Məhkəmə qərarları › İş №3(021)-1325/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1325/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1325/2022 21.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Mərkəzi Bankı Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs MMC 90002.62 ABŞ Dolları məbləğində olan vəsaiti 01 sentyabr 2020-ci il tarixdə xaricə köçürmüşdür. Ödəniş aparıldığı gündən 2 il keçsə də 90002.62 ABŞ Dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* nömrəli, 12 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs MMC 90002 (doxsan min iki) ABŞ dolları 0.62 sent məbləğində vəsaiti 01 sentyabr 2020-ci il tarixdə xaricə köçürmüş, həmin vaxtdan 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 02 sentyabr 2022-ci il tarixdə hüquqişəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş köçürmə sifarişindən görünür ki, Şəxs MMC 90002.62 ABŞ dolları məbləğində olan vəsaiti 01 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasından ödəniş etməklə köçürmüşdür. İnzibati işin materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 06 sentyabr 2022-ci il tarixli, ZB № 8262 nömrəli məktubundan görünür ki, 01 sentyabr 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən respublikadan kənara mal üçün qabaqcadan avans ödəniş etmiş və köçürmələr üzrə 2 il tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən müştərilərin adları və köçürmələrin bütün təsdiqedici sənədlər Mərkəzi Banka təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron portalından çıxarışın surətindən görünür ki, Şəxs MMC (VÖEN: **********) 01 fevral 2022-ci il tarixdə Cəmiyyət kimi qeydiyyata alınmaqla ünvan 1 ünvanda yerləşir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş və 08 dekabr 2016-cı ildə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndində göstərilir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC ilə Çin Respublikasının AVATAR İNTERNATİONAL TRADE CO LİMİTED şirkəti ilə aralarında 01 avqust 2020-ci il tarixli AVEL010725 nömrəli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən avans vəsait ödənilmişdir. Qarşılıqlı razılıq əsasında mallar AVATAR İNTERNATİONAL TRADE CO LİMİTED şirkətinin tapşırığı ilə SHENZHEN SHENGTONGSHUN İMPORT & EXPORT COMPANY LTD şirkəti tərəfindən göndərilmiş, 21 iyun 2021-ci il tarixli **********7369, 16 iyul 2021-ci il tarixli **********1326, 16 iyul 2021-ci il tarixli **********1334 nömrəli gömrük bəyənnamələri ilə rəsmiyyətə salınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC ilə Çin Respublikasının AVATAR İNTERNATİONAL TRADE CO LİMİTED şirkəti ilə aralarında 01 avqust 2020-ci il tarixli AVEL010725 nömrəli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən avans vəsait ödənilmişdir. Qarşılıqlı razılıq əsasında mallar AVATAR İNTERNATİONAL TRADE CO LİMİTED şirkətinin tapşırığı ilə SHENZHEN SHENGTONGSHUN İMPORT & EXPORT COMPANY LTD şirkəti tərəfindən göndərilmişdir. Bu faktlar 21 iyun 2021-ci il tarixli **********7369, 16 iyul 2021-ci il tarixli **********1326, 16 iyul 2021-ci il tarixli **********1334 nömrəli gömrük bəyənnamələri ilə məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə Şəxs MMC-nin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edilmir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Hüquqi şəxs Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar