Məhkəmə qərarları › İş №3(021)-113/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-113/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-113/2025 03.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2007-ci ildə Bərdə rayonunda anadan olmuş, subay, işləməyən, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Şorǝlli kəndində yaşayan Şəxs "TikTok" sosial şəbəkəsində özünə məxsus hesabında canlı yayım açmaqla ictimaiyyət arasında ünvanlı və ünvansız nalayiq ifadələr, söyüşlər və təhqirlər işlətdiyi müəyyən edilmişdir. Həmçinin sosial şəbəkə paylaşımlarında Bərdə şəhəri ərazisində ünvanlı və ünvasız nalayiq ifadələr işlədərək paylaşımlar edərək hərəkətdə olmaları barədə paylaşımlar etmişdir. Göstərilənlərlə əlaqədar olaraq, Şəxs xx.xx.2025-ci il tarixdə yol vermiş olduğu hüquq pozuntusu ilə əlaqədar olaraq Bərdə rayon Polis Şöbəsinə dəvət edilmişdir. Hadisə ilə bağlı ifadəsi alınmışdır. Bundan sonra onun barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mahiyyəti üzrə bildirdi ki, xx.xx.2025-ci il tarixdə əvvəldən tanıdığı sinif yoldaşı olan X4 "TikTok" sosial şəbəkəsində özlərinə məxsus hesabında canlı yayım açmaqla ictimaiyyət arasında ünvanlı və ünvansız nalayiq ifadələr, söyüşlər işlətmişdir. Əməlindən peşman olmadığını qeyd etmişdir. İş materiallarındaolan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2025-ci il tarixdə əvvəldən tanığı sinif yoldaşı olan X4 ilə birlikdə "TikTok" sosial şəbəkəsində özlərinə məxsus hesabında canlı yayım açmaqla ictimaiyyət arasında ünvanlı və ünvansız nalayiq ifadələr, söyüşlər işlətdiyi, əməlindən peşman olmadığı qeyd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN №2050475 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tiktok Sosial şəbəkəsində canlı yayım və paylaşımlarda ünvansız nalayiq ifadələr işlətmiş, xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-də ünvansız nalayiq ifadələr işlətmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 12:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Ağırlaşdıran hal isə müəyyən edilməmişdir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və yaşını, barəsində inzibati qaydada tutma tətbiq edildiyini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-nin 89.5-ci maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 510-cu mаddəsi ilə təqsirli bilinməli, barəsində 50 (əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. 2.Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 3.Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar