Məhkəmə qərarları › İş №3(020)-970/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-970/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-970/2023 20.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-412/2021 saylı, 29 mart 2021ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 4000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb X3 verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-412/2021 saylı, 29 mart 2021-ci il tarixli icra sənədinə əsasən ondan borca görə 4000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb X3 verilməlidir. məhkəmə qərarında göstərilmiş borcdan 2021-ci ildə 20.000 Rus rublu ödəmiş, qalan borcunu maddi imkanı zəif olduğundan bugünədək ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən onun ünvanına bildiriş gəlmiş, icra şöbəsinə gəlmiş və icra məmuru ona hüquq və vəzifələrini izah edərək icra sənədi üzrə borcunu ödəməsini tələb etmişdir. O, icra şöbəsində izahat verərək icra sənədi üzrə borcundan 500 manat ödəməyə imkanı olduğunu, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin icra məmuru onunla razılaşmamış və borcunu tam olaraq ödəməsini tələb etmişdir. Hazırda icra sənədi üzrə borcundan 500 manat tələbkara ödəmiş, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmır. Göstərilənləri nəzərə alıb icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-412/2021 saylı, 29 mart 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 4000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb X3 verilməlidir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcunu bugünədək ödəməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, icra şöbəsində izahat verərək borcunu maddi imkanı olmadığından ödəmədiyini, hazırda 500 manat ödəniş etməyə maddi imkanının olduğunu bildirmişdir. Bu barədə tələbkar X5 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, lakin tələbkra X5 borcundan ən azı 1000 manat ödənilməsini tələb etmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-412/2021 saylı, 29 mart 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs borca görə 4000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb X3 verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan ismayılovun izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkar olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs hazırda icra sənədi üzrə borcundan 500 manat tələbkara ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs xx.xx.2023-cü il tarixdə isə icra sənədi üzrə borcundan 500 manat tələbkar X2 plastik kart hesabına ödəmişdir. Qalan borcunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar