Məhkəmə qərarları › İş №3(021)-1212/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1212/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1212/2021 22.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 08 avqust 1989-cu il tarixdə Bərdə rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Bərdə şəhəri, Natavan küçəsi ev 2-də yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2020 saylı 04 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə 1920 manat borcu yaranmış. İcra sənədi üzrə uşaqlar borclunun etirafına görə aprel ayından onun himayəsindədir. Ancaq icra sənədi üzrə 3960 AZN aliment borcu yaranmışdır. İcra məmurunun qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2020 saylı 04 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə 1920 manat borcu yaranmış. 25 yanvar 2021-ci il tarixdə 1700 manat, 27 yanvar 2021-ci il tarixdə 400 manat, 01 mart 2021ci il tarixdə 400 manat ödəyib. Aprel ayından uşaqlar atasının himayəsindədir. Barəsində axtarış qərarı verilmiş və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq təhvil verilmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o 2500 manat aliment ödəyib. Döyüşlərdə olan müddət ərzində alimenti ödəməyib. Aprel ayından uşaqlar onda olduğundan alimenti ödəyə bilməyib. Hal hazırda məhkəmə zalında 300 manat nağd şəkildə ödəniş edə bilər. Borcu ödəməkdən yayınmır. Borcu ödəməyə hazır olduğunu, zalda 300 manat ödəniş edərək, məhkəmədən nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs borcu ödəməkdən yayınmır. Belə ki, borclu mütəmadi olaraq borcundan hissə-hissə ödənişlər həyata keçirmiş, Vətən Müharibəsində iştirak etdiyindən aliment borcu yığılmış, aprel ayından isə övladları Şəxs himayəsində yaşamış və borclu məkhəmə iclas zalında bir daha yığılmış aliment borcundan 300 manat pul ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və bu səbəbə görə də onun barəsində başlanılmış inzbati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar