Məhkəmə qərarları › İş №3(021)-1213/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1213/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1213/2024 02.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7, zərərçəkmiş şəxslər X4, X5, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin müdafiəçisi X8 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 noyabr 2024-cü il tarixdə həmkəndlisi X9 və onun həyat yoldaşı X10 nalayiq söyüşlərlə təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, 23 noyabr 2024-cü ildə zərərçəkmiş şəxslər onu söymüş, o da cavab olaraq zərərçəkmiş şəxslərə söymüşdür. Həyətyanı torpaqları ilə pay torpağı arasında kombayn keçmək üçün yol olmuş, zərərçəkmiş şəxslər yolun bağlanmasını tələb etmişlər və yolu bağlayacaqlarını demişlər. Hadisə baş verən zaman o öz bağında, zərərçəkmiş şəxslər isə öz bağlarında olmuşlar. Həmin vaxt içkili olmuş, özündə olmamışdır. Göstərdiklərinin nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək göstərdi ki, Şəxs qonşusudur. 23 noyabr 2024-cü ildə saat 19 radələrində yaşadığı evdə uzanmış, arvadı Alidə Qarayeva isə həyətdə olmuşdur. Şəxs sərxoş vəziyyətdə öz həyətindən nalayiq ifadələr işlətməyə, onları söyüb təhqir etməyə başlamış, daha sonra isə onun həyətinə keçmişdir və öz hərəkətlərini davam etdirmişdir. Şəxs qeyd etdiyi yol olmamışdır. Bununla bağlı Bərdə Rayon İcra Hakimiyyətində də olmuş, orada ona bildirmişlər ki, həmin yerdə yol nəzərdə tutulmamışdır, bağlanmalıdır. Şəxs həyətinə 4 yol var, sadəcə oradan əlavə yol açmaq istəyir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahat verərək göstərdi ki, Şəxs qonşusudur. Sonuncunun həyəti ilə aralarında arx var. Elsevərin evi arxdan 150-200 metr aralıdır. Şəxs spirtli içki içir və evə gələndə yol yadına düşür, onları söyüb təhqir edir. Sonuncu dəfə 23 noyabr 2024-cü ildə saat 19 radələrində Şəxs yenə də içkili vəziyyətdə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Sonuncu onları ölümlə hədələyir. Dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək məlumat versələr də heç bir nəticəsi olmamışdır. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X13 məhkəmə iclasında göstərdi ki, Bərdə rayonu Kələntərli kənd sakini Şəxs 23 noyabr 2024-cü il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə zərərçəkmiş şəxslər X10 və X1 təhqir etmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs zərərçəkmiş şəxslərin ünvanına dillə deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X6 “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 26 noyabr 2024-cü il tarixli qərarından görünür ki, X5 və X3 müraciəti əsasında toplanmış HK-1/4641 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə Rayon polis X2 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin ifadələri, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətmişdir. Bu hal İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İXM-nin 33.1.7-ci maddəsinə görə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 02 dekabr 2024-cü il tarixdə saat 1435-də saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 02 dekabr 2024-cü il tarixdən saat 1435-dən hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 02 dekabr 2024-cü il saat 1435-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar