Məhkəmə qərarları › İş №3(021)-1159/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1159/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1159/2025 11.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, şikayətçi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin inzibati xəta haqqında 13 noyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarından X4 (bundan sonra şikayətçi və Bəsti Qasımova) verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Bəsti Qasımova məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin barəsində qəbul etdiyi, Azərbaycan Respublikasının İXM-nin 192.6 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat cərimə tənbehi haqqında 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bəsti Qasımova şikayətini onunla əsaslandırmışdır ki, X11 Xidməti X6 barəsində, vətəndaş X3 işdən çıxma müavinətinin ödənilməməsi və əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi iə 1500 manat inzibati tənbeh cərimənin şərti olaraq təbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli MN0030060 saylı qərar qəbul etmişdir. Onun kimisə işə götürüb, işdən çıxarmaq səlahiyyəti yoxdur. Onun vəzifə öhdəliklərində işçi qəbul edib, əmək müqaviləsi bağlamaq kimi bir vəzifəsi müəyyən edilməmişdir. X11 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinməsi tam əsassızdır. Hesab edir ki, inzibati orqanların məsuliyyətindən irəli gələn vəzifələrin doğru icra edilməməsi ona qarşı inzibati xəta haqqında qərar qəbulu üçün əsas ola bilməz. İnzibati xətalar haqqında işlərə baxılarkən inzibati orqanların məsuliyyətsiz davranışı həm vətəndaşlara, həm də hakimiyyət orqanlarına təsir edə biləcək müxtəlif hüquqi nəticələrə səbəb olab bilər. Onun əməlində Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan hallar yoxdur. Məhkəmə iclasında X12 şikayətdə göstərdiklərini bir daha qeyd etdi, əlavə olaraq göstərdi ki, Mehriban İbadova məktəbdə katibə vəzifəsində işləmiş, ixtisara düşdüyünə görə işdən azad edilmişdir. Sonuncunun işdənçıxarma müavinəti tam olaraq ödənilmişdir. X11 Xidməti Qarabağ regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.4 və 192.6-cı maddələri ilə qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və barəsində İXM-nin 192.4 və 192.6-cı maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə X11 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, Bərdə rayon Tumaslı kənd orta məktəbində müəllim işləməklə yanaşı, həm də məktəbin Həmkarlar təşkilatının sədridir. Təxminən 2 il əvvəl mühasibatlıqdan onlara məlumat verilmişdir ki, sinif komplektlərinin sayı 9-a enərsə ştatlar ixtisar olunacaq. Bu barədə mühasiblikdən cədvəl də alıb gətirmişlər və işçilər cədvəllə tanış olmuşlar. Mehriban İbadovaya işinin ixtisar olunacağı barədə yazılı məlumat verilməsə də, ona şifahi olaraq bildirilmişdir. Onlarla əmək müqaviləsinə xitam verilərkən, özləri də Təhsil şöbəsinə getmiş və onların özlərinin iştirakları ilə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin inzibati xəta haqqında 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərarı əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 08337053 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X9 xx.xx.1961-ci ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuşdur, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin tərtib etdiyi 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bərdə rayon Tumaslı kənd məktəbi üzrə X8 xx.xx.2025-ci il tarixli 11 nömrəli iclasının protokolundan görünür ki, Qanunvericiliyə uyğun olaraq məktəbdə təsərrüfat müdiri, laborant, katibə vəzifələri ixtisara düşür. Həmin vəzifə sahiblərinin işinə xx.xx.2025ci il tarixdən xitam verilir, 4 nəfər xadimənin həmin tarixdən okladı 0,75 olur. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 15 sentyabr 2025-ci il tarixli, 01 nömrəli əmrdən görünür ki, Qarabağ Regional Təhsil İdarəsinin təhsil müəssisələri (Ümumi təhsil müəssisələri Bərdə rayonu üzrə) Bərdə rayon Tumaslı kənd ümumi orta məktəb bölməsində “Katibə” vəzifəsində işləyən X7 ilə bağlanılmış 5RYD26B000200 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən 15 sentyabr 2025-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə (Departamentə) həvalə edilməsi əmr edilmişdir. Müəssisələrin hesablama cədvəlindən görünür ki, 2025-ci ilin oktyabr ayında Bərdə rayonu Tumaslı kənd ümumi orta məktəbində katibə vəzifəsində işləmiş X5 751,08 manat son haqq-hesab ödənilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional X1 Azərbaycan Respublikasının İXM-nin 192.4 və 192.6-cı maddələri ilə inzibati məxsuliyyətə cəlb edilməsi barədə 13 noyabr 2025-ci il tarixdə MN ******* nömrəli qərar qəbul etmişdir. Qərardan müəyyən olunur ki, X2 rayon Tumaslı kənd orta məktəbinin işçisi X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam vermiş və son haqqhesab düzgün ödənilməmişdir. X12 Mehriban İbadovanın ştatı ixtisar olunduğuna görə onunla əmək müqaviləsinə xitam verildiyini, sonuncunun son haqq-hesabının qanunvericiliyin tələblərinə uyğun qaydada ödənildiyini bildirmişdir. İXM-nin: 192.4-cü maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 192.6-cı maddəsinə görə İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, X7 ilə əmək müqaviləsinə xitam verildikdən sonra sonuncuya 751,08 manat son haqq-hesab ödənilmişdir. Bu hal Müəssisələrin hesablama cədvəli ilə də öz təsdiqini tapmışdır. Bundan başqa X3 ştatı ixtisar edildiyindən onunla bağlanmış 5RYD26B000200 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “b” maddəsinə əsasən xitam verilmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğundur. Əmək müqaviləsinə xitam verilməmişdən öncə, Bərdə rayon Tumaslı kənd məktəbi üzrə X14 bu məsələni müzakirə edərək razılığını bildirmişdir .(xx.xx.2025-ci il tarixli 11 nömrəli iclasının protokolu). Göründüyü kimi Bəsti Qasımovanın hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 192.4 və 192.6-cı maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Bəsti Qasımovanın barəsində 13 noyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, istinad olunan inzibati xətanın törədilməsində şəxsin təqsirli olmasına dair sübutlar yetərincə toplanmamış, bu barədə müvafiq sübutlar olmadan Bəsti Qasımovanın barəsində yuxarıda qeyd edilən “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İXM-nin: 53.1 və 53.1.2-ci maddələrinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Ona görə də X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin inzibati xəta haqqında 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin inzibati tənbeh vermə haqqında 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata X4 əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar