Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1026/2023 25.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, X2 “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 23 may 2023-cü il tarixli EQ 14646700 saylı qərardan şikayəti barədə inzibati xətaya dair iş üzrə hakim Əhmədov Elsun Məzahir oğlunun özü-özünə verdiyi etiraza açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 23 may 2023-cü il tarixli EQ 14646700 saylı qərara əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X3 məhkəməyə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Baş Dövlət yol Polisi İdarəsinin 23 may 2023-cü il tarixli EQ 14646700 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsində sürücü vəzifəsində işləyir. 23 may 2023-cü il tarixdə saat 13 radələrində Bərdə Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları məhkəmənin binasının qarşısında hərəkət zolağından kənarda dayanmış Bərdə Rayon Məhkəməsinin 10 АО 063 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı xidməti avtomobilinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Yol hərəkəti qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ14646700 saylı Elektron qərar ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Tərtib edilmiş inzibati protokol tamamilə qanunsuzdur. Ona görə də ləğv edilməlidir. Belə ki, Bərdə Rayon Məhkəməsinin inzibati binasının ətrafında və daxilində avtomaşın dayanacağı üçün yer nəzərdə tutulmamışdır, binanın qarşısında ümumi istifadədə olan asfalt yol keçir və həmin ərazidən başqa digər ərazidə maşın saxlanılması üçün yer ayrılmamışdır. Bundan başqa polis əməkdaşları avtomobilə yaxınlaşdıqda o özü avtomobilin yanında olmuşdur. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinin tələblətinə əsasən bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Polis əməkdaşlarına bu barədə öz etirazını bildirməyə çalışdıqda isə polis əməkdaşları ona qarşı güc tətbiq edərək onu zorla öz xidməti avtomobilinə əyləşdirməyə çalışmışlar. Bundan başqa 10 АО 063 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil Bərdə Rayon Məhkəməsinin xidməti avtomobilidir. Həmin avtomobilin yanında olmuş, eyni zamanda avtomobil işlək vəziyyətdə olmuşdur. Lakin buna baxmayaraq Yol Patrul Xidməti inspektoru vəzifəsindən sui-istifadə edərək qərəzli şəkildə avtomobilin şəkillərini çəkmişdir. Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur. İşə baxan Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu özüözünə etiraz verərək yekun məhkəmə aktının şübhə altına alınmamasını təmin etmək məqsədi ilə baxılan iş üzrə özü-özünə etiraz etmiş və etirazının təmin edilməsini xahiş etmişdir. Hakim Əhmədov Elsun Əhməd oğlu özü-özünə etirazını onunla əsaslandırmışdır ki, Bərdə rayonu Əmirli kənd sakini X1 Rayon Məhkəməsinə Yol hərəkəti qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 23 may 2023-cü il tarixli EQ14646700 saylı Elektron qərardan şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizə icraatına daxil olmuş və iş üzrə məhkəmə iclası 06 iyun 2023-cü il tarixə təyin edilmişdir. Lakin tərəflərin iştiraklarını təmin etmək mümkün olmadığından 21 iyun 2023-cü il tarixə təxirə salınmışdır. Bir hakim kimi şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasa da, hesab edir ki, hazırki şikayət ərizəsinə baxılmasında iştirak edə bilməz, özü-özünə etiraz edir. Belə ki, inzibati xətalar haqqında işin materialları nəzərdən keçirilərkən tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Rayon Məhkəməsinin sürücüsüdür. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Rayon Məhkəməsinin işçisi olduğundan hazırkı işə onun tərəfindən baxılması qanuni hesab edilə bilməz. Belə ki, X1 Rayon Məhkəməsinin işçisi olduğundan, hazırkı işə baxıldıqda onun obyektivliyinə və qərəzsizliyinə şübhə yarana bilər. Məhkəmə hakim Əhmədov Elsun Məzahir oğlunun özü-özünə verdiyi etirazı inzibati xətaya dair işin materialları ilə birlikdə araşdırıb aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 107.0-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz: 107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa; 107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa. 108.1-ci maddəsinə görə, bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Məhkəmə qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, hakim Elsun Əhmədovun etirazında göstərdiyi xüsusatlar onun və ümumiyyətlə Bərdə Rayon Məhkəməsi tərəfindən baxılacağı təqdirdə gələcəkdə çıxarılacaq hər hansı qərarın obyektivliyinə şübhələrin yaranmaması məqsədi ilə, məhkəmənin hakimi Elsun Əhmədovun özü-özünə verdiyi etiraz Bərdə Rayon Məhkəməsinin bütün hakimlərinin özüözünə etirazı kimi qiymətləndirilməli və etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən mövqeyini nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-də məhkəmənin bütün hakimlərinə edilmiş etirazın həlli qaydası birbaşa tənzimlənmədiyindən cinayət-prosessual qanunvericiliyi analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 109.3 və 109.3.3-cü maddələrinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibnin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya onlara edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. 109.5-ci maddəsinə görə, birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107, 108-ci maddələrini və CPM-nin 109-cu maddəsini rəhbər tutub, məhkəmə Qəraraaldı: X2 “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 23 may 2023-cü il tarixli EQ 14646700 saylı qərardan şikayəti barədə inzibati xətaya dair iş üzrə etiraz baxılması üçün iş materialı ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1026/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1026/2023
25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver