Məhkəmə qərarları › İş №3(021)-11/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-11/2023

02.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-11/2023 02.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 02 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə Bərdə şəhər Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2023cü il tarixdə gecə saat 03:30 Bərdə şəhər Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin PPXBnin polis nəfərləri, polis serjantları Sərxan Məmmədov, Yunis Mahmudov və Əli Nəbiyev xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq, bir nəfər şəxsin sərxoş halda onunla mübahisə etdiyini bildirmiş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və nə üçün mübahisə etdiklərini soruşduqda həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlədərək öz qanunsuz hərəkətlərini davam etdirmiş, həmin şəxsi nizam intizama dəvət edərək İXM-nin 510-cu maddəsinin tələblərini pozduğu üçün Bərdə RPŞ-nə dəvət etmişlər. Həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq onların yanından qaçaraq uzaqlaşmaq istəmiş, onlar həmin şəxsi tutaraq polis şöbəsinə gətirən zaman onların ünvanına nalayiq ifadələr işlədərək onlara əl-qol hərəkətləri etmişdir. Polis şöbəsində müəyyən oldu ki, həmin şəxs Şəxsdur. Bundan sonra tərəfindən Şəxs barəsində 02 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bayram axşamı olduğundan bir az spirtli içki qəbul etmiş, siqareti qurtardığı üçün həmin ərazidə siqaret almağa çıxmışdır. Mağazanın qarşısından keçərkən tanımadığı polis işçisi onu saxlatmış, gecə vaxtı nə üçün gəzdiyini ondan soruşmuşdur. O da siqaretini olmadığını bildirmiş, sonra isə aralanmışlar. Bir az aralanmışdı ki, adını bilmədiyi mağazanın qarovulçusu onu saxlamış, mağazadan oğurluq olduğunu ona bildirmişdir. O da bundan xəbər olmadığını ona bildirmişdir. Həmin vaxt qarovulçu ərazidə xidmət göstərən yaxınlıqda olan polis nəfərlərini uca səslə çağırmış, o da polisə düşəcəyi ehtimalını nəzərə alaraq atasından qorxduğu üçün bu hal baş verməsin deyə qaçmlşdır. Məhkəmə iclasında X4 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri işləyir. Həmin tarixdə Bərdə şəhər Ü.Hacıbəyov küçəsində oğurluq hadisəsi baş vermişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə gecə saat 03:30 radələrində Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Sərxan Məmmədovla xidmətdə olmuşdur. Bir nəfər şəxs uca səslə bizə səslənərək ora gəlməyimizi xahiş edi. Biz yaxınlaşan zaman bizi çağıran şəxsdən başqa bir nəfər şəxsdə orada var idi. Bizim yaxınlaşdığımız görüb həmin şəxs qaçmağa başladı. Biz ona dayanmağı bildirdik. O isə əhəmiyyət vermədi. Biz onun arxasınca qaçdıq, ərazidə gizləndiyini müəyyən etdik, ona yaşınlaşaraq həmin şəxsin Şəxs olmasını müəyyən etdik. Şöbəyə dəvət etmək istəyəndə isə etirazını bildirirdi. Məhkəmə iclasında X5 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri işləyir. O, xx.xx.2023-cü il tarixdə gecə saat 03:30 Bərdə şəhər Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Yunis Mahmudov ilə xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq, bir nəfər şəxsin sərxoş halda onunla mübahisə etdiyini bildirdi. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və nə üçün mübahisə etdiklərini soruşduqda həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlədərək öz qanunsuz hərəkətlərini davam etdirdi. Həmin şəxsi nizam intizama dəvət edərək İXM-nin 510-cu maddəsinin tələblərini pozduğu üçün Bərdə RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq onların yanından qaçaraq uzaqlaşmaq istəmiş, onlar həmin şəxsi tutaraq polis şöbəsinə gətirən zaman onların ünvanına nalayiq ifadələr işlədərək onlara əl-qol hərəkətləri etmişdir. Polis şöbəsində müəyyən oldu ki, həmin şəxs Şəxsdur. İşdə olan 02 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə Bərdə şəhər Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İşdə olan İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə saat 05:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, şahid ifadələri arasında ziddiyət olduğundan, şüphəli hallar isə təqsirləndirilən şəxsin xeyrinə həll olunduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallar və şahid ifadələri ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, polis ona dayan əmri vermiş, o isə özünün dediyi kimi polisə düşməsi vəziyyətində atasından qorxduğu üçün qaçması, həmçinin sonradan tutularkən polis şöbəsinə getmək istəməməsi inzibati xəta tərkibini yaradır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (bir yüz əlli) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 150 (bir yüz əlli) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar