Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-117/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İcra sənədi üzrə X1nın iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon İcra və Probasiya şöbəsində 04 mart 2025-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq, icra sənədi üzrə cəmi yaranmış 3132.50 manat borcunu tam ödəməmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Bərdə rayon məhkəməsinin 2(021)-2386/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra məmurunun tələblərinə məhəl qoymamış, nəticədə 3132.50 manat məbləğində borcu ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi imkanı olmadığına görə yaranmış borcu ödəyə bilməmişdir. Halhazırda cəmi 20 manat ödəniş edə bilər. Məhkəmədən yaranmış borcun qismən ödənilməsi üçün ona bir həftə müddətində vaxt verilməsini xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu xeyli müddətdir ki, ödəniş etməmişdir. Borcluya borcun ödənilməsi barədə xəbərdarlıq etsə də, o ödəməkdən boyun qaçırmışdır. Borclu yalnız barəsində inzibati məsuliyyət tədbiri görüldüyü təqdirdə ödəniş edir. Digər vaxtlarda icra sənədinin icrasına laqeyd yanaşır. Məhkəmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati iş materiallarında olan Bərdə rayon məhkəməsinin 2(021)-2386/2022 saylı 05 oktyabr, 2022-ci il tarixli icra sənədindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Şəxs 5582.5 (beş min beş yüz səksən iki manat əlli qəpik) manat pul alınaraq iddiaçı X3 verilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İnzibati iş materiallarında olan 04 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında olan protokoldan görünür ki, Şəxs Bərdə rayon məhkəməsinin 2(021)- 2386/2022 saylı, 05 oktyabr 2022-ci il tarilxi icra sənədi üzrə 3132.50 manat borcu yaranmışdır. O, borcunu ödəməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati iş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. İnzibati iş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022ci il tarixli bildirişindən görünür ki, borcluya tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. İnzibati iş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023cü xəbərdarlıq məktubundan görünür ki, borcluya icra məmurununun tələblərini yerinə yetirmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı izah edilmişdir. İnzibati iş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmurları tərəfindən yaranmış borc ilə əlaqədar əmlaka baxış keçirilmişdir. Gündəlik tələbat mallarından başqa əmlak aşkar edilməmişdir. İnzibati iş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinə X1nın xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Bərdə rayon məhkəməsinin 2(021)- 2386/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs borcunu tam şəkildə ödəmədiyi halda məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati iş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinə borclunun Şəxs izahatından görünür ki, maddi imkanı olmadığına görə icra sənədi üzrə ödəniş edə bilmədiyini bildirmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, inzibati xəta törədən Şəxs icra sənədi üzrə olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, iş materiallarından görünür ki, inzibati xəta törədən Şəxs icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Bərdə rayon məhkəməsinin 3(021)-1644/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, borclu tərəfindən məhkəmə iclası zamanı tələbkara 1.000 manat məbləğində ödəniş edilməsi nəzərə alınaraq inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Onun tərəfindən sonuncu ödəniş isə tərəflərin izahatına əsasən 2024-cü ilin sentyabr ayında 300 manat olmaqla edilmişdir. Göründüyü kimi, Şəxs xeyli müddət keçməsinə baxmayaraq, borcunu ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi yolu ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 04 mart 2025-ci il tarixdən, saat 13:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-117/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-117/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver