Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1254/2023 02.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Qazaxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 02 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 01 avqust 2023-cü il tarixdə Bərdə rayon Qazaxlar kəndində Şəxs idarə etdiyi T-40 markalı traktoru sənədləri qaydasında olmadığından saxlanılan zaman ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının tələblərinə tabe olmayaraq polis şöbəsinə gəlməyəcəyini söyləmiş və hadisə yerindən qaçmağa çalışmışdır. Polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 bildirdi ki, raportun icarsı ilə olaqdədar olaraq xx.xx.2023-cü il tarixdə xx.xx.1993-cü il təvəllüdlü Bərdə rayon Qazaxlar kənd sakini Şəxs Bərdə rayon Qazaxlar kəndində yerləşən ünvanına Bərdə RPŞ-nin əməkdaşları getmişlər. Həmin ünvanda olan zaman şəxsə özlərini təqdim edərək materialın icrası ilə əlaqədar olaraq rayon polis şöbəsinə dəvət etmişlər. Şəxs nalayiq ifadələr işlədərək səs-küy salmağa başlamış, polisin qanuni tələblərinə məhəl qoymayaq öz hərəkətlərini davam etdirmiş və qaçmağa cəhd göstərmişdir. Bundan sonra o, saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Buna görə də tərəfindən Şəxs barəsində 02 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O həmçinin hər iki hadisə üzrə videogörüntüləri məhkəməyə təqdim etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə getməli olduğunu bildirdiklərində onlarla mübahisə etmiş, lakin ünvanlarına nalayiq ifadələr işlətməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində iştirak edən X5 bildirdi ki, Bərdə RPŞ-də polis nəfəri işləyir. Həmin tarixdə Bərdə rayon Qazaxlar kəndinə Şəxs yaşadığı ünvana getmişlər. Onlar Şəxs polis bölməsinə dəvət etmişlər, lakin Şəxs tabesizlik göstərərək polisin qanuni tələbinə məhəl qoymamış və nalayiq ifadələr işlətmişdir. Sonra həmin şəxs ərzidən qaçmağa çalışmışdır, polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. İşdə olan 02 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X5 inizbati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X6 inizbati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X4 inizbati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 01 avqust 2023-cü il tarixdə saat 17:31-də inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından, şahidlərin ifadələrindən və məhkəmə baxışı zamanı təqdim olunmuş videogörüntülərdən müəyyən olunur ki, raportun icarsı ilə olaqdədar olaraq Bərdə RPŞ-nin əməkdaşları Şəxs Bərdə rayon Qazaxlar kəndində yerləşən ünvanına getmişlər və hadisə həmin ünvanda baş vermişdir. Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlaməti olsa da İXM-nin 510-cu maddəsinin tərkib əlamətinin olması sübut olunmur. Belə ki, xuliqanlıq inzibati xətasının obyekti - ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Həmin hadisə isə Şəxs yaşayış ünvanında baş vermişdir. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallar və şahid ifadələri ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati tənbeh-həbs tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs 01 avqust 2023-cü il tаrixdən, saat 17:31–də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 01 avqust 2023-cü il tаrixdən, saat 17:31–dən hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddələri ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 01 avqust 2023-cü il tаrixdən, saat 17:31–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1254/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1254/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver