Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1113/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, subay, “Araz” marketlər şəbəkəsində açılış qrup rəhbəri işləyən, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi 10-da qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi 25/7B-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, xx.xx.2024-cü ildə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində “Araz” marketin açılışı olmuş, açılış münasibətilə marketin küçəyə açılan hissəsinə səsgücləndirici qoyaraq yüksək səslə musiqi oxutmuşlar. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşıb ətrafda insanların rahatlığının pozulduğunu bildirərək səsgücləndiricini yığışdırmasını ondan tələb etmişlər. Polis əməkdaşlarına hər şeyi normal izah edərək səsucaldıcını yığışdırmaq istəməmiş, atasına zəng edərək uca səslə “polis əməkdaşları başımı xarab edirlər” demişdir. Polis əməkdaşları onu Bərdə RPŞ-nə aparmaq məqsədi ilə xidməti avtomobillərinə dəvət etmiş, əvvəlcə əyləşmək istəməsə də, sonradan özü könüllü olaraq polis avtomobilinə əyləşmişdir. Polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş, onların tələblərinə tabe olmuşdur. Bərdə RPŞ-də ona zor tətbiq edilməmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində açılışı olan “Araz” marketin qarşısına səsucaldıcı qoyaraq yüksək səslə musiqi səsləndirdiyindən polis əməkdaşları ona yaxınlaşaraq ətrafdakı insanların rahatlığını pozmamasını, səsucaldıcını yığışdırmasını tələb etmiş, lakin Şəxs uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri vəzifəsində işləyən X7 göstərdi ki, xx.xx.2024-cü ildə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində xidməti ərazidə olarkən açılışı olan “Araz” marketin qarşısına səsucaldıcı qoyulduğunu və yüksək səslə musiqi oxudulduğunu görmüşdür. Ətrafdakı insanlar rahatlıqlarının pozulmasından şikayətlənmişlər. Polis nəfərləri ilə birlikdə “Araz” marketə gəlib səsucaldıcının yığışdırılmasını tələb etmişdir. Şəxs yaxınlaşaraq buna etiraz etmiş, səsucaldıcını yığışdırmayacağını bildirmişdir. Sonuncu telefonla kiməsə zəng edərək “polislər başımı xarab edir, məni bezdiriblər” demiş, daha sonra ucadan nalayiq ifadələr işlətmişdir. Sonuncunu intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirmişdir. Şəxs Bərdə RPŞ-nə aparmaq məqsədi ilə xidməti avtomobillərinə dəvət etmiş, lakin sonuncu onların qanuni tələblərinə tabe olmayaraq avtomobilə əyləşməkdən imtina etmişdir. Şəxs ikinci dəfə xidməti avtomobilə dəvət etdikdə sonuncu avtomobilə əyləşərək onlarla birlikdə polis şöbəsinə getmiş, onlara hər hansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri X6 izahat verərək göstərdi ki, xx.xx.2024-cü ildə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində xidməti ərazidə olarkən açılışı olan “Araz” marketin qarşısına səsucaldıcı qoyulduğunu və yüksək səslə musiqi oxudulduğunu görmüşdür. Ətrafdakı insanlar rahatlıqlarının pozulmasından şikayətlənmişlər. Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri ilə birlikdə “Araz” marketə gəlib səsucaldıcının yığışdırılmasını tələb etmişlər. Şəxs yaxınlaşaraq buna etiraz etmiş, səsucaldıcını yığışdırmayacağını bildirmişdir. Sonuncu telefonla kiməsə zəng edərək “polislər başımı xarab edir, məni bezdiriblər” demişdir. Lakin Şəxs polis əməkdaşlarının və ya hər hansı digər şəxslərin ünvanlarına nalayiq ifadələr, yəni söyüş ifadələri işlətməmişdir. Sonuncunu intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirmişdir. Şəxs Bərdə RPŞ-nə aparmaq məqsədi ilə xidməti avtomobillərinə dəvət etmiş, lakin sonuncu onların qanuni tələblərinə tabe olmayaraq avtomobilə əyləşməkdən imtina etmişdir. Şəxs ikinci dəfə xidməti avtomobilə dəvət etdikdə sonuncu avtomobilə əyləşərək onlarla birlikdə polis şöbəsinə getmiş, onlara hər hansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 zərər çəkmiş şəxs X3 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. X4 ona verilən suala cavab olaraq Şəxs polis əməkdaşlarının və ya hər hansı digər şəxslərin ünvanlarına nalayiq ifadələr, yəni söyüş ifadələri işlətmədiyini bildirdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-də tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 24 sentyabr 2024-cü il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşlarının özlərinin izahatları ilə müəyyən olunur ki, Şəxs Bərdə RPŞ-nə aparmaq məqsədi ilə xidməti avtomobillərinə dəvət etdikdə, sonuncu əvvəlcə onların qanuni tələblərinə tabe olmayaraq avtomobilə əyləşməkdən imtina etsə də, onu ikinci dəfə xidməti avtomobilə dəvət etdikdə sonuncu avtomobilə əyləşərək onlarla birlikdə polis şöbəsinə getmiş, onlara hər hansı müqavimət göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Musa Nəcəflinin əməlində İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Musa Nəcəflinin Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati xəta haqqında protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla, zərər çəkmiş şəxslərin izahatları ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Musa Nəcəfli törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Musa Nəcəfliyə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Musa Nəcəfliyə inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdən ibarətdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Musa Nəcəflinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Musa Nəcəfli xx.xx.2024-cü ildə saat 1000-də inzibati qaydada tutulmuşdur. “İnzibati qaydada tutma haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Musa Nəcəfli xx.xx.2024-cü ildə saat 1000-də inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə görə, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs 24 sentyabr 2024-cü ildə saat 1000-dan inzibati qaydada tutulduğundan onun barəsində təyin edilən cərimə növündə inzibati tənbeh İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş 100 (bir yüz) manat məbləğində cərimənin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 75 (yetmiş beş) manat məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1113/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1113/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver