seriyalı 028080 № li İnzibati qaydada tutma haqqında protokolda “Azad edilənin imzası” və “Azad edilənin” qrafalarındakı imzaların - Şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə, şahidlərin izahatları və ekspert rəyi ilə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Həmçinin Beyləqan rayon prokurorluğunun xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Şəxs Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zora, işgəncəyə məruz qalmasına dair fakt üzrə rayon prokurorluğunda araşdırma davam etdirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 55.1 və 55.1.1-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Tamerlan İslamov
Məhkəmə qərarları › İş №3(020)-944/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-944/2025
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver