Məhkəmə qərarları › İş №3(021)-1249/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1249/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1249/2023 09.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq mаteriаlı аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Çərkəz qızı barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən 29 iyul 2023cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci mаddəsi ilə İXP ******* nömrəli inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, onun mal-qaranı nəzarətsiz qoyması nəticəsində onun bir baş iri buynuzlu heyvanı saat 21:15 radələrində qəfildən magistral yolda hərəkətdə olan X1 idarə etdiyi ** GP *** dövlət qeydiyyat nişanlı Ford Tranzit yük markalı avtomobilin qarşısına çıxaraq avtomobilə maddi ziyan vurmuşdur. Bununla da İXM-in 338.7-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının baxılma vaxtı və yeri barədə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsə və protokol tərtib edən şəxsə məlumat verilməsinə baxmayaraq sözügedən tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Çərkəz qızının barəsində İXM-in 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılmalıdır. İXM-in 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında material natamamdır. Belə ki, İXM-in 338.7-ci maddəsinin dispozisiyasında İXM-in 338.4 və 338.5-ci maddəsinin tələblərinin pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ziyan vurulması və zərərçəkmiş şəxsə maddi zərər vurulmasından bəhs edilir ki, hazırki materialda İXM-in 338.5-ci maddəsi ilə zərərçəkmiş şəxsə ziyan vurulması və dəymiş ziyanın qiymətləndirilməsi, avtomobilin hansı hissələrinin zədələnməsi və dəyişdirilməsinə dair qüsur aktı və ya qiymətləndirmə rəyi protokola əlavə edilməmişdir. Bundan başqa təqdim edilmiş inzibati xəta haqqında materiala yol hərəkəti qaydalarının pozulması nəticəsində ziyan vuran şəxsin şəxsiyyət vəsiqəsinin surəti və şəxsiyyət vəsiqəsinə dair portal məlumatları əlavə edilmişdir. Həmçinin, yol-nəqliyyat hadisəsinin sxemində hal şahidlərinin kimliyi və imzası yoxdur. Bu da hadisə yerinə hal şahidinin iştirakı olmadan baxış keçirilməsinə dəlalət edir. Bundan başqa iş materiallarına hadisə yerinin, vurulmuş mal-qaranın və zədələnmiş nəqliyyat vasitəsinin fotoşəkilləri, avtomobilə və ya hadisə yerinə baxış keçirilməsi haqqında protokol əlavə edilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolla inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs Çərkəz qızının tanış olmasına, onun hüquq və vəzifələrinin protokol tərtib edən şəxs tərəfindən izah edilməsi və protokolun surətini almasına dair protokolda hər hansı qeyd və ya imza yoxdur. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in tələbləri pozulmuşdur ki, bu hal inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir, həmçinin inzibati xəta haqqında protokola əlavə edilməklə məhkəməyə təqdim edilmiş material natamamdır. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs Çərkəz qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqan olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayına qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar