Məhkəmə qərarları › İş №3(021)-1042/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1042/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1042/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Bərdə rayonunda anadan olmuş, Xankəndi şəhərində qeydiyyatda olan və Bərdə şəhəri H.Əliyev prospekti ev 15-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 515.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 25 yanvar 2023-cü ildə atası Etibarla yaşadğı Bərdə şəhəri H.Əliyev prospekti 15 ünvanda yerləşən evlərində olarkən polis əməkdaşları yaşadıqları evə gəlmiş və heç bir icazə olmadan evlərində olan dini kitabları götürüb aparmışlar. Atası və özü heç bir dini yığıncaq, dini mərasim keçirməmiş və təşkil etməmişlər. Yaşadığı ev atasına məxsus olmuş və götürülən kitablar da atasına məxsus evdə olmuşdur. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinin işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin gerçək hallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş 19 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda onun dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozması qeyd edilmişdir. Lakin onun hansı dini yığıncaq, yürüş və ya digər dini mərasimi təşkil etdiyi və ya keçirdiyi açıqlanmadan barəsində İXM-nin 515.0.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xx.xx.1964-cü ildə Bərdə rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, X2 Sahəsində nəzarətçi işləyən, hazırda Bərdə şəhəri H.Əliyev prospekti ev 15-də yaşayan Quliyev Etibar Kamal oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 515.0.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddələrlə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surətinin şöbənin İTB-nə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 mart 2023cü il tarili qərar qəbul edilərkən Şəxs barəsində deyil, onun atası Quliyev Etibar Kamal oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş və məhz Quliyev Etibar Kamal oğlunun barəsində İXM-nin 515.0.2-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti şöbənin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 515.0.2-ci maddəsinin dispozisiyasına görə, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə inzibati məsuliyyət yaranır. Göründüyü kimi, İXM-nin 515.0.2-ci maddəsinin tərkibinin yaranması üçün dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması halı baş verməlidir. Lakin hazırda baxılan material üzrə Şəxs əməlində dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması halının olması müəyyən edilməmişdir. Yuxarıda şərh edildiyi kimi Şəxs əməlində İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün maddənin dispozisiyasında nəzərdə tutulmuş hallar baş verməlidir ki, baxılan inzibati xəta materialında da həmin halların mövcud olması inkar olunur. Azərbaycan Respublikasının İXM-nin: 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2ci maddəsi ilə başlanmış 3(021)-1042/2023 saylı inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar