Məhkəmə qərarları › İş №3(021)-1039/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1039/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1039/2025 24.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə RPŞ İTB, polis sahəs rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X5, xx.xx.1968-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkumluğu olmayan, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş yüksək səslə nalayiq sözlər işlətmişdir. Şəxs polis şöbəsinə dəvət etsələr də, narazılığını bildirmiş və əlində olan telefonunu çıxararaq çəkiliş aparmaq istəmişdir. Telefonuu almaq istədikdə yerə vurub ekranını qırmışdır. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə mal bazarından çıxıb çörək yeyib və spirtli içki qəbul edib. Bazarın 3-cü çıxışı deyilən yerə gələn zaman polis əməkdaşları ona yaxınlaşıblar. Həmin vaxt sərxoş olduğundan polisə müqavimət göstərməsi və nalayiq söyüşlər işlətməsini xatırlamır. Məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X8 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs telefonla çəkiliş aparmamış, telefonu danışmaq üçün çıxarıb, hörmətsizlik etməmiş, əməlində 510-cu maddə ilə xəta yoxdur, 535.1-ci maddənin saksiyasına əsasən həbslə bağlı olmayan cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xidmətdə olarkən Akif yüksək səslə nalayaiq ifadələr danışmış, yaxınlaşan zaman telefonunu yerə çırpıb qırmış, göstərişlərə tabe olmamışdır. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X11 Təhlükəsizlik Bölməsi, polis sahə rəisi tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün qismən etirafı, zərərçəkmişin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla İXM-nin 535.1-ci maddəsində göstərilmiş inzibati xətanı törədir. Bundan əvvəl isə onun tərəfindən ictimai yerdə uca səslə nalayiq ifadələr işlədilməsi ictimai qaydanın pozulması hesab olunmaqla İXM-nin 510-cu maddəsini tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-1-ci maddəsinə istinadən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-nin 535.1-ci maddəsi 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 24 oktyabr 2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərmiş olduğu hüquqi yardım və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili X7 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar