Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1425/2023 19.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayətçi X3 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 12 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarından X3 (bundan sonra şikayətçi və Vüsal Baxşəliyev) verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin 09 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, X9 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu C.Xəndan küçəsi 26 ünvanında qanunsuz olaraq ət kəsimi ilə məşğul olmuşdur. Bununla da, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 289.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin (bundan sonra Agentlik) 12 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarına ilə X9 Azərbaycan Respublikasının İXM-nin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə övündə inzibati tənbeh tətbiq edilmişdir. Vüsal Baxşəliyev məhkəməyə şikayət verərək sözügedən qərarın ləğv edilməsini və barəsində İXM-nin 289.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vüsal Baxşəliyev şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X10 İXM-nin 289.0.1-ci maddəsi ilə 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərar qəbul edilmiş, həmin qərar ilə o, İXM-nin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilən qərar tam qanunsuzdur və özünü qərarda öz əksini tapan həmin maddə ilə təqsirli bilmir. Belə ki, Bakı şəhəri 8-ci mikrorayonda yerləşən ət satışı mağazası onun qardaşına məxsusdur. Özü orada işləmir, ümumiyyətlə həmin ət mağazası ilə heç bir əlaqəsi yoxdur. Özü Bərdə rayonu Qaraqoyunlu kəndində yaşayır. Necə olur ki, orada yaşamadığı halda, yəni Bərdə rayonunda yaşadığı halda barəsində qərar qəbul olunur və heç bir məsələ ilə əlaqəsi olmadığı halda 600 manat məbləğində cərimə edilir. Burdan da görünür ki, X5 tamamilə qanunsuz və əsassız hərəkətləri ilə vətəndaşların hüquqlarını pozur. Qardaşı hər zaman qanuni olaraq ticarət üçün xüsusi ayrılmış yerlərdə, Keşlə qəsəbəsində yerləşən ət kəsim məntəqəsində baytarlıq baxışından keçirilmiş heyvanları kəsdirdikdən sonra satır. Sözügedən ünvanda yerləşən ət mağazasına Azərbaycan Respublikasının X5 tərəfindən baxış keçirilməmişdir. Necə olur ki, baxış keçirilmədiyi halda bu şəkildə X1 Bakı Regional Bölməsi qardaşının baytarlıqdan keçirilməyən, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanları kəsdirməyi qənaətinə gəlmişdir. Ondan əlavə hətta qardaşı X4 barəsində də Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsi ilə qərar qəbul edilmişdir. Qanunvericiliyə əsasən inzibati xəta haqqında protokol üzrə qərar qəbul edilir. Onun isə nə həmin protokoldan, nə də qərardan məlumatı olmamışdır. Sadəcə icraçılar ona və qardaşına zəng etdikdə və onun qanunsuz ət kəsimi ilə bağlı cərimələnməsi barədə icraatlarında iş olduğunu bildirdikdə bu hallar ona məlum olmuşdur. İcra şöbəsinə müraciət etdikdən sonra onun və qardaşının barəsində qəbul edilmiş qanunsuz qərarların surətini əldə edə bilmişdir. Yəni barəsində qərar qəbul etmiş orqan tərəfindən qərar ona təqdim edilməmişdir. Burdan da məlum olur ki, barəsində qəbul edilmiş qərar tamamilə qanunsuzdur. X6 protokol tərtib etməmiş, tərtib etsə belə onun iştirakı təmin olunmamış, Bərdə rayonunda yaşadığı halda onun qardaşına aid ət mağazası ilə necə bir əlaqəsinin olduğunu əsaslandırmamış, inzibati xətanın nədən ibarət olduğunu ətraflı qeyd etməmiş, bu maddəni nə üçün tətbiq etdiyini əsaslandırmamış, onun bütün hüquqlarını kobul şəkildə pozmuşdur. Bir vətəndaş kimi onun barəsində tərtib olunmuş protokol haqqında məlumatının olması, bunun səbəblərini soruşmaq kimi haqları vardır. Sözügedən qərarda qeyd olunmuşdur ki, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana və ya məhkəməyə verilə bilər. Bunu qərarı qəbul edən orqan formal olaraq qeyd etsə də, onun hüquqlarını pozmuşdur. Həmin qərarın surətini xx.xx.2023-cü il tarixində əldə etmiş, X6 tərəfindən ünvanına heç bir sənəd göndərilməmişdir. Belə çıxır ki, Agentliyin əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 12 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qərarda İXM-nin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyi qeyd olunsa da, maddədə qeyd olunan halların nədən ibarət olduğu, hansı şəraitdə necə aşkar olunması, nə zaman baxış keçirilməsi, törətdiyi xətanın nədən ibarət olduğu və hansı normativ tələbi pozduğu qeyd olunmamışdır. Məhkəmə iclasında Vüsal Baxşəliyev şikayətdə göstərdiklərini bir daha təsdiq edərək Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X12 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 289.0.1-ci maddəsi ilə qəbul edilmiş 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və barəsində İXM-nin 289.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası X1 nümayəndəsi X7 göstərdi ki, 09 iyul 2023-cü il tarixdə Agentliyin Bakı Regional Bölməsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının iştirakları ilə reyd keçirilərkən X8 rayonu C.Xəndan küçəsi 26 ünvanında qanunsuz olaraq ət kəsimi ilə məşğul olması faktı müəyyən edilmiş və polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Reyd keçirilərkən videoçəkilişdən istifadə edilsə də, həmin çəkilişi əldə edə bilməmişdir. Qeyd olunan protokol qərar qəbul edilməsi üçün Agentliyin Bakı Regional Bölməsinə göndərilmiş və 12 oktyabr 2022-ci ildə Vüsal Baxşəliyev İXM-nin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərar qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, ünvan 1 ünvanında yerləşən mağaza ona məxsusdur və mağazada ət satışı ilə məşğul olur. Adətən əti ərazidə yaradılmış ət kəsimi məntəqəsində həyata keçirir. Qardaşı Vüsal ona məxsus mağazada işləməmişdir. 09 iyul 2022-ci ildə Qurban bayramı olduğundan bütün ət mağazalarına heyvanları özlərinə məxsus mağazada kəsmələrinə icazə verilməsi bildirilmişdir. Bu səbəbdən də 09 iyul 2022-ci ildə ət kəsimini özünə məxsus mağazada həyata keçirmişdir. Həmin gün qardaşı Vüsal Baxşəliyevdə ona kömək etmək üçün mağazada olmuş, lakin Vüsal ət kəsimi ilə məşğul olmamışdır. 09 iyul 2022-ci ildə ona məxsus mağazaya Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşı gəlmiş və barəsində protokol tərtib edəcəyini deyərək çıxıb getmişdir. Onun mağazasına başqa heç kim gəlməmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Agentliyin 0inzibati xəta haqqında iş üzrə 12 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, X3 İXM-nin 289.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin 09 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoluna əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1987-ci ildə Bərdə rayonu Qaraqoyunlu kəndində anadan olmuşdur, Bərdə rayonu Qaraqoyunlu kəndində qeydiyyatdadır. 09 iyul 2022-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu C.Xəndan küçəsi 26 ünvanında qanunsuz olaraq ət kəsimi ilə məşğul olmuşdur. Buna görə də X3 barəsində İXM-nin 289.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İnzibati təhbeh vermə haqqında” 12 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İXM-nin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında müəyyən edildi ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol, Agentliyin Bakı Regional Bölməsi tərəfindən isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Vüsal Baxşəliyevin qanunsuz ət kəsimi ilə məşğul olması halları yetərincə araşdırılmadan və həmin halı təsdiq edən sübutlar toplanılmadan 09 iyul 2022-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol və həmin protokol əsasında İXM-nin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 600 manat cərimə növündə inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Vüsal Baxşəliyev məhkəmə iclasında ünvan 1 ünvanında yerləşən mağazanın qardaşı Vüqar Baxşəliyevə məxsus olduğunu, həmin mağazada işləmədiyini, ümumiyyətlə Bakı şəhərində yaşamadığını, heç vaxt ət kəsimi ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Baxşəliyevin qardaşı Vüqar Baxşəliyev də ünvan 1 ünvanında yerləşən mağazanın ona məxsus olduğunu, qardaşı Vüsal Baxşəliyevin həmin mağazada heç vaxt işləmədiyini, xx.xx.2022-ci il tarixdə polis əməkdaşı işlədiyi mağazaya gələrək barəsində inzibati protokol tərtib edəcəyini bildirdiyini, həmin vaxt qardaşı Vüsalın mağazada olsa da, ət kəsimi ilə məşğul olmadığını bildirmişdir. Məhkəmənin qənaətinə görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşı tərəfindən Vüsal Baxşəliyevin barəsində 09 iyul 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, istinad olunan inzibati xətanın törədilməsində şəxsin təqsirli olmasına dair sübutlar yetərincə toplanmamış, bu barədə müvafiq sübutlar olmadan Agentliyin Bakı Regional Bölməsi tərəfindən Vüsal Baxşəliyevin barəsində hazırda mübahisələndirilən “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İXM-nin: 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-inin 289.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə X1 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 12 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə başlanılmış inzibai xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə olan inzibai xəta materialı üzrə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 12 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə başlanılmış inzibai xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1425/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1425/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver