Məhkəmə qərarları › İş №3(021)-1386/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1386/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1386/2023 01.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin vəkili X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 iştirakı ilə, xx xxxxxxxx 1967-ci ildə Bərdə rayonu Kürdborakı kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kürdborakı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2023-cü il tarixdə şəxsi istehlak miqdarında narkotik vasitə hesab edilən marixuana istifadə etmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, İ Qarabağ müharibəsinin iştirakçısı və qazidir. Yaşadığı Bərdə rayonu Kürdborakı kəndində çayxana işlədir. 05 avqust 2023-cü il tarixdə yaşadığı kənddə olarkən polis əməkdaşı gələrək onu polis şöbəsinə dəvət etmişdir. Polis əməkdaşı ilə polis şöbəsinə getmiş, polis şöbəsində polis əməkdaşları ona narkotik vasitədən istifadə etməsi barədə məlumat daxil olduğunu bildirmiş, ondan sonuncu dəfə nə vaxt narkotik vasitə istifadə etdiyini soruşmuşlar. Polis əməkdaşlarına 04 avqust 2023-cü ildə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları onu Mingəçevir şəhərinə apararaq tibbi müayinədən keçirmişlər. Narkotik vasitəni işlətdiyi çayxanada yerdən tapmış və istifadə etmişdir. Əvvəllər narkotik vasitədən istifadə etsə də, son 2-3 ildə demək olar ki, istifadə etmir. Qarabağ müharibəsi veteranıdır, qazidir. Ailəlidir, himayəsində arvadı və dörd nəfər övladı vardır. Söz verir ki, bir daha hər hansı qanun pozuntusu törətməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nə gətirilmiş, narkoloji müayinədən keçirmiş və məlum olmuşdur ki, o narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Bərdə RPŞ-nin təhqiqat bölməsinin 12 avqust 2023cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Bərdə RPŞ Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X3 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İXM-nin 32.1.1-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir.. Şəxs əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərar, inzibati xəta haqqında 31 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, o cümlədən, Qarabağ müharibəsi veteranı və qazi olmasıını, ailəli olmaqla himayəsində arvadının və dörd nəfər övladının olmasını, məsuliyyətini yüngülləşdirən halı, habelə bir daha hər hansı qanun pozuntusu törətməyəcəyinə vəd verməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar