Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1221/2022 03.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bərdə şhəri Qarabağ küçəsi ev 125-də yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2022-ci il tarixli, 11159943 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin (bundan sonra BDYPİ) 29 avqust 2022-ci il tarixli, EQ-11159943 saylı qərarın ləğv olunması və onun 40 manat cərimə ödəməkdən azad olunması və xx.xx.2022-ci il tarixli EQ11159943 nömrəli qərar əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ-11159943 saylı qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş protokolun Bakı-Qazax yolunun 288.2-ci km-də tərtib edildiyi göstərilmişdir. Digər tərəfdən həmin şəkillər təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış monitorlardan istifadə edilərək çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və ona qanunsuz olaraq cərimə yazılmışdır. Cərimənin yazılması foto və ya video qeydiyyat funksiyalarına malik olmayan xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vastələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi,tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Avtomobilləri surət həddini keçdiyinə görə qeydiyyata alaraq cərimə tətbiq edən kameralarla, təhlükəsizlik kameralarının funksiyaları eyni deyildir. Belə ki, cərimə tətbiq edən kameralar qanunvericiliklə nəzərdə tutulmuş bütün funksiyaları daşdığı halda şəhər və yolların təhlükəsizlik kameralarının funksiyaları eyni deyildir. Belə ki, cərimə tətbiq edən kameralar qanunvericilikdə nəzərdə tutulmuş bütün funksiyaları daşıdığı halda şəhər və yolların təhlükəsizlik kameraları sadəcə görüntü qeydiyyata almaq üçün nəzərdə tutulmuşdur və İXM-nin 100.1.8-ci maddəsində nəzərdə tutulan və qanunvericiliyin imperativ olaraq sadaladığı normalara uyğun deyildir. Bundan başqa şəhər təhlükəsizlik kamerası ilə çəkilmiş görüntü çox keyfiyyətsizdir. Lakin bunun əvəzində digər kamera çox dəqiq çəkir və yolu tam olaraq əhatə etməklə pozuntunu tam göstərir. Şəhər təhlükəsizlik kamerası yalnız fotoşəkilləri yerləşdirə bilir və çox vaxt bunu doğru formada etmir, bunun əksinə qanuni kamera həm fotoşəkilləri həm də videonu yerləşdirir. Şəhər təhlükəsizlik kamerasının heç bir qeydiyyatı olmur, digər kameranın isə video görüntüsünə baxıldığı zaman görüntünün aşağı hissəsində məlumatları olur. Şəhər təhlükəsizlik kamerası ilə çəkilən görüntülər demək olar ki, heç zaman poçt ünvanına göndərilmir. Bunun əksinə rəsmi qeydiyyatdan keçmiş kamera vasitəsilə çəkilmiş görüntülər çox qısa zamanda ünvana göndərilir. Göndərilməmənin səbəbi isə elektron protokol və qərarlar İXM-nin 100.1.8-ci maddəsinə uyğun olaraq tərtib edilməlidir. Şəhər təhlükəsizlik kamerasında isə bu maddədən irəli gələn qrafaları dolduracaq məlumatlar olmur. Yəni kameralar rəsmi və qeydiyyatdan keçmiş olmadığından həmin qərarların kağız formada göndərilməsi cəriməni tətbiq edən orqanın qanunsuzluğunu üzə çıxaracağından bunu etmirlər. Bundan başqa İXM-nin 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlvə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq bu Məcəllənin 57.2-ci və 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir və 125.4-cü foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elktron qərarın bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərədə tutulmuş qaydada “poçt haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəilə rəsmi çatıdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndəlir) maddələrində həmin qərarların kağız daşıyıcıda göndərilməsi məcburi olmasına baxmayaraq bu gündək rəsmi olaraq heç bir qərar göndərilməmişdir. Qərarın daxil olduğunu göstərən poçt məktubunu xx.xx.2022-ci il tarixdə almışdır. Lakin poçt məktubunun üzərində xx.xx.2022-ci il tarixi qeyd olunmuşdur. Hər iki halda qərarı aldıqdan sonra 20 gün müddəti ötürməmişdir. Odur ki, məhkəmədən 29 avqust 2022-ci il tarixli, EQ-11159943 saylı qərarın ləğv olunması və onun 40 manat cərimə ödəməkdən azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına şikayətçi X3 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin edilərək müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə BDYPİ-yə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, EQ 11159943 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:22-də “Chevrolet EQUİNOX minik” markalı, 99ZS454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə İXM-in 329.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. AZE17273158 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1991-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri Qarabağ küçəsi ev 125-də qeydiyyatdadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11159943 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 barəsində İXM-in 329.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, 29 avqust 2022-ci il tarixli, EQ-11159943 saylı qərarın ləğv olunması və onun 40 manat cərimə ödəməkdən azad olunması və xx.xx.2022-ci il tarixli EQ11159943 nömrəli qərar əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən 29 avqust 2022-ci il tarixli, EQ-11159943 saylı qərardan verilmiş şikayət əsassızdır. Belə ki, iş materiallarından və inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də aydın göründüyü kimi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir və nəticədə AR.İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu isə inzibati xətanın şikayətçi tərəfindən törədilməsini və şəxsin inzibati xəta törətməkdə təqsirini sübut edir. Buna görə sözügedən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün İXM-in 135-ci maddəsində sadalanmış hallar mövcud deyildir. Törədilmiş əməl İXM-in 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şikayətçinin barəsindəki qərarın tərtib edilməsinə əsas olmuş görüntülərin düzgün və müvafiq göstəriciləri olmayan foto və ya videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək tərtib edilməsinə dair fikrinə gəlincə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətalar xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilər və 329-cu maddənin qeyd hissəsində həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş xətanın foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi və ya bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda qanunvericilikdə törədilmiş inzibati xətaların təhlükəsiz şəhər kameraları vastəsilə qeydə alına bilməməsi ilə bağlı birbaşa göstəriş, həmin kameraların yalnız ictimai asayişin və hərəkət təhükəsizliyinin qorunmasına nəzarət etməli olması, yaxud təhlükəsiz şəhər kameralarının foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr sırasına daxil olmaması ilə bağlı hər hansı müddəaya rast gəlinmir. Şikayətçi məhkəmə iclasında görüntünü qeydə alan vasitənin müvafiq göstəricilərinin olmaması səbəbindən qərarın qanunsuz olmasını mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən müvafiq göstəricilərin qərarda qeyd edilməməsi inzibati xətanın törədilməsinin təkzib edilməsinə səbəb ola bilməz. Belə ki, İXM-in tələblərinə əsasən inzibati xəta törədilmişdirsə, şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri sübuta yetirsə və törədilmiş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə şəxs inzibati qaydada məsuliyyətə cəlb edilir. İXM-in 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinin 6-cı yarımbəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Məhkəmə inzibati xətanın foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi ilə bağlı qeyd edir ki, İXM-in: 122.1-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11159943 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 barəsində İXM-in 329.1-ci maddələrinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11159943 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11159943 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1221/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1221/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver