Məhkəmə qərarları › İş №3(021)-1128/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1128/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1128/2023 22.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu Türkmən kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 may 2023-cü il tarixdə saat 10:00 radələrində Bərdə rayonu Türkmən kəndində yaşayan Zərərçəkmiş şəxs ilə arasında yaşadıqları evdə şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirməklə döymüşdür. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 18 may 2023-cü il tarixdə, saat 10 radələrində, Bərdə rayonu Türkmən kəndində yaşayan Zərərçəkmiş şəxs ilə onun əri Şəxs arasında yaşadıqları evdə şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, əri Şəxs ilə 11 ildir ailə qurmuşdur, birgə nigahdan 2 övladı var, onlar arasında dəfələrlə münaqişələr olmuşdur, 18 may 2023-cü il tarixdə, saat 10 radələrində Bərdə rayonu Türkmən kəndində birgə yaşadıqları evdə o, əri Şəxs uşağı həkimə aparmaq üçün pul istəmiş, Şəxs ona pul vermədiyinə görə aralarında münaqişə olmuş, həmin vaxt Ramin qolu ilə onun boynundan tutaraq boğmuş, qoluna vuraraq onu döymüş və evin həyətində yerdən götürdüyü daşları ona ataraq qılçalarına vurmuşdur. Zərərçəkmiş şəxs 26 may 2023-cü il tarixdə yenidən Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə birgə yaşadıqları evdə əri Şəxs onu döyməsini bildirmiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Belə ki, 26 may 2023-cü il tarixdə yaşadıqları evdə Şəxs ondan barışıq ərizəsi verməyi tələb etmiş, o isə razı olmadığına görə aralarında mübahisə başlamış, həmin vaxt Şəxs stolun üzərində olan stəkanı götürüb sındırmış və öz qoluna xəsarət yetirmiş, sonra isə onun qoluna və sifətinə həmin şüşə ilə sıyrıq xəsarətləri yetirmişdir. Məhkəmədən Şəxs onu döyməsinə görə həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə qurmuşdur, birgə nigahdan 2 uşaqları var, lakin Zərərçəkmiş şəxs ilə yola getmirlər, aralarında mübahisələr olur, təxminən 18 may 2023-cü il tarixdə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ona həkimə getməli olduğunu bildirərək ondan pul İstəmiş, o, stolun üstüne 10 manat pul qoyaraq həkimə getməsini demiş, Zərərçəkmiş şəxs pulun az olduğunu demiş, o, olan pulunu verdiyini deyərək, sonra yenə pul verəcəyini demiş, buna görə aralarında qısa mübahisə olmuş, ancaq həmin vaxt o, Zərərçəkmiş şəxs döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Bundan təxminən 2 gün sonra o, yenidən Zərərçəkmiş şəxs 40 manat da pul vermişdir. Daha sonra verilmiş suallara cavab olaraq Şəxs bildirmişdir ki, o, arvadı Zərərçəkmiş şəxs döyməmişdir, ona heç bir xəsarət yetirməmişdir, Zərərçəkmiş şəxs epilepsiya xəstəsidir, ola bilsin ki, yıxılarkən xəsarət almışdır. Məhkəmədən barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. 18 may 2023-cü il tarixdə, saat 10 radələrində Bərdə rayonu Türkmən kəndində birgə yaşadıqları evdə qızı Zərərçəkmiş şəxs əri Şəxs uşağı həkimə aparmaq üçün pul istəmiş, Şəxs ona pul vermədiyinə görə aralarında münaqişə olmuş, həmin vaxt Ramin qolu ilə Zərərçəkmiş şəxs boynundan tutaraq boğmuş, qoluna vuraraq onu döymüş və evin həyətində yerdən götürdüyü daşları ona ataraq qılçalarına vurmuşdur. Zərərçəkmiş şəxs 26 may 2023-cü il tarixdə yenidən Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə birgə yaşadıqları evdə əri Şəxs onu döyməsini bildirmiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Belə ki, 26 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yoldaşı Şəxs ondan barışıq ərizəsi verməyi tələb etmiş, o isə razı olmadığına görə aralarında mübahisə başlamış, həmin vaxt Şəxs stolun üzərində olan stəkanı götürüb sındırmış və öz qoluna xəsarət yetirmiş, sonra isə onun qoluna və sifətinə həmin şüşə ilə sıyrıq xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə qurmuşdur, birgə nigahdan 2 uşaqları var, lakin Zərərçəkmiş şəxs ilə yola getmirlər, aralarında mübahisələr olur. 18 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona həkimə getməli olduğunu bildirərək ondan pul İstəmiş, o, stolun üstünə 10 manat pul qoyaraq həkimə getməsini demiş, Zərərçəkmiş şəxs pulun az olduğunu demiş, o, olan pulunu verdiyini deyərək, sonra yenə pul verəcəyini demiş, buna görə aralarında qısa mübahisə olmuş, ancaq həmin vaxt o, Zərərçəkmiş şəxs döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA PHŞ-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 357 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bazunun orta 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin ön-bayır səthinin, sol budunorta 1/3-nin ön səthinin qançırları, boyunun sağ yan səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 18 may 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA PHŞ-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 367 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər üz, sol said, boyun nahiyələrinin səthi dəri kəsikləri kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 26 may 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 18 may 2023-cü tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İş materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlaməti olmadığından həmin maddə üzrə cinayət işi başlanılması rədd edilmişdir. Yuxarıda qeyd edilən qərarla Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayoin X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, Şəxs barəsində 22 iyun 2023-cü il tarixə Bərdə rayon X3 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin və protokol tərtib etmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin qadına qarşı zorakılıq tətbiq edilməsini, bu halın cəmiyyətdə yaranmış olan birgəyaşayış qaydalarına, mənəvi ailə dəyərlərinə uyğun olmamasını və cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 22 iyun 2023-cü il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar