Məhkəmə qərarları › İş №3(021)-1004/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1004/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1004/2022 01.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirаkı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarı ilə X7 İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarı qanuna ziddir. Belə ki, onun yaşadığı evdən və ya onun həyətyanı sahəsindən nə 2020-ci ildə, nə də indi su arxına ayaqyolu və hamamdan çıxan çirkab suları axıdılmayıb. Həyətyanı torpaq sahəsinin aşağı çıxışında olan 120 mm-lik boru isə hasarın altında ona görə qoyulmuşdur ki, həyətə yığılan yağış suyu və ya suvarma suyu göllənmə yaratmasın, həmin boru vasitəsi ilə həyətdən çıxıb su arxına tökülərək axıb getsin. Nə ayaqyolunun, nə də hamamın həmin boru ilə heç bir əlaqəsi olmayıb və indi də yoxdur. Bundan başqa protokol tərətib edən şəxslər nə onun, nə ailə üzvülərinin, nə Mirzalıbəyli Bələdiyyəsinin yaxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsinin iştirakını təmin etməmişdir. Hesab edir ki, baxış zamanı onun iştirakının təmin olunmaması ciddi inzibati prosessual pozuntudur. Həmin protokol əsasında qərar qəbul edilməsindən xəbəri olmamışdır. Belə ki, Qarabağ müharibəsi veteranı olduğundan aylıq 87 manat təqaüd alır. 2022-ci ilin iyun ayı üçün və əvvəlki aylardan yığılıb qalan müharibə veteranı təqaüdünü bankomat vasitəsi ilə almaq istədikdə ona məlum olmuşdur ki, təqaüdündən tutulmalar olmuşdur. Bankdan bunun səbəbini maraqlandıqda isə ona bildirilmişdir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən məktub əsasında tutulmalar aparılmışdır. Bu səbəbdən Bərdə rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, ordadan isə bildirilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən 600 manat cərimə olunduğuna görə həmin cərimənin tutulması onun taqaüdünə yönəlmişdir. Bundan sonra həmin qərarın surətini 08 iyul 2022-ci il tarixdə Bərdə rayon İcra və probasiya Şöbəsindən almışdır. Hesab edir ki, qərarın surtini 08 iyul 2022-ci il tarixdə aldığından qərardan şikayət vermək müddətini ötürməmişdir. Şikayətini əsaslandırdığı hallara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin onun barəsində tərtib etdiyi MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri-obyektiv olduğu üçün onun icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X7 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin tərtib etdiyi MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, X7 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması barədə, eləcə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onun ünvanına göndərilmiş, həmin sənədlər X7 tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Bu barədə poçt xəbərnamələri də 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmışdır. Lakin həmin vaxtdan uzun müddət keçdikdən sonra X7 tərəfindən şikayət verilmişdir. Bu səbəbdən də şikayəti əsassız hesab edir. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 61970 saylı iyun 2020-ci il tarixli aktın və onun əsasında verilməklə sözügedən idarə tərəfindən Bərdə rayonu Mirzalıbəyli kənd sakini X6 ünvanlanmış 16 iyun 2020-ci il tarixli 73 saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün verdiyi “Məcburi Göstərişi”n surətindən görünür ki, Sabir Misirovun ərtaf mühitə çirkab sular axıtdığı göstərilmiş və ona 1 ay müddətində məişətində formalaşan fekal (çirkab) suların boru vasitəsilə Bərdə rayon Mirzalıbəyli kəndi ərazisindən keçən su arxına axıdılmasının dayandırılması və həmin çirkab suların toplanması üçün həyətyanı sahəsində torpaqdan təcrid olunmuş yeraltı hovuz (şambo) inşa olunmasının təmin edilməsi, habelə sözügedən nöqsanların aradan qaldırılması üçün 20 iyul 2020-ci il tarixə kimi idarəyə məlumat verməsi tapşırılmış, əks təqdirdə müvafiq məsuliyyət tədbirlərinin tətbiqi barədə Sabir Misirov xəbərdar edilmişdir. Sifarişli poçt xəbərnaməsinin surətindən görünür ki, inzibati xəta törədən şəxs Sabir Misirov göstərilən məcburi göstərişi xx.xx.2020-ci il tarixdə öz şəxsi imzası ilə almışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı protokolla Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıdılmasına görə X4 barəsində AR.İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqıda protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarının surətindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kənd ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıdılmasına görə X7 İXM-nin 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xx.xx.2020-ci il tarixli X6 ünvanlanmış məktubunun surətindən görünür ki, İXM-nin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati materialların xx.xx.2020-ci il tarixdə saat 15:00-da baxılması ilə əlaqədar Sabir Misirov xəbərdar olunmuşdur. Poçt xəbərnaməsindən görünür ki, həmin məktub 26 iyun 2020-ci il tarixdə X7 tərəfindən alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin X4 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN № ******* saylı qərarı icra olunması üçün idarənin bank rekvizitləri X6 göndərilmişdir. Həmin məktub 21 avqust 2020-ci il tarixdə X7 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 19 mart 2021-ci il tarixli məktubunun surətindən görünür ki, qərar icra edilməsi üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bərdə rayonu Mirzalıbəyli kənd sakini X6 ünvanlanmış 16 iyun 2020-ci il tarixli 73 saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün verdiyi “Məcburi Göstərişi”n tələbləri inzibati xəta törədən şəxs tərəfindən yerinə yetirilmədiyi üçün inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN № ******* saylı protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarına əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-in 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X1 rayonu, Mirzalıbəyli kənd ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıdılmasına görə İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyindən barəsində 600 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Belə olan halda X4 təqsirsiz olması barədə fikirlər əsassızdır. Bundan başqa məhkəmə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarından məlumatı olmaması ilə bağlı göstərdiklərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bərdə rayonu Mirzalıbəyli kənd sakini X6 ünvanlanmış 16 iyun 2020-ci il tarixli 73 saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün verdiyi “Məcburi Göstərişi”n çatması barədə poçt xəbərnaməsinin surətindən onun bu haqda xx.xx.2020-ci il tarixdə məlumatlandırılması, lakin pozuntuların davam etməsi, həmçinin iş materiallarında olan digər poçt xəbərnamələrinin surətindən görünür ki, X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin İXM-nin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati materiallarına xx.xx.2020-ci il tarixdə saat 15:00-da baxılması ilə əlaqədar xəbərdarlıq məktubunu 26 iyun 2020-ci il tarixdə almışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xx.xx.2020-ci il tarixli MN № ******* saylı qərarı icra olunması üçün idarənin bank rekvizitlərinə dair məktubu 21 avqust 2020-ci il tarixdə X7 tərəfindən qəbul edilmişdir. Həmin sənədlər X7 tərəfindən uzun müddət bundan əvvəl qəbul edilməsinə baxmayaraq X7 qərarı mübahisələndirməmiş, uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin X7 barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2020-ci tarixli qərarı qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar