Məhkəmə qərarları › İş №3(021)-1017/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1017/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1017/2025 14.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Bərdə RPŞ, İTB polis sahə rəisi X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati icraat aparılan Şəxs və müdafiəçisi-vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Ağdaş rayon Qəribli kənd tam orta məktəbində müəllim işləyən, subay, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə Regional Təhsil İdarəsinin inzibati inasında səs-küy salaraq ünvansız yüksək səslə nalayiq ifadələr işlətmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Bərdə RPŞ-nin polis sahə rəisi X7 bildirdi ki, protokolu müdafiə edir. Şəxsin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o, Ağdaş rayon Qəribli kənd orta məktəbində fransız dili müəllimi işləyir. Eşidib ki, Bərdə rayon Mehdixanlı kənd məktəbində vakansiya var bu barədə məktəbin direktoru təqdimat yazıb göndərmiş, lakin onun ərizəsi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən Elm və Təhsil Nazirliyinə göndərilməmişdir. Bunun səbəbini öyrənmək üçün gedib və orda ona bildiriblər ki, onun ərizəsini göndərməyəcəklər. Hazırda onunla kobud danışan və rəftar edən Qarabağ Regional Təhsil İdarəsində işləyən Fəridə xanım və onun 3-4 iş yoldaşı olublar və ona şər böhtan atıblar. Onun tərəfindən həmin idarədə səs-küy salınmamışdır. O, həmin idarəyə yaxınlaşaraq, ərizəsinə dair məlumat almaq istəmişdir. Sonradan Fəridə xanım adlı şəxs səs-küy salaraq atası və onun otaqdan çıxmasını tələb etmişdir. Bundan sonra onlar həmin idarəni tərk etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs vəkili X5 bildirdi ki, Şəxs hərəkətlərində xırda xuliqanlıq elementləri yoxdur. Başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, Şəlalə işlə bağlı müraciət etmiş, lakin nalayiq ifadələr işlətmişdir. Əvvəllər də həmin idarədə olmuşdur. Lakin sonuncu dəfə Fəridə xanımı ağlatmışdır. Müraciəti hal-hazırda idarədə baxılmaqdadır. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati tərkib olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunsa da, onun əməlində inzibati xəta tərkibi müəyyən olunmur. Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən olunur ki, Şəxs Qarabağ Regional Təhsil idarəsinə həqiqətən müraciəti olmuş, bununla bağlı o və atası X6 idarəyə yaxınlaşmış, müraciətin nəticəsi barədə məlumat almaq istəmişlər. Lakin tərəflər arasında yaranmış sözlü mübahisə və xoşagəlməz rəftar nəticəsində şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ehtiva edilən ictimai qaydanın pozulması müəyyən olunmur. Qeyd olunanlara əsasən, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməyərək, əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilsin. Şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bərdə rayon Vəkil bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 02 (iki) saata görə 22 (iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar