Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-137/2025 11.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə ünvan 1 ünvanda qeyiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində uca səslə, nalayiq ifadələr işlətməklə polisin qanuni tələbini pozmuşdur . Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında göstərdi ki, 9 mart 2025-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində telefon vasitəsi ilə danışarkən əsəbi halda, aqresiv şəkildə, uca səslə danışmış, ünvansız nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Bundan əlavə Şəxs dayanma durma qaydalarına əməl etməyərək, qayda pozuntusu etmişdir. Həmin vaxtı ərazidə xidmətdə olan polis kapitanı Tural Mehtiyev ona yaxınlaşaraq, intizama dəvət etmiş, nalayiq ifadələr işlətməməsini demiş, lakin Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmamış, ondan xidməti vəsiqəsini təqdim etməsini istəmiş, hərəkətlərini davam etdirmiş, buna görə də onu izahat vermək üçün polis şöbəsinə dəvət etmiş, lakin həmin şəxs izahat vermək üçün gəlmək istəməmiş, X3 avtomobilinə oturaraq çıxıb getmişdir, daha sonra onun getdiyi avtomobil YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Eyni zamanda hadisə baş verən gün Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçdiyini və narkotik vasitədən istifadə etdiyi müəyyən edildiyindən ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat X6 göstərdi ki, 9 mart 2025-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin Bərdə şəhəri, Bakı küçəsində əsəbi halda, aqresiv şəkildə, uca səslə danışmış, ünvansız nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Ona yaxınlaşmış, özünü təqdim etmiş, səs-küy salan şəxsin Şəxs olduğunu bilmişdir. Şəxs irad bildirərkən xidməti vəsiqəsi olmadığından ona verilmiş arayışı Şəxs göstərmişdir. Onu intizama dəvət etsə də Şəxs aqresiv hərəkətlərini davam etdirmişdir, buna görə də onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmiş, Şəxs isə ona “get işinlə məşğul ol” deyərək, onların yanına gələn dostu Tural Mehtiyevlə birlikdə avtomobilinə əyləşib getmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilini yolda saxlamış və onu X12 gətirmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, 9 mart 2025-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində öz şəxsi avtomobilini yolun kənarında saxlamışdır. Həmin vaxt tanımadığı bir şəxs avtomobili onun avtomobilinin yanında saxlayaraq, ona avtomobilin qapısını açarkən ehtiyyatlı olmasını bildirdikdə, “maşını sürən sənsən, sən ehtiyyatlı ol” deyə cavab vermişdir. Həmin şəxs ona polis əməkdaşı olduğunu bildirsə də mülki geyimdə olduğundan ondan xidməti vəsiqə tələb etmiş, lakin həmin vaxtı polis əməkdaşı onu polis şöbəsinə dəvət etmiş, vəsiqəsini orda təqdim edəcəyini bildirmişdir. Polis şöbəsinə getməkdən imtina edərək polis əməkdaşına xidməti vəsiqəsini təqdim etməyi bildirmiş, sonuncu xidməti vəsiqəsini təqdim etmədiyinə görə ordan avtomobilə minərək uzaqlaşmışdır. X13 Xidməti əməkdaşları tərəfindən saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. Bir neçə gün öncə narkotik vasitə qəbul etdiyini, lakin həmin narkotik vasitənin qanda uzun müddət qaldığını, müayinə nəticəsində aşkar olunduğunu bildirərək hadisə baş verən gün ayıq olduğunu bildirdi. Polis şöbəsinə gətirilərkən həmin əməliyyatçı tərəfindən döyüldüyünü bildirərək baş vermiş hadisə ilə əlaqədar özünü təqsirli bilmədiyini, bundan əlavə onun da şikayətçi olduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünə görə həkim müayinəsindən keçmək istədiyini bildirdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü polis əməkdaşı kimi təqdim etmiş şəxsə ilk başda inanmadığını, sonradan onun polisə ictimai dəstəkdən olan şəxslərdən olduğunu düşündüyünü bildirdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində izahat vermiş X7 izahatında göstərmişdir ki, 9 mart 2025-ci il tarixdə, Bərdə şəhəri, Bakı küçəsində olan zaman dostu Ziyaya məxsus avtomobildə olmuş, avtomobildən düşdükdən sonra Ziyanın avtomobilinin yanında mülki geyimdə tanımadığı şəxsin olduğunu, həmin şəxslə Ziyanın mübahisə etdiyini, yaxınlaşdıqda həmin şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini və Ziyanın onun maşınına oturmağını bildirdi. Ziya həmin şəxsdən xidməti vəsiqəsini tələb etdikdə, həmin şəxs şöbədə ona xidməti vəsiqəsini təqdim edəcəyini və maşına oturmasını bildirdi. Sonra o dostu Ziya ilə maşına əyləşərək həmin ərazidən uzaqlaşmışdır. Yolda olarkən onları yol patrul xidməti əməkdaşları saxlayaraq Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. İnzibati iş materiallarına istinad: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 9 mart 2025-ci il tarixdə Bərdə rayonu, Bakı küçəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 9 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 1930-da inzibati qaydada tutulmuşdur. “İnzibati qaydada tutma haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 1930-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, X4 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(021)-133/2025 nömrəli qərardadı ilə Şəxs barəsində 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmışdır. İş materiallarına şəxsin inzibati qaydada tutulması haqqında protokol əlavə edilməmişdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri İİİ. Hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Maddə 15. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri 1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək. Maddə 23. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri İ. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı: 2) tutulan və ya həbsə alınan şəxsə özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməlidir. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53-cü maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. 89.5. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi yekun qənaət: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq növündə inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş video görüntünün əks etdirildiyi disk, şahid X3 izahatı ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin Şəxs idarə etdiyi maşına yaxınlaşanədək izahatında qeyd etdiyi kimi “Bərdə şəhəri, Bakı küçəsində əsəbi halda, aqresiv şəkildə, uca səslə danışması, ünvansız nalayiq ifadələr işlətməsi, söyüşlər söyməsi” faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hətta şəxsin narkotik sərxoşluğu faktı məhkəməyə təqdim edilmiş digər inzibati xəta haqqında icraat materialları çərçivəsində təsdiqini tapsa belə bu hal Şəxs tərəfindən xırda xuliqanlıq növündə inzibati xətanın törədilməsi qənaətinə gəlməyə imkan vermir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə əsasən hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Buna baxmayaraq polis əməkdaşının xidməti vəsiqəsinin üzərində olmaması ona öz vəzifələrini həyata keçirməyə mane olan hal deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə Şəxs tərəfindən inzibati xətanın törədilməsi üsulunu, eləcə də azadlıq hüququnun 48 saatdan artıq məhdudlaşdırıldığını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 150 (yüz əlli) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-137/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-137/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver