Məhkəmə qərarları › İş №3(021)-1029/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1029/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1029/2025 04.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Qərardan şikayət vermiş X1 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5.000 (beş min) manat məbləğində cərimə edilib. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırki iş üzrə cavabdeh- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə 5.000 (beş min) manat cərimə edilməsi ləğv edilməlidir. Bildirir ki, o ali təhsilli şüa-diaqnostikası üzrə həkimdir və uzun illərdir Bərdə Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərir. 2025-ci ilin sentyabr ayında hər həftənin şənbə günləri Tərtər şəhərində şüa-diaqnostikası üzrə həkim kimi fəaliyyət göstərmək üçün orada otaq kirayələyib. Əlavə iş yeri kimi Tərtər şəhərində fəaliyyət göstərmək və lisenziya alınması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh təşkilat müxtəlif bəhanələrlə lisenziya verilməməsi üçün vaxtı uzatmışdır. O fiziki şəxsdir və vergi ödəyicisi olmadığından vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilməli deyil. Şərh olunanlara əsasən hesab edir ki, barəsində qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qarara xitam verilməlidir. Məhkəmə iclasında X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək, barəsində tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Əlavə etdi ki, o, fəaliyyət göstərməmişdir. Vergi ödəyici qismində fəaliyyətini dayandırmışdır. Həmin gün xəstənin qəbulunu həyata keçirməmişdir. Belə ki, xəstə içəri daxil olduqdan dərhal sonra səlahiyyətli əməkdaşlar da içəri daxil olmuşdur. Nə baş verdiyini anlamamışdır. Belə bir fəaliyyəti həyata keçirmədiyi halda onun təqsirli bilinərək cərimələnməsi ədalətsizdir. O, vəzifəli şəxs deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli qurumun iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 08 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, 08 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən Tərtər şəhəri R.Mürsəlov küçəsində yerləşən USM kompyuter özəl tibb fəaliyyət göstərməsi faktı aşkar edilmişdir. X2 barəsində Azərbaycan Respublikasının İnzibati ətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1984-cü ildə anadan olmuşdur. İXM 210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görəfiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1 protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; Məhkəmə qeyd edir ki, bütün qeyd edilən bu hallar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar, sahibkarlıq sahəsində keçirilən yoxlamalara dair reyestrdən çıxarışın olub-olmaması, tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X1 əməlinə hüquqi qiymət verilməlidir. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra X1 İXM-in 210.1ci maddələrində nəzərdə tutulmuş əməli həqiqətən törədib-törətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Bərdə rayonu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 08 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin orqana qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar