Məhkəmə qərarları › İş №3(021)-123/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-123/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-123/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, xx xxxxxx 1971-cı il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla yaşayan X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə Bərdə rayon Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 17 yanvar 2022-ci il tarixdə saat 01:00-da Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən çayxananın işlədərək karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis kapitanı X5 izahatında göstərdi ki, X4 17 yanvar 2022-ci il tarixdə saat 01:00-da Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada müştərilərə yerində xidmət göstərməklə karantin rejimi qaydalarını pozmuşdur. Məcburi qaydada rayon Polis Şöbəsinə gətirilərək, izahatı alınmış, barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 verdiyi izahatında göstərdi ki, Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən çayxananı işlədir. X8 oğlu 17 yanvar 2022-ci il tarixdə saat təxminən 01:00-da radələrində polis əməkdaşları onun obyektinə gələrək obyektin açıq olmağını görüb və karantin qaydalarını pozduğuna görə onu polis şöbəsinə aparılmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bərdə Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyü polis nəfəri işləyən X6 verdiyi izahatında göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə saat 01:00 radələrində X1 obyektinə baxış keçirilib. X4 işlətdiyi çayxanada müştərilərə yerində xidmət göstərməklə karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi , polis kapitanı X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı,şahidin, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 17 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. 17 yanvar 2022-ci il tarixdə saat 01:00da Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada müştərilərə yerində xidmət göstərməklə karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə, məhkəmə qeyd edir ki, səlahiyyətli orqan özü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsi tənbeh tədbiri olaraq cərimə edə biləcəyi halda bunu etməmiş, daha ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq edilməsi üçün məhkəməyə göndərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, X3 inzibati tənbeh tətbiq edərkən, məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X8 barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. X3 inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs X3 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan X4 məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 17 yanvar 2022-ci il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar