Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1230/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqıda materiala baxaraq məhkəmə, M ü ə y yə n e t d i: Şəxs 18 yanvar 2021-ci il tarixdə saat 21:38 radələrində sərxoş halda nəqliyyat vasitəni idarə etmə hüququ olmadan Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsində “VAZ 21051” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bərdə rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilsədə məhkəmə iclasında iştirak etmir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki 18 yanvar 2021-ci il tarixdə saat 21:38 radələrində “VAZ-21051” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə cəriməsi olduğundan Bərdə Rayonu Yol Patrul Xidməti inspektoru tərəfindən saxlanmışdır. Polis inspektoru tərəfindən saxlandıqda içkili olmayıb və onun barəsində sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib edilməmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 3(021)- 568/2021 saylı qərardadından görünür ki, vətəndaşın razılığı ilə iş baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli 3(017)-350/2021 saylı qərardadan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün tərtib edilmiş inzibati xəta haqqında protokol natamamdır və məhkəmə iclasında tamamlanması qeyri-mümkündür. Belə ki sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə tərtib olunmuş 18 yanvar 2021-ci il tarixli, 79 nömrəli aktdan görünür ki, Şəxs sərxoş olub olmaması müəyyən olunmamış, tərtib olunmuş akt başqa şəxs barəsində, yəni X3 oğlu barəsində tərtib olunmuşdur. Bundan başqa iş materiallarında barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyəti təsdiq edən sənədin olmaması, sərxoşluq vəziyyəti tibbi müayinəsi aktında Quluyev yazılması iş materiallarını şübhə altına salır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətandaşın fərdi identifikasiya nömrəsi olmalıdır. Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları əlavə olunmalıdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə” protokoldan görünür ki, həmin protokolun nömrə yeri boş saxlanılmış, həmçinin protokolun sonunda İsmayılov Azər sözünün qarşısında çəkilmiş imza başqa qələm tərəfindən icra edilmişdir. Halbuki bütün yazılar eyni qələmlə icra edilmişdir. Bundan başqa “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 79 saylı 18 yanvar 2021ci il tarixli Aktdan görünür ki, həmin akt əvvəlcə X1 barəsində tərtib edilmiş, daha sonra isə protokol qaralanaraq Saday sözü Sahib sözü ilə əvəz edilmişdir. Bundan başqa müayinə aktı natamam tərtib edlmişdir. Belə ki, barəsində inzibati icraat aparılan şəxsin anket məlumatları qeyd edilməmiş, yazlnız doğum ili yazılmış, aktı tərtib edən şəxsin barəsində məlumatlar dolğun olmamış, “həkim Məmmədov Dağıstan” yazılmaqla kifayətlənmiş və ən əsası inzibati xətalar qanunvericiliyin tələbləri gözlənilməyərək hal şahidlərinin iştirakları məcburi olduğu halda buna riayət edilməmişdir. Daha sonra eyni nömrə və eyni tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair yeni akt tərtib edilmişdir ki, belə halda qanunvericilikdə nəzərdə tutulmamış və qaralanmış akt yeni akta sadəcə köçürülmüş və barəsində inzibati icraat aparılan şəxsin soyadı “Quluyev” kimi qeyd edilmişdir. Bundan başqa, barəsində inzibati icraat aparılan şəxsin avtomobili saxlanılarkən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində Beynəlxalq Bankın qarşısında baxış keçirilmə vaxtı 18 yanvar 2021-ci il tarixdə saat 21:40 qeyd edilmiş, lakin bütün sənədləşmələr və hətta “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı 21:38-də tərtib edilmişdir. Bundan başqa, məhkəmə elektron portal vasitəsi ilə adları qeyd edilən şəxslərin hər ikisinin şəxsiyyət vəsiqəsinin və anket məlumatları götürülmüş və belə ad, soyad, ata adında olan şəxslərin Ağcəbədi rayon sakinləri olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi yer, tarix və vaxt; - protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; - nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; - nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Belə olduğu təqdirdə, həm qanunvericiliyin tələbləri baxımından, həm də inzibati xəta ilə bağlı iş üzrə icraat materiallarında olan sübutların bir-birinə ziddiyyət təşkil etməsi səbəbindən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutараq məhkəmə, Qərarа aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata şəxsin əməlində inzibati xəta tərkibi olmaması səbəbilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1230/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1230/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver