Məhkəmə qərarları › İş №3(021)-1023/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1023/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1023/2025 17.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi,məhkəmə iclasının katibi X6, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan,orta təhsilli, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair, Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17 oktyabr 2025-ci il tarixli MN №2327070 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(021)-174/2025 saylı icra sənədinə əsasən Bərdə Rayon Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2(021)-2722/2022 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs tutulan sabit pul məbləğində alimentin məbləği bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.3 misli həddində indeksasiya olunmuş, indeksasiya edilmiş aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 15 aprel 2025-ci il tarixdən başlanılması müəyyən edilmişdir. Şəxs Bərdə Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(021)- 174/2025 saylı icra sənədini icra etməmiş, nəticədə 2624 manat aliment borcu yaranmışdır. Borclu icra sənədi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini həmişə vaxtında ödəmişdir. İkinci dəfə ailə qurmuşdur. İkinci ailəsindən də iki övladı var. Təxminən iki ay olar ki, ikinci nikahdan doğulmuş övladı xəstələnmiş, başı onun müalicəsinə qarışmışdır. Buna görə də alimentin ödənilməsində borcu yaranmışdır. 2020-ci ildən bu vaxta qədər alimenti vaxtında ödəmişdir. Həmişə övladlarının ehtiyaclarını ödəməyə çalışmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx xxxx 1985-ci ildə doğulmuşdur. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(021)-174/2025 saylı qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2(021)-2722/2022 saylı icra sənədi icra edilənədək müvəqqəti olaraq Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti olaraq məhdudlaşırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2(021)-2722/2022 icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, 27 aprel 2011-ci il təvəllüdlü X5 və 28 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-945/2021 saylı, 05 fevral 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməklə cavabdeh Şəxs alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(021)-174/2025 saylı qərardadından görünür ki, ərizəçi X2 ərizəsi təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2(021)-2722/2022 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs tutulan sabit pul məbləğində alimentin məbləği bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,53 misli həddində indeksasiya olunması, indeksasiya edilmiş aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 15 aprel 2025-ci il tarixdən etibarən başlanılması qərara alınmışdır. İnzibati iş materiallarına əlavə edilmiş 7 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(021)-174/2025 saylı icra sənədinin icrasını təmin etmək üçün borclunun yaşadığı ünvana baxış keçirilməsi, baxış zamanı ailənin zəruri istifadəsindən artıq həbs qoyula biləcək əmlakının aşkar edilməməsi aktlaşdırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(021)-174/2025 saylı icra sənədi üzrə icraata başlanılmış və icra sənədi üzrə icranı dərhal könüllü icra etmək borclu Şəxs tələb edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(021)-174/2025 saylı icra sənədi üzrə icranı 10 gün müddətində könüllü icra etmək borclu Şəxs xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(021)-174/2025 saylı icra sənədi üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında borc məbləğinin tam ödənildiyini təsdiq edən heç bir sənədin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirlidir və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Lakin Şəxs tərəfindən yayındırılan məbləğin həcmi onun təbii və konstitusion hüququ olan azadlıq hüququnun məhdudlaşdırılmasına hüquqi müəyyənlik prinsipi baxımından rəvac vermir. Məhkəmə qəbul edir ki, yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq tam şəkildə icra olunmadan qalması şəxsin məhkəməyə müraciət hüququnu xəyali hüquqa çevirərdi. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin səmimi etiraf etməsi, əməlindən peşman olması, himayəsində azyaşlı uşağının olması, mütəmadi şəkildə tam olmasa da aliment öhdəliklərini icra etməsini, inzibati məsuliyyətini yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, yaranmış aliment üzrə borc məbləğinin yarısının qətnamə üzrə sabit pul şəklində tutulan alimentin indeksasiya olunduqdan sonra artması nəticəsində yarandığını, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şəxs bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs 17 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar